Normal view

Yesterday — 4 May 2026Main stream

Formula 1: Kimi Antonelli Mayamidə də hamını qabaqladı

3 May 2026 at 23:00

Bu gün Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti mərhələsi – 4-cü qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, budəfəki yarış Mayami (ABŞ, Florida) şəhərində təşkil olunub.

Bundan əvvəlki Yaponiya və Çin qran-prilərində olduğu kimi, Mayami qran-prisində də “Mersedes”in gənc pilotu Kimi Antonelli qalib olub. 19 yaşlı italiyalı sürücü 57 dövrəlik yarışda üstünlüyünü sonadək qoruyaraq zəfərini rəsmiləşdirib. Bu, onun həm cari mövsümdə, həm də karyerası ərzində 3-cü zəfərdir.

İkinci yeri “Maklaren”in sürücüsü Landro Norris tutub. İlk üçlüyü “Maklaren”in digər pilotu Oskar Piastri qapayıb.

Beləliklə, geridə qalmış 3 mərhələdən sonra Kimi Antonelli 100 xalla vahid liderdir. Antonellinin komanda yoldaşı Corc Rassel 80 xalla ikinci pillədə qərarlaşıb. “Ferrari”nin pilotu Şarl Lekler isə 63 xalla üçüncüdür.

Mühəndislər Kubokunda “Mersedes” 180 xalla ilk sırada qərarlaşıb. “Ferrari” 112 xalla ikinci, “Maklaren” isə 94 xalla üçüncü yerdə gedir.

Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti – 5-ci qran-prisi Kanadada keçiriləcək. Monrealda baş tutacaq bu yarış mayın 24-də təşkil olunacaq.

Formula 1 üzrə dünya çempionatı, 2026

Pilotların yarışında turnir cədvəli:

  1. Kimi Antonelli (Mersedes) – 100
  2. Corc Rassell (Mersedes) – 80
  3. Şarl Lekler (Ferrari) – 63
  4. Lando Norris (Maklaren) – 51
  5. Luis Hamilton (Ferrari) – 49
  6. Oskar Piastri (Maklaren) – 43
  7. Maks Ferstappen (Red Bull) – 26
  8. Oliver Berman (Haas) – 17
  9. Pyer Qasli (Alpin) – 16
  10. Liam Louson (Rasinq Bulls) – 10
  11. Franko Kolapinto (Alpin) – 5
  12. Arvid Linblad (Rasinq Bulls) – 4
  13. İsaak Hacar (Red Bull) – 4
  14. Karlos Sayns (Uilyams) – 4
  15. Qabriel Bortoleto (Audi) – 2
  16. Esteban Okon (Haas) – 1
  17. Aleksander Albon (Uilyams) – 0
  18. Serxio Peres (Kadillak) – 0
  19. Niko Hulkenberq (Audi) – 0
  20. Fernando Alonso (Aston Martin) – 0
  21. Valtteri Bottas (Kadillak) – 0
  22. Lens Stroll (Aston Martin) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Mersedes – 180
  2. Ferrari – 112
  3. Maklaren – 94
  4. Red Bull – 30
  5. Alpin – 21
  6. Haas – 18
  7. Rasinq Bulls – 14
  8. Uilyams – 5
  9. Audi – 2
  10. Kadillak – 0
  11. Aston Martin – 0
Before yesterdayMain stream

“Böyük Dəbilqə”: Uşanqi və Camaldan bürünc medal

3 May 2026 at 22:30

Azərbaycanın cüdo üzrə millisi Tacikistanın paytaxtı Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirini 3 bürünc medalla başa vurub.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, yarışın son günündə təmsilçilərimizdən Camal Qamzatxanov (+ 100 kq) və Uşanqi Kokauri (+100 kq) bürünc medal qazanıblar.

Kokauri həlledici görüşdə Özbəkistan idmançısı Muxammadkodir Mansurovu üstələyərək bürünc medala layiq görülüb.

Qamzatxanov isə üçüncü yer uğrunda görüşdə rumıniyalı Darius Dobreyə qalib gələrək bürünc mükafatın sahibi olub.

Bununla da yığmamız “Böyük Dəbilqə” turnirini 3 bürünc medalla başa vurub. Daha əvvəl təmsilçilərimizdən Rəşid Məmmədəliyev (73 kq) də fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı.

Xatırladaq ki, Azərbaycan yığma komandası Düşənbədəki yarışa 4 çəki dərəcəsində 6 cüdoçu ilə qatılmışdı.

Rəşid Məmmədəliyev “Böyük Dəbilqə”də 3-cü oldu

2 May 2026 at 17:30

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Tacikistanda keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.

Arena.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan 26 yaşlı idmançımız bu gün üçüncü yer uğrunda görüşdə tacikistanlı Ahmadzod Masudi ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən Rəşid Məmmədəliyev yarışda üçüncü yeri tutub.

