Erik Qarsiya karyerasını “Barselona”da bitirməyi arzulayır
Futbol üzrə İspaniya millisinin və “Barselona”nın 24 yaşlı mərkəz müdafiəçisi Erik Qarsiya “blauqrana” ilə bağlı arzusunu dilə gətirib.
Arena.az ispan futbolçunun müvafiq açıqlamasını tədim edir:
“Uşaqlıqdan arzu etdiyim xəyalla yaşayıram – “Barsa”da uğura müvəffəq olmaq və çoxlu qənimət qazanmaq. Cari iddiam – burada bütün ömrümü keçirməyimdir”, deyə Qarsiya vurğulayıb.
Erik “Barselona”nın kapitanı olmaq istəyindən də söhbət açıb:
“Kapitanlıq mənim üçün məqsəd deyil – bu, təbii surətdə gələ bilər. Həmişə komanda yoldaşlarıma kömək etmək xoşuma gəlib”, deyə Qarsiya vurğulayıb.
Xatırladaq ki, Erik Qarsiya “Barselona”nın öz yetirməsidir. 2017-2021-ci illər aralığında İngiltərədə “Mançester Siti”nin formasını geyinmiş ispan mərkəz müdafiəçisi 2021-ci ilin iyulunda azad agent kimi yenidən Kataloniya klubuna qayıdıb. O, bir mövsüm icarə əsasında İspaniyanın digər klubu “Jirona”da da çıxış edib. Müdafiəçi bu komandanın heyətində 31 oyuna çıxıb, 5 qol vurub.
Qarsiyanın “Barselona” karyerası bütövlükdə 137 oyun, 7 qol və 6 məhsuldar ötürmədən ibarətdir. Onun Kataloniya klubu ilə 2030-cu ilin 30 iyununadək müqaviləsi var.
İspaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Erik, 2020-ci ilin sentyabr ayında əsas millidə debüt edib. O, İspaniya yığmasının heyətində 19 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Transfermarkt” internet-portalı 24 yaşlı müdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.