Normal view

Today — 4 April 2026Main stream

Vulkan

4 April 2026 at 10:33

“Turan Tovuz” Azərbaycan Kubokunun yarımfinalının ilk oyununda “Zirə”yə 0:2 hesabıyla məğlub olub cavab qarşılaşmasında işini çətinə saldı. Lakin klubun rəhbəri Ehtiram Quliyev düşünür ki, bu, süni yaradılmış əngəlin nəticəsidir.

Narazılıqlar fonunda Ehtiram bəy media önündə brifinq keçirərək vulkan kimi püskürdü.

O, qarşılaşmanın baş hakimi Əliyar Ağayevin ünvanına ağır ittihamlar səsləndirdi.

Sitat: “Biz dilə gətirmədikcə, səssiz qaldıqca, “əliyargillər” belə oyunlar idarə edəcək, futbolumuzu bu günə qoyacaq. Yatırım etməyin də anlamı yoxdur. Belə çıxır ki, əziyyət çəkmək də, oyunçu transfer etmək də mənasızdır. “Əliyargillər”dən canımız, futbolumuzun “can”ı qurtarmalıdır. Oyundakı epizodları hamınız gördünüz. Futbol ictimaiyyətinin görməsini istəyirəm. “Turan Tovuz” azarkeşlərinin səssiz qalmamasını istəyirəm. Artıq bu qədər olmaz. Bir mövsümlük əziyyətimiz boşuna gedir. İki toplanış, çoxlu investisiya etmişik. Amma Əliyar Ağayev kimilər bizə oynamaq imkanı vermir”.

Dediklərindən göründüyü kimi, emosiyalar pik həddədir. Son illər belə açıq, qətiyyətli və radikal danışan klub rəhbəri olmamışdı.

Ehtiram bəy dolayısıyla AFFA-ya “od püskürdü” və futbola real yatırım edən bir şəxs kimi məmnun qalmadığını, əksinə, əzildiklərini dilə gətirdi.

Hansı klub öz mövqeyini bu qədər sərrast, qətiyyətli şəkildə bildirib son illər?

“Turan Tovuz”un sərt reaksiyası haqlıdır və bu halda olan başqa klublar da var. Sadəcə, Ehtiram bəyə əhsən!

Mövqeyini aşkar bildirən, problemləri dilə gətirən klub rəhbəri Azərbaycan futbolunun inkişafını digər hamısından daha çox istəyir. Çünki real addım atır, mövqe bildirir, problemin üzərinə pressinq edir.

Qorxaqlıq və mənfəət naminə həqiqətə göz yummaq əksər klubların mövqeyidir. Ona görə də belələrinin “tülkü həccə gedir” taktikası heç vaxt təqdir edilmir, bildirdikləri mövqe ictimailəşdirilmir, rezonans doğurmur.

AFFA rəhbərliyi real investor olan Ehtiram bəylə eyni  masada əyləşərək məsələləri səmimi və dürüst şəkildə müzakirə etməli, həm assosiasiyanın, həm də ölkə futbolunun imicinə zərbə vuran bütün amilləri vaxtında aşkarlamalı və gərəkli addımlar atmalıdır.

Kamil Əhməd

❌
❌