“Ümid edirəm ki, “Xəzər Lənkəran”ı yenidən Premyer Liqada görərik”
“Lənkəran” klubu Region Liqasında mübarizə aparır. Ev oyunlarını “Xəzər Lənkəran” Mərkəzi stadionunda keçirən komanda dünən “Viləş“lə IX tur matçında üz-üzə gəlib. Görüş qolsuz başa çatıb.
Vaxtilə “Xəzər Lənkəran”da çıxış etmiş futbolçulardan Rahid Əmirquliyev, Zaur Ramazanov, Emin Quliyev, Ədahim Niftəliyev, Alim Qurbanov, Mahmud Qurbanov, Arif Əsədov, komandanın keçmiş köməkçi-məşqçisi Tərlan Əhmədov, eləcə də Nadir Şükürov və Əli Abışov görüşü tribunadan izləyənlər arasında olub. Görüş AFFA-nın dəstəyi və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşib.
Səfərdə iştirak edən Rahid Əmirquliyev “Futbolpress.az“a açıqlamasında təəssüratlarını bölüşdü:
“Viləş“lə oyuna dəvət almışdıq, sağ olsunlar. Bizi sayıb, seçiblər. Uzun müddət sonra həmin arenaya, şəhərə qayıtmaq, azarkeşlərlə görüşmək xüsusi hissdir. İstərdim ki, “Lənkəran”ın oyunlarına tez-tez gedim. Bu matçın Region Liqası yox, Premyer Liqa çərçivəsində olmağını istərdim. Təəssüf ki, hələlik Region Liqasında oynayırlar. Ümid edirəm ki, tezliklə “Xəzər Lənkəran”ı elitada görərik. Ordakı azarkeşlər buna layiqdirlər. Lənkəranda futbolu sevirlər. Düşünürəm ki, “Xəzər Lənkəran” Premyer Liqaya qayıtmalıdır. Bölgələrdə futbola maraq başqa cürdür”.
2006-2016-ci illərdə “Xəzər Lənkəran”ın formasını geyinmiş Əmirquliyev yenidən klubun Premyer Liqada oynayacağına ümid etdiyini bildirdi:
“Mənə çox xoş oldu. Yenidən o arenada olmaq fərqli duyğular yaradır. Klub Region Liqasında olsa da, böyük azarkeş dəstəyinə sahibdir. Həqiqətən, çox xoş təəssüratlar idi. İnşallah, ümid edirəm ki, “Xəzər Lənkəran”ı yenidən Premyer Liqada görərik”.
Keçmiş kapitan sonra azarkeşlərə təşəkkürünü bildirdi:
“Fanatlara çox sağ ol deyirəm. Bizi çox yaxşı qarşıladılar. Çalışacam ki, bundan sonra da gedib oyunları izləyim, “Xəzər Lənkəran”ı dəstəkləyim”.
Şahin Cəfərov