Federiko Valverde – ÇL-də həftənin ən yaxşı oyunçusu!
Futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/26 mövsümünün 1/8 final mərhələsinin ilk matçlarının ən yaxşı oyunçusu müəyyənləşib.
Arena.az xəbər verir ki, Madrid “Real”ının uruqvaylı futbolçusu Federiko Valverde bu həftənin ən yaxşısı seçilib.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilmiş sorğuda Maykl Olise (“Bayern”), Xulian Alvares (“Atletiko”, Madrid) və Xviça Kvaratsxeliyanı (PSJ) qabaqlayıb.
Xatırladaq ki, Valverde “Real”ın doğma meydanda “Mançester Siti”ni (İngiltərə) məğlub etdiyi oyunda İspaniya komandasına qələbə qazandıran (3:0) hər 3 qolun müəllifi olub.
Federiko Valverde 2017-ci ildən “Real”ın əsas komandasında çıxış edir. O, karyerasına “Penyarol”da başlayıb, 2015/2016-cı illər mövsümündə Uruqvay çempionluğunu qazanmış “Penyarol”da “Real”ın diqqətini çəkib və transfer edilərək, 2016/2017-ci illər mövsümünü “Real”ın “B” komandasında keçirib. 2017-ci ildə madridlilərin əsas komandasında debüt etmiş Valverde 2017/2018-ci illər mövsümünü “Deportivo La Korunya”da icarədə keçirib və növbəti mövsümdə “Real”a qayıdıb. Valverdenin “kral klubu” ilə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Valverde “qaymaqlılar”ın heyətində 39 oyuna çıxıb, 6 qol vurub, 12 məhsuldar ötürmə verib.
Valverdenin “Real”da ümumi göstəricisi isə belədir: 362 oyun, 38 qol, 43 məhsuldar ötürmə.
Valverde “kral klubu” ilə bütün mümkün klub turnirlərini qazanıb: İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2023/2024), FIFA Klub Dünya Kubokunun (2018, 2023), FIFA Qitələrarası Kubokun (2023/2024) qalibi olub.
Valverde 2017-ci ilin sentyabrında debüt etdiyi Uruqvay yığmasının heyətində 71 oyun keçirib, 8 qol vurub, 2 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 27 yaşlı uruqvaylı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.