Normal view

Today — 23 March 2026Main stream

“Elə etmək lazımdır ki, nə futbolçu itsin, nə məşqçi”

23 March 2026 at 14:00

“Neftçi”nin əvəzedici komandası liqada birinci sıradadır. “Ağ-qaralar” ikinci pillədəki “Sabah-2” ilə eyni xala sahibdir – 44 xal.

“Ağ-qaralar”ın baş məşqçisi Rəşad Abdullayevlə çempionat və digər məsələlər haqda söhbətləşdik. Mütəxəssis əvvəlcə Əvəzedicilər Liqasındakı rəqabətə toxundu:

“Əvəzedicilər Liqasında “üçlük”də ciddi mübarizə var. Bizdə hər il heyət dəyişir. Bu il oyuçu keyfiyyətində bir az fərq var. Məqsədimiz oyunçu yetişdirmək, komandada qələbə ruhunu saxlamaqdır. Çalışacağıq ki, mövsümü “üçlük”də bitirək. Həqiqiətən, bu il liqada rəqabət artıb. Demək olar, 4-5 komanda yuxarı sıralar uğrunda mübarizə aparır. Çalışırıq ki, ilk pillədə qalaq. Amma reallıq var. Hər şeyi nəzərə almalıyıq. Hər bir halda, “üçlük”də qalmağa çalışacağıq”.

Abdullayev zirvəyə şərik olan “Sabah”ın ikinciləri haqda danışdı:

“Sabah”ın heyətində legionerlər var. Ehtiyat oyunçular skamyası genişdir. Məşqçinin silahı əvəzetmələrdir. Onların təcrübəli oyunçuları var. Məsələn, məşqçi bir hissəni bir, digər hissəni isə ikinci heyətlə oynaya bilir. Təcrübəli futbolçuların da qoşulmasıya güc nisbəti dəyişir. Biz də əlimizdə olanlarla işləməyə çalışırıq. Gənc, potensiallı heyətimiz var. Son oyunlarda əzmkar qələbələr qazanırıq. Komandamız bunun hesabına birinci sıraya yüksəlib”.

Yeni mövsümdən Əvəzedicilər Liqasının ləğv olunması gündəmdədir. Bəzi klublar bunun lehinə, bəziləri isə əleyhinədir. Uzun müddət əvəzedici komandada işləyən Abdullayev liqanın qalmasından yanadır:

“Bu mövzu hər il gedir. Əvəzedicilər Liqasının yaşaması yaxşıdır. İkinci heyət vacibdir. “Neftçi” hər zaman əvəzedicilərin yarışlarının olmasının tərəfdarıdır. Liqa ləğv olunsa, futbolçuları, məşqçiləri itirə bilərik. Ona görə yaxşı fikirləşmək lazımdır. Elə etmək lazımdır ki, nə futbolçu itsin, nə məşqçi”.

Mütəxəssis liqanın faydalarından da danışdı:

“Bizdən əsas komandaya gedən futbolçular çoxdur. Eyni zamanda digər Premyer Liqa klublarından təkliflər alan oyunçularımız var. Ağadadaş, Rza, Murad son illərdə üzə çıxan yerli oyunçularımızdır. Hələ başqa klublarda nə qədər futbolçumuz var. Çalışmalıyıq ki, gəncləri Azərbaycan futboluna qazandıraq. Bu liqalar futbolçular üçün tramplin rolunu oynayır. Bunu ləğv etsələr belə, bu səviyyəyə uyğun nəsə yaradılmalıdır. Çünki bu komandalar gənclərin əsas komandaya yüksəlməsində müstəsna rol oynayır”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

 

❌
❌