Normal view

Yesterday — 15 July 2026Main stream

“Məqsədimiz milli komandalara çox oyunçu göndərməkdir”

15 July 2026 at 18:45

“Turan Tovuz” akademiyasın Uşaq Futbolunun İnkişafı üzrə direktor Eltay Aslanovun “Futbolpress.az”a müsahibəsi:

– Uşaq futbolunun mənzərəsini necə ifadə edərdiniz?
– Bölgələrdə kütləvilik var. Artıq demək olar, hər “zona”da uşaq komandaları üçün yarışlar təşkil olunur. Əvvəl uşaq futbolu müəyyən bölgələrlə məhdudlaşırdı, ancaq son illər kütləvilik baxımından müsbət dinamika var.

– Hər sahədə olduğu kimi, uşaq futbolunda da problemlər qaçılmazdır. Əsas çatışmazlıqlar nələrdir?
– Problemlər çoxdur. İlk növbədə meydançalarla bağlı çatışmazlıq var. Bu da uşaq futbolunda mənfi mənada sözünü deyir. Stadion problemləri tez həll edilsə daha yaxşı inkişafa nail olmaq olar.

– Akademiyada işlər necədir?
– Uşaqlar akademiyada futbolun sirrlərini, dərin ambisiyaları hiss edir, yaxından tanış olurlar. Məşqçilər də öz növbələrində çalışır ki, yetirmələri gələcəkdə Azərbaycan futbolunda sözlərini deyə bilsin. Bu, həm uşaqlar, həm də məşqçilər üçün həvəsləndirici məqamdır.

– Klubun bir müddət elitada olması bölgədə uşaq futboluna necə təsir etdi?
– “Turan Tovuz”un Premyer Liqaya gec qayıdışı və komandanın uzun müddət divizionda mübarizə aparması çətinlik yaşatdı. Çox uşaq başqa klubların akademiyasına getdilər. Bu səbəbdən durğunluq yaranmışdı. Amma son illərdə komandanın Premyer Liqada iddialılardan birinə çevrilməsi, akademiyanın qurulması yenidən inkişafa təkan verib.

– Qarşınıza hansı hədəfləri qoymusunuz?
– Məqsədimiz yaxşı futbolçular yetişdirmək, milli komandalara çox oyunçu göndərməkdir. Akademiya, klub olaraq bu istiqamətdə ciddi işlər görürük. Düşünürəm ki, bəhrəsini də görəcəyik.

– Son 10 ilə baxsaq, ümumilikdə ölkədə uşaq futbolu ilə bağlı hansı inkişaf nəzərə çarpır?
– Neçə illərdir, mütəxəssislər problemlərdən danışır, çatışmazlıqları deyirlər, amma təssüfflər olsun ki, həll yolu tapılmır. Öncə də qeyd etdim, əsas məsələ stadionlardır. Bölgələrdə seleksiya işləri artmalıdır, istedadlı uşaqlar daim diqqətdə saxlanılmalıdır. Liqalarda yeniliklər olur və düşünürəm ki, getdikcə daha yaxşı inkişafa nail ola biləcəyik. Kütləviliyin artması da müsbət məqamlardandır.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

❌
❌