“Los Anceles Qalaksi”nin almaniyalı hücumameyilli yarımmüdafiəçisi Marko Roys ABŞ klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, 36 yaşlı futbolçu ilə imzalanmış yeni sözləşmənin müddəti 2027-ci ilin dekabrına qədər nəzərdə tutulub.
2024-cü ilin avqustunda bu komandaya qoşulmuş Roys keçirdiyi 42 matçda 22 qolda pay sahibi olub (qol+ötürmə) və klubun sözügedən ildə MLS Kubokunu qazanmasında əsas rol oynayıb. Cari mövsümün ilk 3 oyunundan ikisində meydana kapitan kimi çıxan təcrübəli oyunçu komandasının 2026-cı ildə ilk qolunun ötürməsini edib.
Marko Roys futbola “PTSV Dortmund”da qədəm qoyub, ardınca “Borussiya”nın (Dortmund) futbol akademiyasında yetişib, daha sonra isə “Rot-Vayss”ın heyətində böyük futbolda debüt edib. 2009-cu ildə Roys Mönhenqladbax “Borussiya”sına keçib və oyun səviyyəsini tərəqqi etdirərək, 2012-ci ilin iyulunda 17,1 milyon avro qarşılığında Dortmund “Borussiya”sına gəlib. Məhz Dortmund “Borussiya”sında Roys futbol aləminə məlum özünün futbolçu simasını formalaşdırıb, oyunu və xasiyyəti ilə komandanın liderinə çevrilib, kapitan sarğısını daşıyıb. Yarımmüdafiəçi 2023/2024 mövsümünün sonunda Dortmund klubunu azad agent kimi tərk edərək “Los Anceles Qalaksi”yə keçmişdi.
Roys “Borussiya” ilə Almaniya Kubokunun ikiqat, Almaniya Super Kubokunun üçqat qalibidir. O, həmçinin 3 dəfə Bundesliqanın ən yaxşı oyunçusu seçilib və 2 dəfə Almaniyada ilin oyunçusu olub.
Marko 2011-ci ilin oktyabrında debüt etdiyi Almaniya yığmasında 48 oyuna çıxıb, 15 qol vurub, 14 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 36 yaşlı hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 1,8 milyon avro məbləğində qiymətləndirir.