“Cüdo bir döyüş növündən daha artıqdır”
Fransız sözü olan “klişe” qəlibləşmiş sözləri və ya düşüncələri ifadə edir. Milli düşüncəmizin bir küncündə klişeyə çevrilmiş, lakin həqiqəti ifadə edən fikir var – əziyyət çəkən həmişə bəhrəsini görür.
Son dövrlər federasiyalarımızın fəaliyyətinə nəzər saldıqda cüdo sahəsində görülən işləri yüksək qiymətləndirməmək mümkün deyil. Bu idman növünün gənclər arasında bir nömrəyə çevrildiyini də demək olar.
Yaxın günlərdə Avropa çempionatı öncəsi Cüdo Federasiyası millinin mətbuata açıq məşqini təşkil etdi. Gördüyümüz mənzərə, şərait və şəffaflıq idmançılarımızın nə üçün uğurlu olduqlarının əsas cavabı oldu. Sevindirici haldır ki, oğlanlar qədər qızlar da cüdonun populyarlığına ayaq uydura bilirlər. Cüdo dünyada olduğu kimi, ölkəmizdə də trendə çevrilib və gənclər də həmişə bu cür tendensiyalara meyl göstərirlər.
Mövzu ilə bağlı Azərbaycan Cüdo Federasiyasının Marketinq şöbəsinin rəhbəri Ülkər Abbasovayla danışdıq:
“Cüdonun bu qədər populyarlaşması təsadüfi deyil. Bu, federasiyanın uzunmüddətli, sistemli və məqsədyönlü brendinq və kommunikasiya strategiyasının nəticəsidir. Biz cüdonu sadəcə idman növü kimi deyil, dəyərlər üzərində qurulan inkişaf mühiti kimi təqdim edirik. Strategiyamız gənclərin dilində danışmaq, onların aktiv olduğu platformalarda düzgün məzmunla iştirak etmək və cüdonun insana verdiyi real faydaları göstərmək üzərində qurulub. Bu marağın formalaşmasında idman uğurlarının da böyük rolu var. Xüsusilə 2024-cü il Paris Olimpiya Oyunlarında qazanılan iki qızıl medal cüdonun ölkəmizdə nə qədər güclü və perspektivli idman növü olduğunu bir daha nümayiş etdirdi. Bu gün gördüyümüz maraq onu göstərir ki, seçdiyimiz yanaşma işləyir və cüdo gənclər üçün getdikcə daha cəlbedici və düzgün seçimə çevrilir.
Cüdo bizim üçün sadəcə döyüş texnikası deyil. Bu, hörmət, özgüvən, intizam və insanın özünü daha yaxşı kəşf etməsi üçün bir mexanizmdir. “Özünü kəşf et” sloqanımız da məhz bu yanaşmanı ifadə edir. Cüdo uşaqlara həyat bacarıqları qazandırır. Hansı peşəni seçmələrindən asılı olmayaraq, cüdoda formalaşan keyfiyyətlər — nizam-intizam, özünəinam, düzgün qərarvermə, məsuliyyət və dözümlülük — onların gələcəkdə seçəcəyi istənilən yolda üstünlük verir. Məhz buna görə biz cüdonu bir döyüş növündən daha artıq hesab edirik”.
Federasiyanın ölkədə bu marağı yaratmaq yolunda gördüyü işlər illəri əhatə edir. Əsas məsələ əldəki vəsaitin düzgün istiqamətlərə xərclənməsidir. Ötən il Cüdo Federasiyasının başlatdığı “doğru yol budur” hərəkatını xüsusilə vurğulamaq lazımdır. Kampaniya çərçivəsində hazırlanmış klip qısa müddətdə ölkəyə səs salmağı bacardı. Yenə gənclər arasında populyar olan sima Orxan Zeynallının layihəyə cəlb edilməsi effektini göstərdi. “Bir də gəlsəm” trekinin hazırda 2 milyondan artıq baxışı var.
Gənclərin zərərli vərdişlərdən yayınması üçün ən yaxşı üsullardan biri də məhz idmandır. Daha bir klişe, amma həqiqət… Federasiyanın mesajı o qədər effektiv oldu ki, qısa müddətdə cüdoya yönələn, marağı artan yeniyetmələrin sayı daha da artdı. Reklam, təbliğat, propaqanda, nə ad verirsinizsə verin, “Bir də gəlsəm” bunların hamısına ölkə səviyyəsində ən yaxşı misallardan biridir.
“Son illərdə bir neçə sosial layihələr keçirmişik. Bunlar doğru mesajın doğru auditoriyaya çatdırılması idi. Bunu gözəl bacardıq. Zeynallı ilə əməkdaşlıq gənclərlə emosional bağ qurmağa, cüdonu onların dilində izah etməyə kömək etdi. Bu, həm də gəncləri zərərli vərdişlərdən uzaq tutmağa hesablanmış bir layihə idi. Bunun faydasını gördük. Layihə nəticəsində 700-dən çox uşaq, gənc, yeniyetmə cüdoya yazıldı”.
![]()
Cüdo tək kişilər arasında deyil, son dönəmlərdə qadınlar arasında da geniş müraciət olunan idman sahələrindən birinə çevrilib. Beynəlxalq arenada qadın idmançıların qazandığı nəticələr bu prosesi daha sürətləndirən amillərdəndir. Abbasova qızların cüdoya marağının artmasına toxundu:
“Qızların idmanla məşğul olması ilə bağlı cəmiyyətimizdə stereotiplər var. Lakin son aylarda müsbət dinamika müşahidə olunur. Valideynlər cüdo ilə bağlı müraciətlər edir. Onlar da qızlarının özünəinamlarını artırmaq, özlərini müdafiəetmə bacarıqlarının olmasını istəyir. Qadın idmançıların uğurları, valideynlərin rəyləri, sosial mediada görülən işlər, layihələr qızlarla bağlı mesajlarımızı çatdırmağa kömək edir. Valideynlərin də yanaşması artıq dəyişir. Düşünürəm ki, getdikcə qızların da cüdoya marağı artacaq”.
Abbasova rəhbəri olduğu Marketinq şöbəsinin cüdonun təbliği ilə bağlı gördüyü işlərdən söz açdı:
“Ən vacibi insanların gözləntilərini düzgün anlamaq və qarşılamaqdır. Böyük büdcə imkanları genişləndirir, amma nəticəni təkbaşına təmin etmir. Əgər mesaj auditoriyanın gözləntilərinə uyğun deyilsə, maliyyə belə effekt vermir.
Bizim yanaşmamız ondan ibarətdir ki, əvvəl insanları dinləyirik, nə istədiklərini anlayırıq və buna uyğun doğru mesaj və güclü bağ qururuq. Daha sonra büdcə bu ideyanın maksimum effektiv çatdırılması üçün istifadə olunur. Yəni nəticə gətirən balansdır, amma başlanğıc nöqtəsi həmişə auditoriyanı düzgün anlamaqdır. Bu proses marketinq və kommunikasiya komandası tərəfindən koordinasiya olunur.
Biz idmançıların sosial media fəaliyyətinə tam nəzarət etmirik, amma onlara strateji istiqamət veririk və lazımi dəstək göstəririk. Mütəmadi olaraq sosial media istifadəsi ilə bağlı təlimlər keçiririk və onları daha aktiv olmağa təşviq edirik. Bu yanaşma həm idmançılar üçün əlavə imkanlar yaradır, həm də ümumi olaraq cüdonun imicini daha da gücləndirir”.
Şahin Cəfərov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.
![]()