Normal view

Today — 19 December 2025Main stream

“Azərbaycanda futbolçu kimi daha gücləndim” (MÜSAHİBƏ)

19 December 2025 at 12:22

Azərbaycanın U-21 millisinin sabiq futbolçusu Murad Vəliyev Estoniyanın “Trans Narva” klubuna keçib.

Futbolpress.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi keçidi ilə bağlı Narva təmsilçisinin saytına müsahibə verib:

– Estoniyanın aşağı yaş qruplarında, daha sonra isə Azərbaycanın U-21 yığmasında oynamısan. Əsas milli komandalar səviyyəsində dəvət olsa, hansı variant üstün olar?
– Açığı, əvvəl daha çox Azərbaycan millisi haqda düşünürdüm. İndi isə bu haqda çox fikirləşməməyə başlamışam. Konkret maraq və danışıq olarsa, onda vəziyyətə uyğun qərar verəcəm.

– Ötən mövsüm “Şamaxı”da oynadın. Azərbaycan və Estoniya çempionatlarını necə müqayisə edərdin?
– Azərbaycan çempionatı çox güclüdür. Legioner limiti ləğv edilib və bu, liqanın səviyyəsinə ciddi təsir edir. Klublar indi daha güclü futbolçular dəvət edə bilirlər. Üstəlik, “Qarabağ” kimi Avropa səviyyəli komanda var. Onların hesabına liqanın səviyyəsi artır, digər komandalar da buna uyğunlaşmağa çalışır.

– Limitin ləğvi daha çox klubun Avropada oynamasına hesablanıb?
– Məncə, hə. Bu da səbəblərdəndir.

– Ötən mövsüm sənin üçün necə keçdi?
– Kubok oyunları da daxil olmaqla 15 oyuna çıxdım. İlk vaxtlar az şans qazanırdım, lakin mövsümün sonlarına yaxın daha çox oynamağa başladım. təəssüratlarım yaxşıdır. Azərbaycanda futbolçu kimi daha gücləndim və təcrübə qazandım.

– Bəs nə üçün orda qalmadın?
– Bir neçə səbəb var idi. Sonda qərara gəldik ki, yeni variant tapaq və irəli addım atım.

– Estoniya variantını dərhal nəzərdən keçirdin?
– Tam yox. Təkliflərə açıq idim və müxtəlif variantlara baxırdım. Sonra “Trans Narva”dan təklif oldu, danışdıq və ideyaları xoşuma gəldi. Düşündüm ki, karyeram üçün yaxşı addımdır. Estoniyada doğulduğum üçün də legioner sayılmıram və kifayət qədər oyun şansı qazana bilərəm.

– Klubsuz olanda nə işlə məşğul idin?
– Fərdi məşqlər edir, formamı qorumağa çalışırdım.

Şahin Cəfərov

Vəliev yenidən Estoniyada

19 December 2025 at 12:00

Son klubu “Şamaxı” olan Murad Vəliyev karyerasını Estoniyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “Trans Narva” klubu ilə anlaşıb. Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Vəliyev daha əvvəl Estoniyada “Kalev”, “Levadiya”, “Nimme Yunayted”də çıxış edib. O, liqada 88 oyunda 5 qol vurub.

Murad ötən mövsüm “Şamaxı”da forma geyinib.

❌
❌