İngiltərə klubları 90 milyonluq mübarizəyə hazırlaşır
”Aston Villa”nın gənc ulduzu Morqan Rocers yay transfer pəncərəsinin ən çox axtarılan simasına çevrilmək üzrədir.
Futbolpress.az xəbər verir ki, İngiltərənin üç nəhəng klubu futbolçu üçün “hərraca” hazırlaşır.
”The Times” nəşrinin yaydığı məlumata görə, “Mançester Yunayted”, “Arsenal” və “Çelsi” 21 yaşlı vingeri heyətinə qatmaq üçün rəsmi addımlar atmağa başlayıb. Mövsüm boyu göstərdiyi performansla diqqətləri üzərinə çəkən Rocers üçün klublar arasında ciddi mübarizə gözlənilir.
Birmingem təmsilçisi gənc istedadını asanlıqla buraxmaq niyyətində deyil. Klub Rocersin transfer qiymətini 90 milyon avrodan yuxarı müəyyənləşdirib. Lakin xəbərdə qeyd olunur ki, “Aston Villa” maliyyə təzyiqlərini azaltmaq üçün bu təklifləri ciddi dəyərləndirmək məcburiyyətində qala bilər.
Əgər bu transfer baş tutarsa, ulduz futbolçu Premyer Liqa daxilində yay pəncərəsinin ən baha qiymətli keçidlərindən birinə imza atacaq.