Stiv Klark DÇ-2026-dakı uğursuz çıxışa görə istefa verdi
Futbol üzrə Şotlandiya milli komandasının baş məşqçisi Stiv Klark DÇ-2026-dakı uğursuz çıxışdan sonra vəzifəsindən istefa verib.
Arena.az xəbər verir ki, bu barədə Şotlandiya Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
62 yaşlı mütəxəssisin istefası komandanın DÇ-2026-da uğursuz çıxışından sonra baş tutub. Şotlandiya yığması C qrupunda keçirdiyi üç oyundan yalnız birində qələbə qazanıb. Komanda Mərakeşə 0:1, Braziliyaya isə 0:3 hesabı ilə məğlub olub, Haiti üzərində isə minimal hesablı (1:0) qələbə əldə edib.
Şotlandiya qrup mərhələsini 3 xalla üçüncü pillədə başa vursa da, Xorvatiyanın Qananı 2:1 hesabı ilə məğlub etməsindən sonra ən yaxşı üçüncü yerləri tutan komandalar sırasına düşmək şansını itirib və bununla da mundialla vidalaşıb.
Qeyd edək ki, Stiv Klark 2019-cu ildən Şotlandiya millisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda 28 ildən sonra ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanmışdı. Stiv Klarkın rəhbərliyi altında 81 oyun keçirmiş Şotlandiya yığması bu görüşlərdə 38 qələbə qazanıb, 14 heç-heçə edib, 29 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, mundial zamanı istefaya göndərilən məşqçilər arasında Tunis millisinin sabiq baş məşqçisi Sabri Lamuşi də var. O, komandasının ilk turda İsveçə 1:5 hesablı məğlubiyyətindən sonra vəzifəsindən uzaqlaşdırılmışdı.