Xatırladaq ki, Dünya Cüdo Turuna daxil olan turnirdə Azərbaycan 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunur. Ötən gün Murad Muradlı (60 kq), İslam Rəhimov və Nizami İmranov (hər ikisi 66 kq) medal qazana bilməyiblər.

“Böyük Dəbilqə” mayın 3-də başa çatacaq. Sabah +100 kq çəki dərəcəsində mübarizə aparan millimizin digər üzvləri Uşanqi Kokauri ilə Camal Qamzatxanov da mübarizəyə qoşulacaqlar. 1/8 finaldan mübarizəyə qoşulacaq Kokauri Mohammadpuria Banaeyan Tolki (İran), Qamzatxanov isə Yovan Pekoviçlə (Monteneqro) qarşılaşacaq.

ABL: “Sabah”dan final seriyasında 2-ci qələbə!

2 May 2026 at 17:00

Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün qalibini müəyyənləşdirəcək final seriyası davam edir.

Arena.az xəbər verir ki, bu gün “Sabah” və “Abşeron Lions” komandaları arasındakı final seriyasının ikinci oyunu keçirilib.

Bakı İdman Sarayında baş tutmuş oyun yenə “Sabah” basketbolçularının üstünlüyü şəraitində keçib. Rimas Kurtinaytisin baş məşqçisi olduğu komanda bu dəfə də “Abşeron Lions”dan üstün olub. Qarşılaşma 112:84 hesabı ilə “bayquşlar”ın xeyrinə bitib. Nəticədə bu komanda super seriyada ümumi hesabı 2:0 edib.

Final seriyasının üçüncü oyunu mayın 5-də baş tutacaq. Qarşılaşmaya saat 19:00-da start veriləcək.

Qeyd edək ki, ABL-in 2025/2026-cı illər mövsümünün reqlamentinə əsasən, final seriyasında ən tez üç qələbə qazanmış komanda Azərbaycan çempionu olacaq.

Azərbaycan Basketbol Liqasının sonuncu qalibi məhz “Sabah” komandasıdır.

FIDE reytinqi: Süleymanlıdan ciddi sıçrayış

1 May 2026 at 11:00

Beynəlxalq Şahmat Federasiyası (FIDE) qadın və kimi şahmatçıların 2026-cı il mayın 1-nə olan dünya reytinq siyahısını açıqlayıb.

Arena.az xəbər verir ki, yenilənmiş siyahıda Azərbaycan qrossmeysteri Aydın Süleymanlı ciddi irəliləyişə imza atıb.

Belə ki, şahmatçımız 12 reytinq xalı qazanaraq ümumi göstəricisini 2665-ə çatdırıb və 15 pillə irəliləyərək dünya reytinqində 49-cu yerə yüksəlib. Bu nəticə onun karyerasında ən yüksək göstəricidir. Süleymanlının yüksəlişi Polşanın Katovitse şəhərində keçirilmiş şəxsi Avropa çempionatındakı uğurlu çıxışı ilə bağlıdır. O, həmin turnirdə məğlubiyyət yaşamadan bürünc medal qazanıb.

Azərbaycan şahmatçıları arasında liderliyini qoruyan Şəhriyar Məmmədyarov isə hesabat dövründə 2 xal artıraraq 2717 xalla 26-cı pillədə qərarlaşıb və bir mövqe irəliləyib.

Digər təmsilçilərimizdən Teymur Rəcəbov (2689 xal) 39-cu, Eltac Səfərli (2648 xal) 70-ci, Rauf Məmmədov (2636 xal) isə 90-cı sırada yer alıblar.

Diqqətçəkən məqamlardan biri isə odur ki, dünya reytinqinin ilk onluğunda ilk dəfə olaraq Özbəkistanın iki şahmatçısı – Nodirbek Abdusattorov və Cavaxir Sindarov yer alıb. Sindarov ötən ay İddiaçılar turnirinin qalibi olaraq dünya çempionu adı uğrunda hazırkı çempion, hindistanlı Dommaracu Qukeşlə qarşılaşmaq hüququ qazanıb. Qukeş hazırda 2732 xalla reytinqdə 18-ci pillədədir. Onların görüşünün noyabr-dekabr aylarında keçirilməsi planlaşdırılır.

Hazırda dünya reytinqinin ilk onluğu belədir: Maqnus Karlsen (Norveç, 2840), Hikaru Nakamura (ABŞ, 2792), Fabiano Karuana (ABŞ, 2788), Nodirbek Abdusattorov (Özbəkistan, 2780), Cavaxir Sindarov (Özbəkistan, 2776), Aniş Giri (Niderland, 2767), Vinsent Kaymer (Almaniya, 2759), Əlirza Firuzca (Fransa, 2759), Uesli So (ABŞ, 2754) və Vey İ (Çin, 2753).

Qadın şahmatçılar arasında isə Azərbaycan təmsilçiləri arasında liderliyini Ülviyyə Fətəliyeva qoruyur. O, 2450 xalla dünya reytinqində 26-cı pillədədir. Digər şahmatçılarımızdan Günay Məmmədzadə (2374 xal) 69-cu, Gövhər Beydullayeva (2368 xal) 72-ci, Xanım Balacayeva (2350 xal) isə 94-cü yerdə qərarlaşıb.

