Normal view

Today — 9 July 2026Main stream

AMADA regionda ilkə imza atdı

9 July 2026 at 14:48

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) regionda ilk dəfə “Antidopinq sahəsində sertifikatlı təlimçilərin hazırlanması” proqramına start verib.

Futbolpress.az xəbər verir ki, müxtəlif idman federasiyaları və təşkilatlarını təmsil edən 32 iştirakçının cəlb olunduğu proqramın məqsədi antidopinq sahəsində daxili ekspert resurslarının formalaşdırılmasını, institusional bilik və bacarıqların gücləndirilməsini, eləcə də əldə olunan antidopinq sahəsində biliklərin sistemli şəkildə daha geniş auditoriyaya çatdırılmasını təmin etməkdir.

Proqramın təlim hissəsi üç qrup və antidopinq fəaliyyətinin əsas istiqamətlərini əhatə edən üç tematik modul və təqdimat bacarıqları üzrə keçirilib. Təlim iştirakçıları antidopinq sahəsində hüquqi çərçivə, testetmənin əsasları, tibbi aspektlər və təqdimat bacarıqları üzrə bilik və bacarıqlar əldə ediblər. Tədris materialları beynəlxalq antidopinq standartlarına uyğun hazırlanıb. Proqramın məzmunu isə 1 yanvar 2027-ci il tarixindən qüvvəyə minməsi nəzərdə tutulan yeni Ümumdünya Antidopinq Məcəlləsinin prinsip və tələbləri nəzərə alınmaqla formalaşdırılıb.

Açılış nitqində AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə proqramın əhəmiyyətini vurğulayaraq bildirib ki, beynəlxalq antidopinq təcrübəsində təhsil dopinqlə mübarizənin ən vacib istiqamətlərindən biri hesab olunur. Onun sözlərinə görə, antidopinq qayda pozuntularının qarşısının alınmasında ən effektiv vasitə maarifləndirmə və təhsildir, çünki davamlı profilaktik nəticələr yalnız sistemli təhsil fəaliyyəti ilə əldə edilə bilər.

“Beynəlxalq təcrübə göstərir ki, federasiyaların öz daxilində hazırlıqlı və sertifikatlı təlimçilərin olması antidopinq təhsilinin davamlılığını və əlçatanlığını əhəmiyyətli dərəcədə artırır. Bu yanaşma biliklərin daha çevik ötürülməsinə, idmançı və mütəxəssislərlə müntəzəm əlaqənin qurulmasına, eyni zamanda təmiz idman dəyərlərinin təşkilat daxilində daha effektiv təşviqinə imkan yaradır. Məqsədimiz ölkədə keyfiyyətli antidopinq təhsilinin dayanıqlı və uzunmüddətli modelini formalaşdırmaqdır”, – deyə İcraçı direktor əlavə edib.

Proqramın yekun mərhələsində iştirakçılar nəzəri biliklər və təqdimat bacarıqlarını əhatə edən kompleks attestasiyadan keçəcəklər. İmtahanı uğurla başa vuran iştirakçılara AMADA tərəfindən rəsmi birillik “Təlimçi sertifikatı” təqdim olunacaq. Sertifikat sahibi olan təlimçilər təmsil etdikləri idman təşkilatlarında antidopinq üzrə təlim və seminarlar keçirmək, həmçinin AMADA ilə əməkdaşlıq çərçivəsində maarifləndirici və tədris fəaliyyətlərini həyata keçirmək icazəsi əldə edəcəklər. Təlimlərin keyfiyyətinin və effektivliyinin təmin olunması məqsədilə Agentlik tərəfindən mütəmadi monitorinq tədbirləri həyata keçiriləcək. Sertifikatlı təlimçilərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi üçün illik resertifikasiya mexanizmi tətbiq olunacaq.

Yeni proqramın ölkədə antidopinq təhsilinin əhatə dairəsinin genişlənməsinə, federasiyaların institusional potensialının güclənməsinə və təmiz idman mədəniyyətinin daha da inkişafına mühüm töhfə verəcəkdir.

❌
❌