Normal view

Yesterday — 12 July 2026Sport-AZ

DÇ-2026: Yarımfinal cütləri bəlli oldu

12 July 2026 at 12:00

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının (DÇ-2026) yarımfinal mərhələsinin cütləri müəyyənləşib.

Arena.az xəbər verir ki, bu raundda üz-üzə gələcək bütün komandaların adlarına 1/4 finalın son oyunundan sonra aydınlıq gəlib.

Argentina millisi İsveçrə üzərindəki inamlı qələbə sayəsində sonuncu yarımfinalçı olub.

Xatırladaq ki, daha öncə Fransa, İspaniya və İngiltərə milli komandaları da yarımfinala yüksəlmişdilər.

Beləliklə, mundialın yarımfinal mərhələsində aşağıdakı qarşılaşmalar baş tutacaq:

14 iyul
23:00. Fransa – İspaniya
Arlinqton şəhər stadionu. Texas, ABŞ.

15 iyul
23:00. İngiltərə – Argentina
Kanzas Siti şəhər stadionu. Missuri, ABŞ

Qeyd edək ki, DÇ-2026-ya iyulun 19-da keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq. Bundan öncə isə 3-cü yer uğrunda qarşılaşma baş tutacaq.

Before yesterdaySport-AZ

Unai Simonun DÇ-dəki “quru” seriyası qırıldı

11 July 2026 at 04:00

Futbol üzrə İspaniya milli komandasının qapıçısı Unai Simonun dünya çempionatları tarixindəki rekord “quru” seriyasına son qoyulub.

Arena.az xəbər verir ki, onun bu uğurlu seriyasında Belçika millisi son qoyub.

Belçika yığması DÇ-2026-nın 1/4 finalında İspaniya millisi ilə oyunda 1:2 hesabıyla uduzaraq mübarizəni dayandırıb. Amma Şarl De Ketelarenin matçın 41-ci dəqiqəsində vurduğu qol ispan qolkiperin qol buraxmadan keçirdiyi seriyanı 649 dəqiqədə dayandırıb. Həmin qol hesabı 1:1-ə çatdırıb.

Beləliklə, Simon dünya çempionatları tarixində ən uzun qol buraxmama seriyasının müəllifi olub. Əvvəlki rekord 1990-cı il mundialında 517 dəqiqə qol buraxmayan İtaliya millisinin keçmiş qapıçısı Valter Zenqaya məxsus idi.

29 yaşlı qolkiper seriyasına DÇ-2022-nin qrup mərhələsinin son 39 dəqiqəsindən başlayaraq həmin turnirin Mərakeşlə 1/8 final matçında (əsas və əlavə vaxt – 0:0, penaltilər – məğlubiyyət) və DÇ-2026-da keçirdiyi ilk beş oyunda qapısını toxunulmaz saxlamaqla nail olmuşdu.

Qeyd edək ki, bundan əvvəl Unai Simon bir dünya çempionatında 5 “quru” oyun keçirməklə də Valter Zenqanın rekordunu təkrarlamışdı.

2018-ci ildən Bilbao “Atletik”inin formasını geyinən Unai Simonun klub karyerasında əsas uğurları da məhz bu komanda ilə bağlıdır. Simon bu komanda ilə İspaniya Kubokunu (2024) və İspaniya Super Kubokunu (2021) qazanıb. Təcrübəli qolkiper İspaniya millisi ilə də AÇ-2024-ün və UEFA Millətlər Liqasının (2022/2023) qalibi olub.

Rudi Qarsiya: “Belə oyunların taleyini xırda detallar həll edir”

11 July 2026 at 09:00

Belçika millisinin baş məşqçisi Rudi Qarsiya DÇ-2026-nın 1/4 finalında İspaniyaya 1:2 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının ciddi itkilərlə üzləşdiyini vurğulayıb:

“Təbii ki, bəxtimiz gətirmədi. Yuri Tilemans start heyətində meydana çıxa bilmədi, Tibo Kurtua zədələndi, Kevin de Bröyne isə matçı sona çatdıra bilmədi. Buna baxmayaraq, oyunda qaldıq və görüşü əlavə vaxta daşımağa ümid edirdik.

İspaniya ilə bərabər səviyyədə mübarizə apardıq və onları tərəddüd etməyə məcbur etdik. Lakin belə oyunların taleyini xırda detallar həll edir. Səhv etmək və rəqibə hədiyyə vermək olmaz. Təəssüf ki, gənc futbolçularımızdan biri belə bir səhvə yol verdi.