Qadınlarda çinli Hou Yifan (2596) reytinq cədvəlinə başçılıq edir.

“Böyük Dəbilqə”: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu

30 April 2026 at 18:00

Mayın 1-3-də Tacikistanın paytaxtı Düşənbədə təşkil olunacaq cüdo üzrə “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.

Arena.az xəbər verir ki, mərasimdə idmançılarımızın da ilk rəqibləri bəlli olub.

Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq. Turnirdə 34 ölkədən 240 idmançı mübarizə aparacaq.

“Böyük Dəbilqə”nin təsnifat mərhələsi saat 11:00-da, final bloku isə 16:00-da start götürəcək.

60 kq
1/8 final. Murad Muradlı – Yan Motoli Bonqambe (Fransa)/Muhammadcon Maşaripov (Özbəkistan) cütünün qalibi ilə

66 kq
1/8 final. Nizami İmranov – Yerdaulet Bozşa (Qazaxıstan)
1/8 final. İslam Rəhimov – Nursultan Zayzaqaliyev (Qazaxıstan)

73 kq
1/8 final. Rəşid Məmmədəliyev – Binyomin Nazirov (Tacikistan)/Vlad Mitru (Moldova) cütünün qalibi ilə

+100 kq
1/8 final. Uşanqi Kokauri – Mohammadpuria Banaeyan Tolki (İran)
1/8 final. Camal Qamzatxanov – Yovan Pekoviç (Monteneqro)

İlham Əliyev güləş millimizi qəbul etdi – Video

30 April 2026 at 15:30

Bu gün – aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev güləş üzrə yığma komandalarımızın üzvləri ilə görüşüb.

Arena.az bu barədə president.az saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olmuş yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib.

Dövlətimizin başçısı görüşdə çıxış edib. Prezident İlham Əliyevin çıxışı:

“Salaməleyküm, əyləşin.

İlk növbədə, milli komandamızı Tiranada keçirilmiş Avropa çempionatında qazandığı böyük qələbə münasibətilə təbrik edirəm. Bu qələbə bizim hamımızı sevindirdi. Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər. Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Xüsusilə nəzərə alsaq ki, bu gün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir, bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və mübarizə də çox gərgin idi. Bəzi yarışları mən də izləmişəm və görmüşəm ki, bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər. Bu, əlbəttə, bütün xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir. Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq. Şadam ki, tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər. Bu onu göstərir ki, məşq prosesi, seleksiya prosesi düzgün qurulubdur. Bu münasibətlə federasiyanı təbrik edirəm, məşqçiləri təbrik edirəm və əlbəttə ki, ilk növbədə, idmançıları.

Hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir”.

“Nəsillər dəyişir, amma bir şey dəyişmir, o da Azərbaycan idmanının uğurları”

“Federasiyaya gəldikdə onu da qeyd etməliyəm ki, bizim tanınmış idmançılarımız, Olimpiya çempionları federasiya rəhbərliyində təmsil olunurlar. Məşqçilər arasında da tanınmış idmançılar təmsil olunur. Bu gün məşqçi kimi fəaliyyət göstərən idmançıların yarışlarını vaxtilə mən özüm izləmişəm, həm Bakıda, həm Olimpiya Oyunlarında onlara azarkeşlik etmişəm. İndi isə onların yetirmələri bizi sevindirir. Bax belə, nəsillər dəyişdikcə güləş və bütövlükdə idman Azərbaycanda nəinki yaşayır, hətta inkişaf edir və yeni zirvələrə çatır. Nəsillər dəyişir, amma bir şey dəyişmir, o da Azərbaycan idmanının uğurları.

Əlbəttə, indi federasiya, xüsusilə bölgələrdə olan gənc idmançıları məşq, təlim toplanışlarına cəlb etmək üçün işini bundan sonra da təkmilləşdirəcək. Çünki bu gün hər bir bölgədə həm Olimpiya İdman kompleksləri var, eyni zamanda, güləş zalları. Ona görə bu seleksiya işi, əlbəttə ki, gələcək uğurlarımızın əsasını təşkil edəcək.

Azərbaycan idmanının ümumi inkişafına gəldikdə hər şey göz qabağındadır. Həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında bizim idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Əlbəttə ki, uğurlarla bərabər məğlubiyyətlər də olur. Amma idmanda hər şey mümkündür. Əsas odur ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir”.

