“İnanıram ki, yüksək səviyyəli liqalarda oynamaq şansı qazanacağam”
“Sabah”ın U-18 basketbol komandası ilk dəfə iştirak etdiyi Gənclər Çempionlar Liqasında 7-ci yeri tutub.
“Bayquşlar”ın üzvü Hüseyn Məmmədov turnir və karyerasındakı hədəfləri ilə bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:
– İlk dəfə iştirak etdiyiniz turnirdə 7-ci oldunuz. Çıxışınızı necə şərh edərdin?
– Ümumi götürəndə pis alınmadı. Bəzi oyunlarda istədiyimiz nəticəni əldə edə bilməsək də, komandada böyük istək və ruh hiss olunurdu.
– Turnirlə bağlı fikirlərin nədir?
– Bu cür turnirlər səviyyəmizi görmək və çatışmazlıqlarımızı müəyyən etmək baxımından çox önəmlidir. İlk dəfə beynəlxalq turnirdə iştirak etdim. Bu, çox dəyərli təcrübə idi. Daha sürətli və fiziki baxımdan güclü komandalarla oynamaq öz üzərimdə işləməyin vacibliyini göstərdi. Eyni zamanda, belə turnirlər qarşıdakı oyunlara psixoloji baxımdan daha möhkəm hazırlaşmağa kömək edir.
– Azərbaycanda basketbol hələ çox inkişaf etməyib. İndiki məqamda ilkin hədəflərin nədir?
– Hədəfim oyunumu inkişaf etdirmək, millidə daha çox şans qazanmaqdır. Daim üzərimdə işləyirəm, çalışıram ki, fiziki və texniki cəhətdən inkişaf edim. İnanıram ki, zəhmətimin qarşılığını alacağam. Basketbolçu kimi maksimum potensialıma çatmaq istəyirəm.
– Ölkə xaricində çıxış etmək arzun var?
– Bəli, əsas hədəflərimdən biri budur. Daha yüksək səviyyəli liqalarda oynamaq, Azərbaycanı beynəlxalq arenada təmsil etmək istəyirəm. İnanıram ki, bu səviyyədə çıxış etmək şansı qazanacağam.
Şahin Cəfərov