Normal view

Before yesterdayARENA.AZ

DÇ-2026: Həlledici oyunların proqramı bəlli oldu

16 July 2026 at 03:00

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının (DÇ-2026) həlledici oyununun iştirakçıları müəyyənləşib.

Arena.az xəbər verir ki, yarımfinal görüşlərindən sonra həm mundialın finalında, həm də üçüncü yer uğrunda üz-üzə gələcək komandalar bəlli olublar.

Finalda İspaniya və Argentina milliləri üz-üzə gələcəklər. Fransa və İngiltərə milli komandaları isə üçüncü yer – bürünc medal uğrunda mübarizə aparacaqlar. Hər iki qarşılaşma iyulun 19-da keçiriləcək.

Xatırladaq ki, mundialın yarımfinal mərhələsi çərçivəsində keçirilmiş oyunlarda İspaniya millisi Fransanı 2:0, Argentina yığması isə İngiltərəni 2:1 hesabı ilə məğlub edib.

DÇ-2026
19 iyul

Üçüncü yer uğrunda oyun

01:00. Fransa – İngiltərə
Mayami. Florida. ABŞ

Final

23:00. İspaniya– Argentina
Nyu-Cersi. Nyu-York. ABŞ

Rodri və Laport üçün əlamətdar oyun

15 July 2026 at 20:00

Dünya çempionatının (DÇ-2026) yarımfinalında Fransa ilə oyun İspaniya millisinin futbolçuları Rodri və Emerik Laport üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, onlar 2:0 hesablı qələbəyə sevindikləri bu matçda dünya çempionatları tarixinə düşüblər.

Rodri mundialın yarımfinal görüşündə 67 dəqiq ötürmə yerinə yetirib. Bununla da “Mançester Siti”nin futbolçusunun DÇ-2026 ərzində etdiyi dəqiq ötürmələrin sayı 655-ə çatıb. Beləliklə, 30 yaşlı yarımmüdafiəçi 1966-cı ildən etibarən statistikanın aparıldığı dövrdə dünya çempionatlarında ən çox dəqiq ötürmə edən futbolçu rekordunu yeniləyib.

İspaniya millisinin müdafiəçisi Emerik Laport da tarixi göstəriciyə imza atıb. 31 yaşlı futbolçu dünya çempionatları tarixində doğulduğu ölkəni yarımfinal mərhələsində məğlub edən ilk oyunçu olub.

Fransada anadan olan Laport bu ölkənin aşağı yaş qrupları üzrə milli komandalarında 50-dən çox oyun keçirib. Lakin o, baş məşqçi Didye Deşamın rəhbərliyi altında Fransa millisində debüt etmək imkanı əldə etməyib.

Daha sonra İspaniyanın “Atletik” (Bilbao) klubuna transfer olunan müdafiəçi 2021-ci ildə İspaniya vətəndaşlığı alaraq bu ölkənin millisində çıxış etməyə başlayıb.

Qeyd edək ki, İspaniya millisi DÇ-2026-nın yarımfinalında Fransanı 2:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Lamin Yamalın evini qarət etməyə cəhd etdilər

15 July 2026 at 19:00

Futbol üzrə İspaniya milli komandasının 19 yaşlı cinah hücumçusu Lamin Yamalın Barselona yaxınlığındakı evi qarət olunmağa cəhd edilib.

Arena.az xəbər verir ki, bu barədə “La Vanguardia” nəşri məlumat yayıb.

Hadisənin DÇ-2026-nın yarımfinalında İspaniyanın Fransanı 2:0 hesabı ilə məğlub etməsindən sonra, yerli vaxtla saat 04:00 radələrində Espluqes-de-Llobreqat yaşayış məntəqəsində baş verdiyi bildirilir.

Məlumata görə, futbolçunun şəxsi mühafizə xidmətinin əməkdaşı müşahidə kameralarında iki nəfərin evin hasarına dırmaşdığını görüb. Şübhəlilər izlənildiklərini anlayan kimi hasardan enərək hadisə yerindən qaçıblar.