“Hər şey mənim gözümün önündə keçib”

“Mən sizi bu münasibətlə bir daha təbrik edirəm. Mənim idmançılarla görüşlərim müntəzəm xarakter daşıyır. 30 ilə yaxın müddət ərzində Azərbaycan Olimpiya Komitəsinə rəhbərlik edirəm. Bu 30 ilə yaxın müddət ərzində, əlbəttə ki, bir çox müsbət məqamlar olub. Əsas odur ki, idmanın dayanıqlı inkişafı, uğurlarımızın ardıcıl şəkildə davam etməsi və gənc nəslin yetişməsi – hər şey mənim gözümün önündə keçib. Görün, neçə nəsil dəyişib, amma bu gün biz yenə də uğurlarla fəxr edirik. Əsas budur və əminəm, həm Güləş Federasiyası, həm bizim digər federasiyalarımız gələcəkdə öz işlərini elə quracaqlar ki, Azərbaycan xalqı idman yarışlarına baxanda daim sevinc hissləri keçirsin.

Əlbəttə, ölkəmizdə keçirilən idman yarışları idman növlərini populyarlaşdırır. Bizim təcrübəmiz də böyükdür, çox böyük beynəlxalq yarışlar keçirmişik, həm Avropa Oyunlarını, həm İslam Həmrəyliyi Oyunlarını. Bunlar demək olar ki, Yay Olimpiya Oyunlarının səviyyəsinə çox yaxındır. Keçən il MDB Oyunlarını özü də paytaxtda yox, bölgələrdə keçirmişik. Yəni bu onu göstərir ki, çox güclü potensial var və idmana, idmançılara qayğı dövlət siyasətidir. Əminəm ki, idmançılar da bunu görür və hiss edirlər. Bir daha sizi təbrik edirəm, sizə yeni uğurlar arzulayıram”.

Güləşçilərimizdən Prezidentə təşəkkür

Sonra idmançılar çıxış ediblər.

Sərbəst güləşçi Turan Bayramov deyib: “Cənab Prezident, ilk növbədə, dəyərli vaxtınızı ayırıb bizi qəbul etdiyiniz üçün sərbəst güləş milli komandası adından Sizə təşəkkürlərimizi bildiririk. Ölkəmizi Avropa çempionatında layiqincə təmsil etdik. Komandamız ardıcıl surətdə ikinci dəfədir Avropa çempionu olur. Sizin bizi qəbul etməyiniz məsuliyyətimizi daha da artırır, bizə böyük bir stimul verir. Mən də inanıram və əlimdən gələni edəcəyəm ki, gələcəkdə qarşınıza qızıl medalla çıxım”.

Yunan-Roma güləşçisi Həsrət Cəfərov deyib: “Cənab Prezident, ilk növbədə, Sizi salamlayıram. Bizi qəbul etdiyiniz üçün çox sağ olun. Bildiyiniz kimi, Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazandım. Bu, mənim ümumilikdə dördüncü qızılımdır və yarış həqiqətən də çox çətin keçdi. Dördqat Avropa çempionu kimi Azərbaycan yunan-Roma güləşi tarixində bir rekorda imza atdım. Bizi belə dəstəklədiyiniz, bizə göstərdiyiniz diqqət və qayğı üçün Sizə öz təşəkkürümüzü bildiririk. Sizin diqqət və qayğınız bizim üçün ən böyük məsuliyyətdir. Çox sağ olun”.

Qadın güləşçi Jalə Əliyeva deyib: “Cənab Prezident, bu gün burada çıxış etmək mənim üçün böyük şərəfdir. Mən dörd il bundan qabaq da Sizinlə görüşdə iştirak etmişdim. 23 yaşadək güləşçilər arasında Avropa çempionu olmuşdum. Bu dəfə isə böyüklərdən ibarət yarışda Avropa mükafatçısı oldum. Biz Sizin diqqət və qayğınızı hər zaman hiss edirik. Bizi dəvət etdiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun”.

“Qızların da medalçılar arasında olmalarına çox şadam”

Prezident İlham Əliyev deyib: Çox sağ olun. Komandamız çoxmillətlidir, hələ hamı Azərbaycan dilini kifayət qədər bilmir, ona görə də rus dilində bir neçə söz demək istərdim. Hamını bir daha təbrik etmək və Azərbaycanı beynəlxalq arenada belə layiqincə təmsil etdiyinizə görə təşəkkürümü bildirmək istərdim. Əlbəttə, Avropa çempionatında belə bir mühüm, deyərdim ki, tarixi qələbədən danışarkən xüsusi qeyd etmək istərdim, həm yunan-Roma güləş növündə, həm də sərbəst növdə güləşçilər birinci yeri qazanıblar. Yəni bu, çox əhəmiyyətlidir.

Qızlara gəldikdə onların da medalçılar arasında olmalarına çox şadam. Bu, qızlar arasında da gənc nəslin güləşə böyük maraq göstərdiyindən xəbər verir. Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm. Qızlar arasında medalçılar daha çox ola bilərdi, amma kiminsə bəxti gətirmədi. Ola bilər ki, hər hansı səhvlər də oldu, lakin bu mühümdür, çünki həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşi üzrə bütün istiqamətlər Azərbaycanda inkişaf edir.

Milli komandada belə yaxşı ab-havanın, ruh yüksəkliyinin olmasına çox şadam, hamı vahid ailə kimi bir-birinin uğuruna, qələbəsinə sevinir və bu, çox qiymətlidir.

