“Hər futbolçu kimi mən də ehtiyatda olmaq istəmərəm” (MÜSAHİBƏ)
“Turan Tovuz” Premyer Liqanın XXII turunda “İmişli” ilə heç-heçə edib – 0:0.
Tovuz təmsilçisinin futbolçusu Şəhriyar Əliyev matçla bağlı “Futbolpress.az”ın suallarını cavablandırdı:
– Ardıcıl qələbələrdən sonra gözlənilməz xal itkisi yaşadınız. Üç xal üçün nə çatmadı?
– Rəqibi təhlil etmişdik. Çox sıx müdafiə olunurlar. Bundan öncəki oyunlarına baxmışdıq. Qol şansları yaratdıq, amma dəyərləndirə bilmədik. Ümumi götürəndə yaxşı oynadıq. Bu xal itkisi növbəti matçlarda bizə daha motivasiya verəcək. Çalışacağıq ki, şanslarımızı maksimum dəyərləndirib, rəqiblərlə xal fərqini artıraq.
– 5 xallıq fərq yaranmışdı, yenidən 3 oldu. Bu, növbəti oyunlarda komandanı təzyiqə salmaz?
– Bizim də şanslarımız var. Yaxşı formadayıq. Xal itkisi futbolda qaçılmazdır. Çempionatda da, kubokda da şanslarımız var. İnşallah, mövsümün sonunda avrokuboklara gedə bilərik.
– Kubok yolu indiki məqamda nisbətən rahat görünür. Əsas diqqəti titul qazanmağa yönləndirməyi düşünmürsünüz?
– Kubok oyunları iki matçdan ibarət olur. Çempionat elədir ki, bir oyun xal itirəndə növbəti matçda bunu düzəltmək imkanın olur. Amma kubokda elə deyil. Komandalar daha fərqli yanaşır, fərqli hazırlaşırlar. Hər iki turnirdə sona qədər mübarizə aparacağıq. Çempionatda da azı üçüncü yeri qorumağa çalışacağıq. Son oyunlarda yaxşı çıxış edirik. Qol buraxmırıq, formamız qaydasındadır. Bu ritmi saxlamağa çalışacağıq.
– Son dönəmlərdə şans qazanmırsınız. Ehtiyatda qalmaq narahat etmir?
– Əlbəttə, hər futbolçu kimi mən də ehtiyatda olmaq istəmərəm. Baş məşqçinin qərarıdır. Danışmışıq, mənim də şansım olacaq. İndi bütün diqqətimiz yaxşı nəticələr qazanmaqdadır. Şəhriyar oynadı, ya başqası oynadı fərqi yoxdur, önəmli olan nəticələrin yaxşı olmasıdır. Hər kəs faydalı olmaq istəyir.
– Müqaviləniz başa çatır. Oyun praktikanızın azlığı qərarınıza nə dərəcə təsir edəcək?
– Açığı, klubla bu haqda danışığımız olmayıb. Bütün diqqətimiz oyunlardadır. Hamılıqla buna köklənmişik.
Şahin Cəfərov