Normal view

Yesterday — 12 February 2026Main stream

“Karvan-Yevlax”ın futbolçusu: “Ümidimizi itirməmişik”

12 February 2026 at 11:26

“Karvan-Yevlax” Premyer Liqada 19 turdan sonra 6 xalla sonuncu – 12-ci sıradadır. Yevlax təmsilçisi çempionatda yeganə qələbəsini ikinci turda “Kəpəz”lə oyunda qazanıb.

Komandanın müdafiəçisi Vüsal Məsimov son durumla bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:

– Elitanı tərk etməyə əsas komanda kimi göstərilirsiniz. Gedişatı nə üçün dəyişə bilmirsiniz?
– Düzdür, vəziyyət yaxşı deyil, bunu komandada hər kəs başa düşür. Ürəkdən istəyirik ki, bu vəziyyətdən çıxaq. Çox çalışırıq, əziyyət çəkirik. İnanıram ki, vəziyyət düzələcək. Qarşıda hələ 14 oyun var və ümidimizi itirməmişik. Premyer Liqada qalmaq üçün əlimizdən gələnin artığını etməliyik.

– Siz itirdikcə rəqiblər xallarını artırır. Artıq “Kəpəz”lə fərq 7-yə çatıb…
– Xal fərqi artsa da, hələ heç nə bitməyib. Çox inanırıq ki, yaxşı olacaq. Çətin görsənir, amma ümidsiz deyilik. İnşallah, sonda sevinən tərəf biz olarıq.

– Bu heyət liqada qalmağa kömək olacaq?
– Heyətlə bağlı problemimiz yoxdur. Yaxşı kollektivimiz var və daha yaxşı olmağa çalışırıq. Düşünürəm ki, əziyyətimizin yaxşı mənada faydasını görəcəyik.

– Son turlarda iddialı rəqiblərlə qarşılaşırsınız. Növbəti görüş də səfərdə “Zirə” ilə olacaq. Uğursuz seriyanı sonlandıra biləcəksiniz?
– Çətin qrafikimiz var. Səfərlər güclü rəqiblərə qarşıdır. “Zirə” iddialı komandadır və çox yaxşı futbolçuları var. Düzdür, çətindir, amma mümkünsüz deyil. Futbolda hər şey ola bilər. “Zirə”dən xal almağa çalışacağıq.

– Növbəti turda “Kəpəz” “Neftçi”, “Qəbələ” “Sabah”la qarşılaşacaq. Rəqiblərin xal itirməsi gözləniləndir. Bu tur sizin üçün bir fürsət ola bilər?
– Əsas öz oyunumuzdur. Açığı, rəqiblərin də xal qazanmamasını istərdik. Amma yenə deyirəm, ilk növbədə özümüz xallar qazanmalıyıq.

Şahin Cəfərov

❌
❌