Əlbəttə, qeyd etməli olduğum daha bir vacib məqam ondan ibarətdir ki, tanınmış idmançılar daim cəmiyyətin diqqət mərkəzindədirlər. İdmançılarımızın həm cəmiyyətdə, həm də məişətdə özlərini layiqincə aparmaları məni eyni dərəcədə çox sevindirir. Məşhur idmançıların, çempionların adi həyatda məhz bu səviyyəni saxlaya bilmədiklərinə dair tarixdə çoxlu nümunələr var və bir müddət sonra onlara idmançı kimi münasibət həmin səhvlər və ya yanlış hərəkətlər ucbatından pis istiqamətdə dəyişir. Bizdə isə artıq dediyim kimi, ən azı mənim təqribən 30 ildir Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyim dövrdə xatırladığıma görə, belə hallar olmayıb. Bu, çox vacibdir”.

“Avropada heç də hamı Azərbaycanın qələbələrinə sevinmir”

Medallardan heç də az əhəmiyyətli olmayan odur ki, çempionlar və mükafatçılar, həmçinin cəmiyyətdə və çalışdıqları kollektivlərdə yüksək mənəvi keyfiyyətlər nümayiş etdirsinlər. Bu belə də olmalıdır. Əlbəttə ki, burada çempionlarımızın — Olimpiya çempionlarının, Avropa çempionlarının və dünya çempionlarının nümunəsi var. Dediyim kimi, vaxtilə federasiyaya rəhbərlik edənlərə və məşqçilərə azarkeşlik etmişəm, bu gün isə onlar öz tələbələrinə azarkeşlik edirlər. Bu, bizim regionumuzda ənənələrin davamlılığıdır. Tarixdə ənənələr həmişə mühüm rol oynayıb və bu, Azərbaycan cəmiyyətində və bütövlükdə Qafqaz regionunda davam edir. Bu, bizi daha da yaxınlaşdırır.

Buna görə də idmançılarımızın həm mübarizə meydanında, həm də ondan kənarda özlərini necə ləyaqətli apardıqlarını xüsusi vurğulamaq istərdim. Hakim səhvləri və ya ədalətsizliklər baş verdikdə belə, ləyaqətli davranışı qorumaq həmişə vacibdir. Çünki bəzən qərəzlilik olur – biz bunu Azərbaycan idmançılarına qarşı təkcə güləşdə deyil, xüsusən də Avropa yarışlarında dəfələrlə görmüşük. Maraqlıdır, bir qayda olaraq Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur. Yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir.

Məhz bu səbəbdən bir daha məmnunluqla qeyd etmək və arzulamaq istərdim ki, harada olmağınızdan asılı olmayaraq, – xalça üzərində və xalçadan kənarda, – layiqli davranış prinsiplərinə daim sadiq qalmağa davam edəcəksiniz. Bu, ölkəmizi təmsil edən bütün idmançılara aiddir.

Beləliklə, bir daha təbrik edirəm və yeni qələbələr arzulayıram. Sağ olun”.

ABL: “Sabah” final seriyasına qələbə ilə başladı

29 April 2026 at 22:30

Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün qalibini müəyyənləşdirəcək final seriyasına start verilib.

Arena.az xəbər verir ki, bu gün “Sabah” və “Abşeron Lions” komandaları arasındakı final seriyasının ilk oyunu keçirilib.

Bakı İdman Sarayında baş tutmuş oyuna “Abşeron Lions” üstün başlayıb və 12 xallıq fərqlə önə keçib. Oyunun 3-cü periodundan etibarən geridönüş etməyi bacaran “Sabah” basketbolçuları yekunda 98:93 hesablı qələbə qazanaraq, super seriyada ümumi hesabı 1:0 ediblər.

Final seriyasının ikinci oyunu mayın 2-də baş tutacaq. Qarşılaşmaya saat 14:00-da start veriləcək.

Qeyd edək ki, ABL-in 2025/2026-cı illər mövsümünün reqlamentinə əsasən, final seriyasında ən tez üç qələbə qazanmış komanda Azərbaycan çempionu olacaq.

Azərbaycan Basketbol Liqasının sonuncu qalibi məhz “Sabah” komandasıdır.

Xetaq Qazyumov: “Bu uğurla kifayətlənməyəcəyik”

28 April 2026 at 17:00

Azərbaycanın sərbəst güləş üzrə millisinin baş məşqçisi Xetaq Qazyumov Avropa çempionatındakı uğuru şərh edib.

Arena.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada komanda hesabında Avropa çempionu olmuş sərbəst güləş üzrə milli vətənə qayıdıb.

3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan yığmamız üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda təntənəli qarşılanma mərasimi keçirilib.