Bununla belə, komandamla qürur duyuram. Dünya çempionatında Belçikanın böyük futbol ölkəsi olduğunu göstərdik.

Ümid edirəm ki, ölkəyə yenidən xəyal qurmaq imkanı verdik və artıq bütün belçikalılar millinin arxasında dayanır. Komandada işləməyə başlayanda əsas məqsədlərimdən biri də bu idi. Düşünürəm ki, buna nail olduq və bunun davam edəcəyinə inanıram”, deyə Rudi Qarsiya vurğulayıb.

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente isə Belçika üzərindəki 2:1 hesablı qələbədən sonra yarımfinalda Fransa ilə keçiriləcək qarşılaşma barədə danışıb:

“Hər şey bu komandanın xarakteri ilə bağlıdır. Belə məqsədyönlü və daim inkişaf etməyə çalışan futbolçularla işləmək mənim üçün böyük şərəfdir.

Fransaya qalib gələ biləcəyimizi düşünmək üçün əsasımız var. Bunun üçün ciddi çalışacağıq. Biz Fransanı iki dəfə məğlub etməyi bacaran yeganə milliyik. Qarşıda iki böyük komandanın mübarizəsi var”.

DÇ-2026: İspaniya yarımfinalda Fransaya rəqib oldu

11 July 2026 at 01:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün 1/4 final mərhələsinin növbəti qarşılaşması baş tutub.

İkinci yarımfinalçının adına İspaniya – Belçika oyununda aydınlıq gəlib. Los Anceles şəhərində (Kaliforniya, ABŞ) təşkil edilmiş bu matç ispanların çətin qələbəsiylə yekunlaşıb.

Oyunda hesabı ispanlar açıblar. 30-cu dəqiqədə Fabian Ruis fərqlənib. 41-ci dəqiqədə Şarl de Ketelare başla dəqiq oynayaraq hesabı bərabərləşdirib. 88-ci dəqiqədə isə Mikel Merino fərqlənib və ispanları yarımfinala daşıyıb – 2:1.

İspaniya millisi yarımfinalda Fransa yığması ilə qarşılaşacaq.

Digər yarımfinalçıların adına iyulun 12-də keçiriləcək Norveç – İngiltərə və Argentina – İsveçrə görüşlərində aydınlıq gələcək.

DÇ-2026
1/4 final
10 iyul

İspaniya – Belçika 2:1
Qollar: Fabian Ruis, 30. Mikel Merino, 88 – Şarl de Ketelare, 31.

Unai Simon Valter Zenqanın bir rekordunu qırdı, digərini təkrarladı

7 July 2026 at 08:00

Futbol üzrə İspaniya milli komandasının əsas qapıçısı Unai Simon dünya çempionatları tarixinin rekordlarından birini təkrarlayıb.

Arena.az xəbər verir ki, DÇ-2026-nın 1/8 final mərhələsində Portuqaliya üzərində 1:0 hesablı qələbə qazanan İspaniya yığmasının qolkiperi turnirdə ardıcıl beşinci oyununu da qol buraxmadan başa vurub.

Bununla da o, bir dünya çempionatında ardıcıl ən çox “quru” oyun keçirən qapıçılar siyahısında İtaliya millisinin sabiq qolkiperi Valter Zenqanın rekorduna şərik olub. Zenqa bu göstəriciyə 1990-cı il dünya çempionatında nail olmuşdu.

Bununla yanaşı, Simon dünya çempionatlarında yeni vaxt rekorduna da imza atıb. O, DÇ-2022-nin qrup mərhələsinin son turundan bəri 609 dəqiqədir qol buraxmır. Beləliklə, ispan qapıçı Valter Zenqaya məxsus 517 dəqiqəlik əvvəlki rekordu geridə qoyub.

29 yaşlı Unai Simon 2018-ci ildən “Atletik”in formasını geyinir. O, klub karyerasında İspaniya Kubokunu (2024) və İspaniya Super Kubokunu (2021), milli komandanın heyətində isə Avropa çempionatını (2024) və UEFA Millətlər Liqasını (2022/2023 mövsümü) qazanıb.

DÇ-2026-nın 1/4 final mərhələsində İspaniya millisi Belçika yığması ilə qarşılaşacaq.