Hadisə ilə bağlı Kataloniya polisi araşdırmalara başlayıb. Hüquq-mühafizə orqanları qarət cəhdinin baş verdiyini təsdiqləsələr də, evin sahibinin kimliyini açıqlamayıblar.

“La Vanguardia” yazır ki, sözügedən ev əvvəllər İspaniya millisinin sabiq futbolçusu Jerar Pike ilə dünya şöhrətli müğənni Şakiranın birgə yaşadığı mülk olub və bu səbəbdən geniş ictimaiyyətə yaxşı tanınır. Bir neçə ay öncə həmin evi Lamin Yamalın aldığı barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, 19 yaşlı Lamin Yamal “Barselona” akademiyasının yetirməsidir. O, əsas komandada 2023-cü ilin aprelindən çıxış edir. Hücumçu Kataloniya klubu ilə üç dəfə İspaniya çempionu (2023, 2025, 2026), iki dəfə İspaniya Superkubokunun (2025, 2026), bir dəfə isə ölkə kubokunun (2025) qalibi olub.

Lamin Yamal unikal rekorda imza atdı

15 July 2026 at 13:00

Futbol üzrə İspaniya millisinin hücumçusu Lamin Yamal dünya çempionatları və Avropa çempionatları tarixində unikal rekorda imza atıb.

Arena.az xəbər verir ki, 19 yaşlı hücumçu bu nailiyyətə DÇ-2026-nın yarımfinalında Fransa üzərində qazandıqları 2:0 hesablı qələbədən sonra imza atıb.

Belə ki, Lamin Yamal dünya və Avropa çempionatlarında start heyətində meydana çıxdığı 12 matçın hamısında qələbə sevinci yaşayıb. Bununla da o, bu iki mötəbər turnirin tarixində start heyətində keçirdiyi ilk 12 oyunun hamısını qazanan ilk futbolçu olub.

Qeyd edək ki, İspaniya millisi Fransa üzərində qazandığı inamlı qələbə sayəsində dünya çempionatının finalına yüksəlib. Sözügedən komanda finalda İngiltərə – Argentina cütünün qalibi ilə qarşılaşacaq.

DÇ-2026-nın həlledici görüşü iyulun 19-da keçiriləcək.

Mikel Oyarsabal İspaniya millisinin DÇ rekordunu təkrarladı

15 July 2026 at 07:00

İspaniya millisinin hücumçusu Mikel Oyarsabal dünya çempionatlarının bir turnirində vurulan qolların sayına görə yığmanın rekordunu təkrarlayıb.

Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu DÇ-2026-nın yarımfinalında Fransaya qarşı keçirilən oyunda fərqlənərək turnirdəki 5-ci qolunu vurub.

Bununla da Oyarsabal bu göstəricidə 1986-cı il dünya çempionatında 5 qol vuran Emilio Butragenyo və 2010-cu ildə eyni sayda qol vuran David Vilya ilə eyni səviyyəyə yüksəlib.

“Real Sosyedad”ın kapitanı olan Oyarsabal 2015-ci ildən San Sebastyan klubunun əsas komandasında çıxış edir. O, klubu ilə 2020 və 2026-cı illərdə İspaniya Kubokunun qalibi olub.

İspaniya millisinin heyətində isə Mikel Oyarsabal 2024-cü il Avropa çempionu, həmçinin 2021 və 2025-ci illərdə UEFA Millətlər Liqasının gümüş mükafatçısı adını qazanıb. 30 qolla o, İspaniya millisinin tarixində ən məhsuldar futbolçular siyahısında 6-cı pillədə qərarlaşıb.

İspaniya millisi İtaliyanın DÇ rekordunu təkrarladı

15 July 2026 at 04:00

Futbol üzrə İspaniya millisi dünya çempionatının (DÇ-2026) yarımfinalında Fransa yığmasını 2:0 hesabı ilə məğlub edərək tarixi rekorda imza atıb.

