Elvin Cəfərquliyev “Qarabağ”la birlikdə Avstriyaya yollandı
Futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Elvin Cəfərquliyev “Qarabağ”la birlikdə Avstriyaya təlim-məşq toplanışına yollanıb.
Arena.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.
25 yaşlı cinah müdafiəçisi səfərə yollanmış futbolçular arasında yer alıb.
Xatırladaq ki, Elvin Cəfərquliyev 2025/2026-cı illər mövsümünün sonunda intizam qaydalarını pozduğu üçün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılmışdı. Ağdam təmsilçisi bu üzdən onu transferə çıxarıb. Yəni Cəfərquliyev Avstriyadakı təlim-məşq toplanışına yollansa da, onun hələ də klubdan ayrılmaq ehtimalı var. Amma onun komandada qalması da istisna edilmir.
“Keşlə”nin (indiki “Şamaxı”) yetirməsi olan Cəfərquliyev 2017-ci ildən “Qarabağ”ın sıralarındadır. O, 2019/2020-ci illər mövsümündə “Sumqayıt”da icarə əsasında oynadıqdan sonra – 2019-cu il iyulun 1-də “Qarabağ”la yeni müqavilə bağlayıb.
Elvin indiyə qədər “Qarabağ”ın heyətində 228 oyuna çıxıb, 10 qol və 37 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt”da dəyəri 2 milyon avro göstərilən Cəfərquliyev Azərbaycan milli komandasının heyətində 37 oyun keçirib, 1 qol vurub, 4 məhsuldar ötürmə verib.