İspaniya millisi DÇ tarixinə yeni rekordla düşdü

7 July 2026 at 05:00

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi DÇ-2026-da İspaniya millisi dünya çempionatları tarixində unikal rekorda imza atıb.

Arena.az xəbər verir ki, 1/8 finalda Portuqaliyanı 1:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlmiş ispanlar dünya çempionatları tarixində ardıcıl altı oyunda qol buraxmayan ilk komanda olublar.

Bu seriyanın başlanğıcı DÇ-2022-nin 1/8 final mərhələsinə təsadüf edir. Həmin vaxt İspaniya Mərakeşlə əsas və əlavə vaxtı qolsuz bərabərə başa çatan görüşdə penaltilər seriyasında məğlub olsa da, oyunu qol buraxmadan başa vurmuşdu. Ardınca DÇ-2026-da keçirdiyi beş qarşılaşmanın hamısında qapısını toxunulmaz saxlamış komanda rekordunu 6 matça çatdırıb.

Buna qədər rekord beş oyunla İtaliya və İsveçrəyə məxsus idi. İtaliya yığması bu göstəriciyə 1990-cı il dünya çempionatında nail olmuşdu. İsveçrə isə DÇ-2006-dakı dörd oyunu və DÇ-2010-un ilk turunda İspaniya üzərində qazandığı 1:0 hesablı qələbə ilə birlikdə ardıcıl beş matç qol buraxmamışdı.

İspaniya millisi 1/4 finalda Belçika yığması ilə üz-üzə gələcək.

De la Fuente Portuqaliya üzərində çətin qələbəni şərh etdi

7 July 2026 at 03:00

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente DÇ-2026-nın 1/8 finalında Portuqaliya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, rəqib üzərində qazandıqları 1:0 hesablı qələbədən sonra fikirlərini bölüşüb.

İspan mütəxəssis 91-ci dəqiqədə əvəzetmədən meydana daxil olaraq qələbə qolunu vurmuş Mikel Merinonun komanda üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb:

“Həlledici rolu əvəzetmədən oyuna daxil olan futbolçular oynayırlar. Merinoya dedim ki, öz futbolumuzu oynamağa davam etməliyik. Onun vəzifəsi yarımmüdafiə ilə hücum arasında balans yaratmaq idi. Onun meydana çıxması ilə komandaya lazım olan tempi və enerjini qazandıracağımıza inanırdıq.

Ehtiyat oyunçular skamyasından daxil olan futbolçuların töhfəsi möhtəşəm idi. Bu isə təəccüblü deyil, çünki sərəncamımızda yüksək səviyyəli 26 futbolçu var”, – deyə de la Fuente FIFA-nın rəsmi saytına bildirib.

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines isə minimal hesablı məğlubiyyətin ardından komandasının oyundan başıuca çıxdığını bildirib:

“Portuqaliya xalqı bu komanda və bu futbolçularla fəxr edə bilər. Çox təəssüflənirik. Bir dəfə topumuz dirəyə dəydi. Düşünürəm ki, oyunu əlavə vaxta daşımağa layiq idik.

Müdafiədə yaxşı çıxış etdik. Dünya çempionatının favoritlərindən birinə qarşı oynayırdıq. Ola bilsin ki, bizə sadəcə bir qədər şans çatmadı. Bu gün bəxt bizim tərəfdə deyildi. Oyun tamamilə bərabər keçdi”.

DÇ-2026: İspaniya 1/4 finalda, Portuqaliya üçün mübarizə bitdi

7 July 2026 at 01:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.

Mundialın əsas favoritlərindən hesab edilən İspaniya yığması Portuqaliya millisi ilə üz-üzə gəlib. Dallasda (Texas, ABŞ) təşkil edilmiş bu matçda ispanlar çətin qələbəyə seviniblər – 1:0.

Oyundakı yeganə qolun müəllifi Mikel Merino olub. O, 90+1-ci dəqiqədə dəqiq zərbə ilə ispanları 1/4 finala çıxaran qola imza atıb.

İspaniya yığması 1/4 finalda ABŞ – Belçika matçının qalibi ilə üz-üzə gələcək. Hansı ki, sözügedən komandaların görüşünə bir neçə saat sonra (Bakı vaxtı ilə saat 04:00-da) start veriləcək.

DÇ-2026
1/8 final
6 iyul

Portuqaliya – İspaniya 0:1
Qol: Mikel Merino, 90+1.

❌
❌