Xetaq Qazyumov qarşılanma mərasimində bunları söyləyib:

“Komandamızın hesabında Avropa çempionu olduğumuz üçün çox xoşbəxt və qürurluyuq. Çempionluğumuz komanda olaraq birgə işləməyimizin nəticəsidir. Bizə daim və qayğı göstərən Azərbaycan Güləş Federasiyasına, Gənclər və İdman nazirliyinə, Milli Olimpiya Komitəsinə, eləcə də bizi dəstəkləyən, bizim üçün dua edən və bizim üçün həyəcan keçirən hər kəsə öz minnətdarlığımı bildirirəm. Bu qələbə münasibətilə məşqçiləri, idmançıları və həkim heyətini təbrik edirəm. Təbii ki, bu uğurla kifayətlənməyəcəyik. Hər birinin əməyi və zəhməti böyükdür. İndi bir az istirahət edəcəyik. Ondan sonra isə dünya çempionatının hazırlığına start verəcəyik. Növbəti qələbələrlə azarkeşlərin etimadını doğrultmağa çalışacağıq”.

Elçin Zeynalov, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi:

“İdmançılarımız Azərbaycan xalqını sevindirdi. Komandamız Avropa çempionu oldu. Buna görə məşqçilərimizi, idmançılarımızı və xalqımızı təbrik edirəm. Allah onlara uzun ömür versin. Arzu edirəm ki, Olimpiya Oyunlarında da qızıl medal qazanarlar”.

Avropa çempionları danışır

İslam Bazarqanov, Avropa çempionu:

“Avropa çempionatı olduğum üçün çox xoşbəxtəm. İki dəfə bürünc medal qazanmışdım. Allah şükür ki, bu dəfə medalın əyarını qızıla çevirə bildim. Rəqibim güclü idi. Sevinirəm ki, dünya çempionatındakı məğlubiyyətin revanşını ondan ala bildim. Ən çətin görüşüm finalda oldu. 8:0 öndə idim. Rəqib tempi artıraraq fərqi azaltdı. Arxayınlaşmaq olmazdı”.

Ali Tsokayev, Avropa çempionu:

“Bu, böyüklərin Avropa çempionatında ilk çıxışım idi. Çox sevinirəm ki, debütümdə qızıl medal qazandım. Bu uğurumd Azərbaycan Güləş Federasiyasının rolu böyükdür. Ona görə də qələbəmi federasiyamıza və qələbəmə sevinən azarkeşlərə həsr edirəm. Dünya çempionatından da qızıl medal gözləyirəm. Bunun üçün məşqçilərimizin dəstəyilə öz üzərimdə çox çalışacağam”.

Georgi Meşvildişvili, Avropa çempionu:

“Titulumu qorudum. Bu qələbə münasibətiylə Azərbaycana, Azərbaycan Güləş Federasiyasına və məşqçi heyətinə öz minnətdarlığımı bildirirəm. Nə qədər ki, karyeramı davam etdirəcəyəm, hər zaman Azərbayacan güləşinə fayda verməyə çalışacağam”.

“Gümüş medalın əyarını qızıla çevirəcəyəm”

Turan Bayramov, Avropa ikincisi:

“Beş ildən sonra yenidən Avropa çempionatının finalına yüksəldim. Təbii ki, hədəfim qızıl medal idi. Minimal fərqlə məğlub oldum. Şükür, yenə medalsız qalmadım. 74 kq-da güclü rəqabət var. İnanıram ki, məşqlərimi daha da gücləndirərək dünya çempionatında bu gümüşü qızıla çevirəcəyəm. Millimiz həqiqətən çox güclüdür. Bütün çəkilər üzrə təmsilçilərimiz reytinq cədvəlində ilk dördlükdə yer alır. Bu da yığmamızın nə qədər güclü olduğu göstərir”.

Arseniy Djioyev, Avropa ikincisi:

“Çox sağ ol, Azərbaycan. Dəstəyinizə görə minnətdaram. Allaha şükür edirəm ki, məni gümüş medalla mükafatlandırdı. Azərbaycan Güləş Federasiyasına minnətdarlığımı bildirirəm. Bu müddət ərzində federasiya bizim üçün hər cür şərait yaratmışdı. Çəkdiyimiz zəhmət onu göstərdi ki, biz doğru yoldadıq. Allahın köməyi ilə, tezliklə, gümüş medalın əyarını qızıla çevirəcəyəm. Bu qələbədə zəhməti olan bütün məşqçi heyətinə təşəkkür edirəm”.

Cəbrayıl Hacıyev, Avropa üçüncüsü:

“Azərbaycan xalqına bizə göstərdikləri dəstək üçün təşəkkür edirəm. Komanda hesabında birinci olduq. Federasiyaya, məşqçi heyətinə və həkimlərə öz minnətdarlığımı bildirirəm. Yarımfinalda müəyyən səhvlər etdim. Hazırlıqlarda bu səhvlər üzərində çalışacağam. Qarşıdan dünya çempionatı gəlir. Orada qızıl medal qazanmaq istəyirəm. Bu, mənim Avropa çempionatında ikinci çıxışım idi. 2022-ci ildə məğlub olmuşdum. İndi isə ilk medalımı qazandım”.

