Sxadadze: “Nəticə qazanmaqda çətinlik çəkirik”
“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 25-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü “Qəbələ”nin 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Kaxaber Sxadadze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Bayram münasibətilə hər kəsi təbrik edirəm. Çox axmaq qollar buraxırıq. “Neftçi” ilə oyunu yada salsaq, həmin oyunda da cərimə meydançasında bizim 4, onların 1 futbolçusu var idi. Lakin çox asan qol buraxdıq. Azarkeşləri də başa düşürəm. Təbii ki, nəticəyə baş məşqçi cavabdehdir. Mən də qorxmuram, cavab verməyə hazıram. Biz rəqibə bütün komponentlərdə uduzmuruq. Futbolçularda konsentrasiya problemi olduğunu düşünürəm. Biz bundan sonra daha yaxşı hazırlaşmağa çalışacağıq. Liqada qalmaq üçün əlimizdən gələni edəcəyik.
Təbii ki, komanda uduzanda üzərimizdə daha çox təzyiq olur. Son ayyarımda 11 oyun keçirdik. Bu gərginlikdə matçlar keçirmək oyunçularda psixoloji problem yaratmışdı. Daha güclü olmalıyıq. Qışdan sonra daha yaxşı oynayırdıq. Lakin nəticə qazanmaqda çətinlik çəkirik. Vaxt var. Bundan sonra daha yaxşı çıxış etməliyik”.