Cud Bellingem DÇ-2026-da iştirakla yeni rekorda imza atdı
Futbol üzrə İngiltərə milli komandasının və Madrid “Real”ının hücumameyilli yarımmüdafiəçisi Cud Bellingem Avropa futbolunda yeni rekorda imza atıb.
Arena.az xəbər verir ki, o, buna DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Xorvatiyaya qarşı keçirdikləri oyunda (4:2) nail olub.
Belə ki, Bellingem dörd müxtəlif böyük beynəlxalq turnirdə iştirak edən ən gənc avropalı futbolçu adını qazanıb. Xorvatiya ilə matç zamanı o, 22 yaşı 353 günlüyündə olub.
Əvvəlki rekord isə Lukas Podolskiyə məxsus idi. O, dördüncü böyük beynəlxalq turnirində 23 yaş 4 günlük olarkən iştirak etmişdi.
Xatırladaq ki, Cud Bellingem 2023-cü ilin iyunundan “Real”da çıxış edir. O, Madrid klubuna 103 milyon avro məbləğ müqabilində Dormund “Borussiya”sından keçib. Hücumameyilli yarımmüdafiəçi İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.
Bellingem geridə qalmış mövsümdə meydana çıxdığı 40 oyunda 8 qol vurub, 5 məhsuldar ötürmə verib. İngilis yarımmüdafiəçinin “Real”ın heyətində çıxışının ümumi mənzərəsi 140 oyun, 46 qol və 33 məhsuldar ötürmədən ibarətdir.
Bellingem “Real”la İspaniya Super Kubokunun (2024), İspaniya La Liqasının (2023/2024), UEFA Çempionlar Liqasının (2023/2024), UEFA Super Kubokunun (2024), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.
Cud Bellingem 2020-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 49 oyun keçirib, 7 qol vurub və 10 məhsuldar ötürmə verib.
“Transfermarkt” 22 yaşlı yarımmüdafiəçisinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.