Arena.az xəbər verir ki, Luis de la Fuentenin rəhbərlik etdiyi komanda bununla da ardıcıl 37-ci oyununda məğlub olmayaraq İtaliya millisinin dünya rekordunu təkrarlayıb.

İspanların məğlubiyyətsiz seriyası 2024-cü ilin mart ayından davam edir. Bu göstərici ilə onlar 2018–2021-ci illərdə Roberto Mançininin rəhbərliyi altında 37 oyunluq məğlubiyyətsizlik seriyası yaşamış İtaliya millisinin rekorduna şərik olublar.

Xatırladaq ki, İspaniya millisi yarımfinalda Fransaya 2:0 hesabı ilə qalib gələrək ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi 2026-cı il dünya çempionatının ilk finalçısı olub. İspanların finaldakı rəqibinin adına bu gün keçiriləcək Argentina – İngiltərə matçında aydınlıq gələcək.

DÇ-2026-ya iyulun 19-da keçiriləcək final görüşü ilə yekun vurulacaq.

Deşam: “İspaniya bizdən daha üstün olduğunu göstərdi”

15 July 2026 at 03:00

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın yarımfinalında İspaniyaya 0:2 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının texniki baxımdan rəqibdən geri qaldığını etiraf edib.

Deşam eyni zamanda oyunun hakimliyi ilə bağlı da sual ünvanlayıb:

“Futbolçularımız məyusdurlar. Ancaq obyektiv yanaşsaq, texniki cəhətdən lazımi səviyyədə deyildik. Bu, bizim öz günahımızdır.

İndi nəsə desəm, məğlubiyyətdən sonra məni ağlayan tərəf kimi qələmə verəcəklər. Amma bir sual vermək istəyirəm: bu hakim yarımfinalı idarə etmək üçün lazımi səviyyədədirmi? Buna özüm cavab verməyəcəyəm. Oyunda kifayət qədər mübahisəli epizodlar oldu.

Əsas səbəb isə odur ki, biz öz səviyyəmizdən aşağı çıxış etdik. Təhlükəli vəziyyətlər yarada biləcək çoxlu texniki səhvlərə, uğursuz ötürmələrə yol verdik.

Bu, ən yüksək səviyyədir və bunu qəbul etmək ağrılı olsa da, reallıqdır. İndi üçüncü yer uğrunda oyuna çıxacağıq. İndiyədək gördüyümüz işi kiçiltmək istəmirəm. Sadəcə, bu matçda İspaniya bizdən daha üstün olduğunu göstərdi.

Özüm haqqında düşünmürəm. Futbolçularla birlikdə finala qədər irəliləmək üçün hazırlaşmışdıq. Buna nail ola bilmədik və bu, böyük məyusluqdur. Bununla belə, komandamızın gördüyü yaxşı işi kölgə altına salmaq istəmirəm. Hesab edirəm ki, toparlanmağı bacarmışdıq. Eyni zamanda, İspaniyanın da haqqını vermək lazımdır. Onlar oyuna tam nəzarət edirdilər.

Bizə dəqiqlik və enerji çatmadı. İspanlar rəqibin hücumlarını oxumaqda, ötürmələri ələ keçirməkdə çox ustadırlar. Onların müdafiəsini daha çox çətin vəziyyətə salmaq istəyirdik”.

“Bu yanaşma bizi bu nöqtəyə gətirdi”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente isə Fransa üzərindəki qələbəni komanda birliyi ilə əlaqələndirib:

“Demək olar ki, dörd il əvvəl müəyyən bir ideya ilə yola çıxmışdıq və bu ideyaya sadiq qaldıq. Məhz bu yanaşma bizi bu nöqtəyə gətirdi.

Bu gün dünyanın ən güclü milli komandalarından biri ilə qarşılaşdıq. Ancaq onların qarşısında dünyanın ən yaxşı komandası dayanmışdı.

