Normal view

Today — 27 December 2025Main stream

“Neftçi”nin uğursuz transfer siyasəti

27 December 2025 at 16:00

Azərbaycan Premyer Liqasında çıxış edən futbolçular arasında ən çox dəyər itirən “Neftçi”dən Falaye Sakodur.

Futbolpress.az-ın məlumatına görə, mövsümün əvvəlində komandaya cəlb edilən cinah müdafiəçisi 300 min avro dəyər itirib. Onun “transfermarkt”da qiyməti 1.2 milyon avro olub.

Ötən mövsümü “Monpelye”də keçirən və daha sonra azad agent kimi “Neftçi”yə gələn Sako Premyer Liqada 15 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Neftçi” son illərdə uğursuz nəticələrlə yanaşı, transfer siyasəti ilə də tənqid edilir. Hardasa hər mövsüm saysız-hesabsız gətirilən legionerlərin qısa zamanda da yola salınması ciddi narazılıq yaradır. Uğursuz seçimlər fonunda komandanın enişi və dirçəlməkdə yaşadığı çətinliklər göz önündədir. Futbolçularla yanaşı, tez-tez də baş məşqçi dəyişikliyi, hər mütəxəssis gəlişində öz komandasını qurmağa çalışması və uğursuzluğu böhran vəziyyətinə gətirib çıxarıb.

İndi transfer dönəmidir və artıq yavaş-yavaş klubda transfer xəbərləri yayılmaqdadır. Yeni baş məşqçi Yuri Vernidubun əsas “bazarı” Ukraynadır. Müdafiəçi Daniil Beskorovoyu “ağ-qaralar”a gətirmək istəyən mütəxəssis rəhbərlikdən əlavə 1-2 transfer də istəyib.

Hazırda klubda nisbi sakitlikdir. Çempionatda 16 tura cəmi 20 xal toplayan “Neftçi” avrokubok zonasından 8 xal uzaqdadır. Komanda bu mövsüm də avrokuboklardan kənarda qalsa, yayda gedəcəklərin ilk sırasında məhz baş məşqçi Vernidub və uğursuz transferlər olacaq.

Şahin Cəfərov

❌
❌