Pedro: “Doğru zaman gələndə, karyeram üçün ən yaxşı qərarı verəcəyəm”
“Karvan-Yevlax” Misli Premyer Liqasının XXIII turunda “Sumqayıt”la heç-heçə edib – 1:1.
Matçdan sonra Yevlax təmsilçisinin qapıçısı Pedro Mateus “Futbolpress.az“ın suallarını cavablandırdı:
– Son dəqiqədə vurulan qolla məğlubiyyətdən xilas oldunuz. Fikirləriniz nədir?
– Düşünürəm ki, əslində yaxşı oyun keçirdik. Komanda daha çox qol imkanları yaratdı və matç boyu rəqabətli oynadıq. Təəssüf ki, şanslarımızı daha əvvəl qola çevirə bilmədik, amma komanda son ana qədər inanmağa davam etdi və son dəqiqədə qol vuraraq bir xal qazana bildik. Oyundakı performansımıza baxsaq, düşünürəm ki, bu matçdan nəsə qazanmağa layiq idik.
– Oyunda penalti də olmaqla, kritik seyvlər etdiniz. Öz performansınızı necə qiymətləndirirsiniz?
– Qapıçı kimi mənim işim komanda ehtiyac duyanda ona kömək etməkdir. Bir neçə vacib seyv edə bildiyimə, o cümlədən penalti zərbəsini qaytardığıma görə xoşbəxtəm, amma mənim üçün ən vacib şey həmişə komandanın nəticəsidir. Əlbəttə, bu mənim özünəinamım üçün də yaxşıdır, amma mən həmişə diqqətli olmağa və daha da inkişaf etmək üçün çalışmağa davam edirəm.
– Göstərdiyiniz performansla bəzi klubların diqqətini cəlb edirsiniz. Azərbaycandakı karyeranızla bağlı planlarınız nədir?
– Hazırda bütün diqqətim komandama kömək etməyə və mövsümü mümkün olan ən yaxşı şəkildə başa vurmağa yönəlib. Futbolda gələcəklə bağlı həmişə söz-söhbətlər olur, amma mən sakit qalmağa və işimə fokuslanmağa çalışıram. Doğru zaman gələndə, karyeram üçün ən yaxşı qərarı verəcəyəm.
– Liqada qalmaq şansınızı necə qiymətləndirirsiniz?
– Bilirk ki, vəziyyət asan deyil və xal fərqi artır, amma biz hələ də inanırıq. Hələ oynanılacaq oyunlar var və hər xal uğrunda mübarizə aparmalıyıq. İndi ən vacib məsələ komanda olaraq birlikdə qalmaq, həftə ərzində çox çalışmaq və hər oyuna vəziyyəti dəyişə biləcəyimizə inanaraq çıxmaqdır.
Şahin Cəfərov