Osman Nurmaqomedov:

“Bu, 97 kq-da çıxış etdiyim ilk Avropa çempionatı idi. Rəqibim olimpiya, dünya mükafatçısı və 3 qat Avropa çempionu idi. Görüş mənim üçün çətin keçdi. Fiziki baxımdan gücüm çatmadı. İlin sonuna qədər fiziki gücümü möhkəmləndirəcəyəm. Dünya çempionatından əvvəl reytinq turnirində iştirak edəcəyik. Həmin yarışda bu çəkidə özümü sübut etsəm, o zaman dünya çempionatında iştirak etməyimi uyğun görəcəklər. Sərbəst güləşdə ən rəqabətli çəkilərdən biri 97 kq-dır. Fürsətdən istifadə edib, 2025-ci ilin nəticələrinə görə Avropanın ən yaxşı sərbəst güləş məşqçisi seçilmiş Xetaq Qazyumova təşəkkürümü bildirirəm”.

Ali Tsokayev: “Nəticə istədiyim kimi oldu”

27 April 2026 at 12:30

Sərbəst güləş üzrə Avropa çempionu olmuş Ali Tsokayev (92 kq) Albaniyada keçirilmiş yarışla bağlı təəssüratlarını bölüşüb.

Arena.az xəbər verir ki, o, Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Bu, böyüklərin Avropa çempionatında debütüm idi. Keçən ay U-23 Avropa çempionatında qalib olmuşdum. Üzərimdə əməyi olan bütün məşqçi heyətinə, məni dəstəkləkləyənlərə öz minnətdarlığımı bildirirəm. Final görüşü istədiyim kimi başlamadı. Görüş bir az gərgin keçdi və bir qədər təzyiq var idi. Amma şükür, nəticə istədiyim kimi oldu. Gələn il, inşallah, 97 kq-da çıxış etməyi planlaşdırıram”.

Xatırladaq ki, Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatına 92 kq çəki dərəcəsində qatılmış Ali Tsokayev belaruslu Yaraslav Yadkovskiyə tam üstünlüklə (10:0) qalib gəldikdən sonra gürcüstanlı dünya və Avropa mükafatçısı Miriani Maysuradzeyə gücünü göstərib – 5:0. Tsokayev yarımfinalda isveçrəli Samuel Şerrerə də şans tanımayıb – 6:0. Ali finalda bolqarıstanlı Ahmed Batayevlə güləşib. Rəqibinə 5:3 hesabıyla qalib gələn güləşçimiz ilk dəfə qatıldığı Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Djioyev: “Bu medalın əyarını qızıla çevirəcəyəm”

27 April 2026 at 11:30

Sərbəst güləş üzrə Avropa ikincisi olmuş Azərbaycan təmsilçisi Arseniy Djioyev (86 kq) çıxışı ilə bağlı təəssüratlarını bölüşüb.

Arena.az xəbər verir ki, o, Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Allaha şükür olsun ki, bu nəticəni əldə etdim. Fürsətdən istifadə edib, Azərbaycan Güləş Federasiyasına, məni dəstəkləyən hər kəsə öz minnətdarlığımı bildirmək istəyirəm. Bizə bu cür şərait yaradan federasiyamıza təşəkkür edirəm. Çəkdiyimiz əziyyət onu göstərir ki, gələcəkdə qızıl medal da əldə bilərik. Çalışacağam ki, bu medalın əyarını qızıla çevirim”.

Xatırladaq ki, Albaniyanın paytaxtı Tiranada təşkil edilmiş yarışa 86 kq çəki dərəcəsində qatılmış Arseniy Djioyev (86 kq) əvvəlcə ukraynalı Denis Bikova (10:0), daha sonra moldovalı Yevgeni Mihaelkana (11:0) tam üstünlüklə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə isə latviyalı İvars Samusonok vaxtından əvvəl xalçanı məyus tərk edib – 12:2. Arseniy finalda rusiyalı İbrahim Kadiyevlə üz-üzə gəlib. O, minimal fərqlə məğlub olub (1:2) və gümüş medala sahib çıxıb.

Turan Bayramov: “Hədəfim Avropa çempionu olmaq idi”

27 April 2026 at 10:30

Sərbəst güləş üzrə Avropa ikincisi Turan Bayramov (74 kq) Albaniyada keçirilmiş yarışla bağlı təəssüratlarını bölüşüb.

Arena.az xəbər verir ki, o, Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Hədəfim Avropa çempionu olmaq idi. Artıq ikinci dəfədir ki, bu şansı əldən verirəm. Çox təəssüflənirəm. Final görüşündə taktiki səhv etdim. Bütün hesablarım 3:0-dan sonra puça düşdü. Bu medalı qızıla çevirmək üçün əlimdən gələni edəcəyəm. Rəqiblə güləş üslubumuz tamam fərqlidir. O, rəqibi tutub saxlamaqla fəndi edir. Mənə açıq güləşən rəqiblər daha rahat olur. Bu idmançı isə ancaq fiziki gücün hesabına, döşəkdən kənarlaşdıraraq üstünlük əldən edir. Bu, mənim güləş üslubuma əks olduğu üçün çətinlik çəkirəm. Yunan-Roma güləşində 77 kq, sərbəst güləşdə isə 74 kq ən çox rəqabətin olduğu çəkidir. Hər bir medal idmançı üçün dəyərlidir”.

