Lamin Yamal – La Liqada 2025/26 mövsümünün ən yaxşısı!
İspaniya millisinin və “Barselona”nın cinah hücumçusu Lamin Yamal La Liqada 2025/2026-cı illər mövsümünün ən yaxşı oyunçusu seçilib.
Arena.az xəbər verir ki, bu barədə La Liqanın rəsmi saytı məlumat yayıb.
18 yaşlı futbolçu bu mükafata namizədlər arasında Kilian Mbappé (“Real”), Vedat Muriqi (“Malyorka”), Pablo Fornals (“Betis”) və Nikolas Pepe (“Vilyarreal”) kimi futbolçuları qabaqlayıb.
Yamal La Liqa tarixində bu mükafatı qazanan ən gənc futbolçulardan biri olub. İspaniyalı millisinin üzvü başa çatmış mövsümdə 28 oyunda 16 qol vurub, 12 məhsuldar ötürmə edib.
Xatırladaq ki, Lamin Yamal “Barselona”nın məzunudur. İstedadlı gənc 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Yamal geridə qalmış mövsümdə “blauqrana”nın heyətində 45 oyuna çıxıb. O, bu oyunlarda 24 qol və 18 məhsuldar ötürmə ilə fərqlənib.
Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 151 oyun, 49 qol və 52 məhsuldar ötürmədən ibarətdir.
Onu da qeyd edək ki, vinger sol bud əzələsindən zədə aldığına görə 2025/2026-cı illər mövsümünün qalan hissəsini buraxacaq.
Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 25 oyun keçirib, 6 qol vurub, 12 məhsuldar ötürmə verib.
Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023, 2024/2025), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 18 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.