Normal view

Today — 27 April 2026Main stream

Qızlar futbolda: “İnkişaf gözlə görünəcək qədərdir”

27 April 2026 at 17:15

Azərbaycanda qadın futbolu hələ istənilən səviyyədə deyil. Əsas milli komanda dünya çempionatının seçmə mərhələsində uğurlu çıxış etsə də, heyətdə yer alan oyunçuların əksəriyyəti milliləşdirilənlərdir. Aşağı yaş qruplarında isə vəziyyət ürəkaçan deyil – U-17, U-19 komandaları beynəlxalq arenada böyükhesablı məğlubiyyətlərlə yadda qalır.

Azərbaycanda qadın futbolunun mövcud durumu ilə bağlı “Sabah”ın komandasının çalışdırıcısı Mehdi İbrahimovla danışdıq:

“AFFA-nın Qadın Futbol Departamentinə yeni rəhbər təyin edilib – Zümrüd Ağayeva. Bundan sonra çempionatda komanda sayı artırılıb: əvvəllər 6 klub idisə, hazırda 12 kollektiv yarışır. Lakin kəmiyyət artsa da, keyfiyyət artmır. Bu da müəyyən mənada təbiidir – belə proseslər tək qadın futbolunda deyil, kişilər futbolunda da müşahidə olunur və zaman tələb edir.

Azərbaycanda qadın futbolçuların sayı çox deyil, seçim imkanları məhduddur və bu da  keyfiyyətli oyunçu yetişdirməyi çətinləşdirir. Liqanın qalibi Çempionlar Liqasına vəsiqə qazanır və buna görə həm oyunçu, həm də klub sayını artırmağa məcburuq. Beş-altı komandalı çempionatın qalibi beynəlxalq arenaya çıxanda nəticələr də ürəkaçan olmur. Məhz buna görə yeni rəhbərlik qadın futboluna diqqəti artırıb. Daha çox turnir təşkil olunur, liqalarda komanda sayı artırılır. Proses artıq başlayıb və bunun bəhrəsi də yaxın vaxtlarda görünəcək”.

Mütəxəssis bu sahənin inkişafda olduğunu bildirdi:

“İnkişaf gözlə görünəcək səviyyədədir. Liqaların sayı artıb, məktəblərdə futbol layihələri həyata keçirilir, turnirlər təşkil olunur. Eyni zamanda, peşəkar klubların da sayı artır. “Sabah” artıq Yüksək Liqaya komanda çıxarır və çempionatın ən gənc komandasıdır. Növbəti mövsümdən “İmişli”, “Zirə” kimi kollektivlərin də yarışa qatılması gözlənilir. Keyfiyyət hələ arzulanan səviyyədə olmasa da, bu istiqamətdə işlər görülməkdədir”.

İbrahimov qızların futbola marağına da toxundu:

“Bu sahədə də irəliləyiş var. Əvvəllər məktəblərdən seçim aparılırdısa, indi qızlar özləri bu sahəyə yönəlirlər. Keyfiyyətli futbolçuların sayı da artmaqdadır. Ümumilikdə, qızların futbola gəlişi bəlkə də  5-6 dəfə çoxalıb.

Kişilərdə olduğu kimi qızlarda da futbol bədəni formaya salır. Bəzən valideynlər bundan narahat olur – məsələn, “qızım futbol oynasa, kişi kimi olar” deyə düşünürlər. Amma biz onlara qızlarımızı göstəririk ki, bu belə deyil. Valideynlərin ən çox çəkindiyi məsələ məhz budur. Güləş, boks, cüdo ilə məşğul olan qızların fiziki durumu daha çox qabardılmalıdır, nəinki futbolla”.

Mütəxəssis aşağı yaş qrupları üzrə milli komandaların böyükhesablı məğlubiyyətlərindən də söz açdı. O, qadın futbolunun inkişaf mərhələsində olduğunu qeyd etdi və bu sahədə sistemli işlərin görüldüyünü bildirdi:

“Keyfiyyət artmaqdadır. U-19 yığmasının məğlubiyyətləri gündəm olsa da, nəzərə almaq lazımdır ki, bu komandanın formalaşdırılması uzun və çətin proses olub. Yeni departament rəhbərliyi qadın futboluna xüsusi diqqət yetirir. Oyunçuların, liqaların, komandaların sayının artması buna nümunədir. Əsas milli komandanın uğurlarını da misal göstərmək olar. Yığma dünya çempionatının seçmə mərhələsində 4 oyunda 3 qələbə qazanıb, FIFA reytinqində irəliləyib. Bunlar uzunmüddətli işin nəticəsidir. 10-12 il əvvəl Siyasət Əsgərov komandanı yığmağa başladı və bu gün görülən işlərin bəhrəsi artıq nəzərə çarpır. Ancaq həmin oyunçuların yaşları artır, bəziləri isə karyeralarını baça vurmaq üzrədir. Buna görə də hazırda yetişdirilən gənc qızlar gələcəkdə millinin əsas heyətini formalaşdıracaq”.  

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

❌
❌