Xatırladaq ki, Albaniyanın paytaxtı Tiranada təşkil edilmiş Avropa çempionatında 74 kq çəki dərəcəsində yarışan Turan Bayramov startda çətinliklə də olsa, neytral atlet statusuyla Avropa çempionatına qatılmış Fərhad Nurixorjestana minimal fərqlə (3:2) qalib gəlib. Güləşçimiz 1/4 finalda belaruslu Nikita Mayevskiyə heç bir şans tanımayıb – 8:0. Yarımfinalda gürcüstanlı Georgi Elbakidzeni (2:1) üstələmiş Bayramov finala yüksəlib. Turan həlledici görüşdə slovakiyalı Taymuraz Salkazanovla qarşılaşıb. Güləşçimiz rəqibinə 2:4 fərqlə uduzub və gümüş medalı boynundan asıb.

Cəbrayıl Hacıyev: “Çempion olmaq istəyirdim”

27 April 2026 at 09:30

Sərbəst güləş üzrə Avropa üçüncüsü Cəbrayıl Hacıyev (79 kq) Albaniyada keçirilmiş turnirlə bağlı təəssüratlarını bölüşüb.

Arena.az xəbər verir ki, o, Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Şükürlər olsun, komanda olaraq yaxşı çıxış etdik. Kislovodskidə yaxşı təlim-məşq toplanışı keçdik. Axırıncı hazırlığımız Bakıda oldu. Müəllimlərimin hamısı yanımda idi. Bu mənim böyüklərin Avropa çempionatında ikinci çıxışım idi. Əlbəttə, çempion olmaq istəyirdim. Bu dəfə üçüncü yerə çıxdım. İnşallah, gələn il daha da yaxşı hazırlaşıb, bu medalın əyarını qızıl edərəm. Qarşıdan dünya çempionatı gəlir. Ona da yaxşı hazırlaşacağam”.

Xatırladaq ki, Cəbrayıl Hacıyev (79 kq) Albaniyanın paytaxtı Tiranada təşkil edilmiş Avropa çempionatının 1/4 finalında slovakiyalı Avropa çempionu və dünya mükafatçısı Axsarbek Qulayevdən güclü olub – 7:2. Ancaq yarımfinalda belaruslu olimpiya və Avropa mükafatçısı Maqamedxabib Kadimaqamedova 1:5 hesabıyla məğlub olub. Güləşçimiz üçüncü yer uğrunda görüşdə Şimali Makedoniyanı təmsil edən Rasul Şapiyevə şans tanımayıb – 8:0. Bununla da Cəbrayıl Avropa çempionatının bürünc medalını boynundan asıb və karyerasının ən böyük uğuruna imza atıb.

Azərbaycan millisi 6-cı dəfə Avropa çempionu oldu!

27 April 2026 at 00:20

Albaniyanın paytaxtı Tiranada təşkil edilmiş Avropa çempionatı sərbəst güləş üzrə Azərbaycan millisi üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatına bu gün yekun vurulub.

Yunan-Roma güləşi üzrə millinin ardınca sərbəst güləş üzrə Azərbaycan millisi də Avropanın zirvəsini fəth edib. 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanmış komandamız 152 xal toplayaraq 6-cı dəfə Avropa çempionu olub. Millimiz 2-ci yeri tutmuş Gürcüstanı 58 xal qabaqlayıb. Ermənistan isə 73 xalla üçüncü olub.

Buna qədər Azərbaycan güləşin bu növündə 2009, 2017, 2022, 2023 və 2025-ci illərdə qitənin ən güclü ölkəsi olmuşdu.

Millimiz Albaniyada medalların əyarına görə, son 17 ilin ən yaxşı nəticəsinə imza atıb. 3 qızıl, 2 gümüş və 1 bürünc medal 2009-cu ildən bu yana Avropa çempionatında sərbəst güləşdə ən yaxşı göstəricimizdir.

Xatırladaq ki, Tiranada İslam Bazarqanov (57 kq), Ali Tsokayev (92 kq) və Georgi Meşvildişvili (125 kq) Avropa çempionu olublar. Turan Bayramov (74 kq) və Arseniy Djioyev (86 kq) gümüş medalla kifayətləniblər. Cəbrayıl Hacıyev (79 kq) isə bürünc medal qazanıb.

Beləliklə, Azərbaycan 2022 və 2025-ci illərdə olduğu kimi, həm yunan-Roma, həm də sərbəst güləş üzrə komanda hesabında Avropa çempionu olaraq qızıl dubla imza atıb.

❌
❌