Biz vahid komandayıq. Bu uğuru fədakarlığımız və istedadımız sayəsində tam haqq etmişik. Futbolçularımız hər gün öz sədaqətlərini, birliklərini, səxavətlərini və bacarıqlarını nümayiş etdirirlər. Onlar çətin görünən işləri asanlaşdırırlar”.

DÇ-2026: Fransa İspaniya ilə üz-üzə

14 July 2026 at 10:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün mundialda yarımfinal mərhələsinə start veriləcək.

İlk finalçı Fransa – İspaniya matçında müəyyənləşəcək. Arlinqton şəhərində baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Digər finalçının adına isə sabah keçiriləcək İngiltərə – Argentina matçında aydınlıq gələcək.

Qeyd edək ki, dünya çempionatına iyulun 19-da keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq. Bundan öncə isə 3-cü yer uğrunda qarşılaşma baş tutacaq.

DÇ-2026
Yarımfinal
14 iyul

23:00. Fransa – İspaniya
Arlinqton şəhər stadionu. Texas, ABŞ.

15 iyul

23:00. İngiltərə – Argentina
Kanzas Siti şəhər stadionu. Missuri, ABŞ

DÇ-2026: Yarımfinal cütləri bəlli oldu

12 July 2026 at 12:00

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının (DÇ-2026) yarımfinal mərhələsinin cütləri müəyyənləşib.

Arena.az xəbər verir ki, bu raundda üz-üzə gələcək bütün komandaların adlarına 1/4 finalın son oyunundan sonra aydınlıq gəlib.

Argentina millisi İsveçrə üzərindəki inamlı qələbə sayəsində sonuncu yarımfinalçı olub.

Xatırladaq ki, daha öncə Fransa, İspaniya və İngiltərə milli komandaları da yarımfinala yüksəlmişdilər.

Beləliklə, mundialın yarımfinal mərhələsində aşağıdakı qarşılaşmalar baş tutacaq:

14 iyul
23:00. Fransa – İspaniya
Arlinqton şəhər stadionu. Texas, ABŞ.

15 iyul
23:00. İngiltərə – Argentina
Kanzas Siti şəhər stadionu. Missuri, ABŞ

Qeyd edək ki, DÇ-2026-ya iyulun 19-da keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq. Bundan öncə isə 3-cü yer uğrunda qarşılaşma baş tutacaq.

Unai Simonun DÇ-dəki “quru” seriyası qırıldı

11 July 2026 at 04:00

Futbol üzrə İspaniya milli komandasının qapıçısı Unai Simonun dünya çempionatları tarixindəki rekord “quru” seriyasına son qoyulub.

Arena.az xəbər verir ki, onun bu uğurlu seriyasında Belçika millisi son qoyub.

Belçika yığması DÇ-2026-nın 1/4 finalında İspaniya millisi ilə oyunda 1:2 hesabıyla uduzaraq mübarizəni dayandırıb. Amma Şarl De Ketelarenin matçın 41-ci dəqiqəsində vurduğu qol ispan qolkiperin qol buraxmadan keçirdiyi seriyanı 649 dəqiqədə dayandırıb. Həmin qol hesabı 1:1-ə çatdırıb.

Beləliklə, Simon dünya çempionatları tarixində ən uzun qol buraxmama seriyasının müəllifi olub. Əvvəlki rekord 1990-cı il mundialında 517 dəqiqə qol buraxmayan İtaliya millisinin keçmiş qapıçısı Valter Zenqaya məxsus idi.

29 yaşlı qolkiper seriyasına DÇ-2022-nin qrup mərhələsinin son 39 dəqiqəsindən başlayaraq həmin turnirin Mərakeşlə 1/8 final matçında (əsas və əlavə vaxt – 0:0, penaltilər – məğlubiyyət) və DÇ-2026-da keçirdiyi ilk beş oyunda qapısını toxunulmaz saxlamaqla nail olmuşdu.

Qeyd edək ki, bundan əvvəl Unai Simon bir dünya çempionatında 5 “quru” oyun keçirməklə də Valter Zenqanın rekordunu təkrarlamışdı.

