Ceyms Milner Premyer Liqa rekorduna şərik oldu
Premyer Liqanın 26-cı turunun “Aston Villa” ilə səfər oyunu “Brayton”un ingilis yarımmüdafiəçisi Ceyms Milner üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, Milner 0:1 hesabıyla uduzduqları bu görüşün iştirakçısı olmaqla İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.
40 yaşlı futbolçu bunu matçın 22-ci dəqiqəsində meydana daxil olmaqla reallaşdırıb. Premyer Liqada 653-cü oyununa çıxmış Milner çempionat tarixində ən çox matç keçirmiş Qaret Perrinin rekorduna şərik olub.
Təcrübəli oyunçu karyerası ərzində “Lids” (48 oyun), “Nyukasl” (94 oyun), “Aston Villa” (100 oyun), “Mançester Siti” (147 oyun) və “Liverpul” (230 oyun) kimi klubların şərəfini qoruyub. 2023-cü ilin yayında “Brayton”a qoşulmuş Milner bu komandanın heyətində indiyədək 34 matçda iştirak edib. Premyer Liqada ümumilikdə 56 qol vurmuş yarımmüdafiəçi həmçinin 90 məhsuldar ötürmə ilə turnir tarixinin ən yaxşı 10 assistentindən biridir.
Milner fevralın 21-də “Brentford”a qarşı keçiriləcək görüşdə meydana çıxacağı təqdirdə Qaret Perrinin rekordunu qıraraq siyahıda liderliyə yüksələcək. Hazırda çıxışını davam etdirən oyunçular arasında onun ən yaxın izləyicisi “Brentford”un üzvü Cordan Hendersondur (454 oyun).
Milner Premyer Liqa tarixində 40 yaşından sonra meydana çıxmış 5-ci meydan oyunçusudur. Turnir tarixinin ən yaşlı meydan oyunçusu rekordu isə hələlik 40 yaş 272 günlüyündə son matçına çıxmış Teddi Şeringemə məxsusdur.
Ceyms Milner “Lids”in yetirməsidir. O, kayerası ərzində “Lids”, “Suindon Taun”, “Nyukasl”, “Aston Villa”, “Mançester Siti” və “Liverpul”da çıxış edib. Yarımmüdafiəçsi “Brayton”a 2023-cü ilin iyulunda “Liverpul”dan azad agent qismində qoşulub. Ceymsin “qağayılar”la müqaviləsi cari mövsümün sonuna qədər qüvvədədir.
Cari mövsümdə Milner “Brayton”un heyətində bütün yarışlarda 41 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə ilə fərqlənib.
Milner böyük futbolda klub səviyyəsində bütün qənimətləri qazanıb və buna “Mançester Siti” və “Liverpul”la nail olub. Milner İngiltərə Premyer Liqasının 2 dəfə “Mançester Siti”, 1 dəfə “Liverpul”la olmaqla, 3 qat qalibidir. Həmçinin Milner İngiltərə Kubokunun, İngiltərə Liqa Kubokunun və İngiltərə Super Kubokunun hər birini 1 dəfə “Mançester Siti və 1 dəfə “Liverpul”la qazanaraq, 2 qat qalib olub. “Liverpul”un heyətində isə Milner beynəlxalq arenada uğurlar qazanıb: Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub.
Ceyms Milner 2009-cu ilin avqustunda debüt etdiyi İngiltərə yığmasının heyətində 61 oyun keçirib, 1 qol vurub, 6 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı veteran yarımmüdafiəçinin transfer dəyərini 750 min avro məbləğində qiymətləndirir.