2018-ci ildən Bilbao “Atletik”inin formasını geyinən Unai Simonun klub karyerasında əsas uğurları da məhz bu komanda ilə bağlıdır. Simon bu komanda ilə İspaniya Kubokunu (2024) və İspaniya Super Kubokunu (2021) qazanıb. Təcrübəli qolkiper İspaniya millisi ilə də AÇ-2024-ün və UEFA Millətlər Liqasının (2022/2023) qalibi olub.

Rudi Qarsiya: “Belə oyunların taleyini xırda detallar həll edir”

11 July 2026 at 09:00

Belçika millisinin baş məşqçisi Rudi Qarsiya DÇ-2026-nın 1/4 finalında İspaniyaya 1:2 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının ciddi itkilərlə üzləşdiyini vurğulayıb:

“Təbii ki, bəxtimiz gətirmədi. Yuri Tilemans start heyətində meydana çıxa bilmədi, Tibo Kurtua zədələndi, Kevin de Bröyne isə matçı sona çatdıra bilmədi. Buna baxmayaraq, oyunda qaldıq və görüşü əlavə vaxta daşımağa ümid edirdik.

İspaniya ilə bərabər səviyyədə mübarizə apardıq və onları tərəddüd etməyə məcbur etdik. Lakin belə oyunların taleyini xırda detallar həll edir. Səhv etmək və rəqibə hədiyyə vermək olmaz. Təəssüf ki, gənc futbolçularımızdan biri belə bir səhvə yol verdi.

Bununla belə, komandamla qürur duyuram. Dünya çempionatında Belçikanın böyük futbol ölkəsi olduğunu göstərdik.

Ümid edirəm ki, ölkəyə yenidən xəyal qurmaq imkanı verdik və artıq bütün belçikalılar millinin arxasında dayanır. Komandada işləməyə başlayanda əsas məqsədlərimdən biri də bu idi. Düşünürəm ki, buna nail olduq və bunun davam edəcəyinə inanıram”, deyə Rudi Qarsiya vurğulayıb.

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente isə Belçika üzərindəki 2:1 hesablı qələbədən sonra yarımfinalda Fransa ilə keçiriləcək qarşılaşma barədə danışıb:

“Hər şey bu komandanın xarakteri ilə bağlıdır. Belə məqsədyönlü və daim inkişaf etməyə çalışan futbolçularla işləmək mənim üçün böyük şərəfdir.

Fransaya qalib gələ biləcəyimizi düşünmək üçün əsasımız var. Bunun üçün ciddi çalışacağıq. Biz Fransanı iki dəfə məğlub etməyi bacaran yeganə milliyik. Qarşıda iki böyük komandanın mübarizəsi var”.

DÇ-2026: İspaniya yarımfinalda Fransaya rəqib oldu

11 July 2026 at 01:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün 1/4 final mərhələsinin növbəti qarşılaşması baş tutub.

İkinci yarımfinalçının adına İspaniya – Belçika oyununda aydınlıq gəlib. Los Anceles şəhərində (Kaliforniya, ABŞ) təşkil edilmiş bu matç ispanların çətin qələbəsiylə yekunlaşıb.

Oyunda hesabı ispanlar açıblar. 30-cu dəqiqədə Fabian Ruis fərqlənib. 41-ci dəqiqədə Şarl de Ketelare başla dəqiq oynayaraq hesabı bərabərləşdirib. 88-ci dəqiqədə isə Mikel Merino fərqlənib və ispanları yarımfinala daşıyıb – 2:1.

İspaniya millisi yarımfinalda Fransa yığması ilə qarşılaşacaq.

Digər yarımfinalçıların adına iyulun 12-də keçiriləcək Norveç – İngiltərə və Argentina – İsveçrə görüşlərində aydınlıq gələcək.

DÇ-2026
1/4 final
10 iyul

İspaniya – Belçika 2:1
Qollar: Fabian Ruis, 30. Mikel Merino, 88 – Şarl de Ketelare, 31.

❌
❌