Reading view

“Turan” Tovuza qayıdır – PFL rəsmən açıqladı

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz” cari mövsümün qalan oyunlarını doğma meydanda keçirəcək.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Tovuz şəhər stadionunun qazonunda aparılmış yenidənqurma işləri Peşəkar Futbol Liqası tərəfindən təftiş olunub. Keçirilmiş test qarşılaşmasının uğurlu nəticələri nəzərə alınaraq, komandanın ev oyunlarının Tovuz şəhər stadionuna qaytarılması qərara alınıb. Bu dəyişiklik aprelin 12-də “Sumqayıt”a qarşı keçiriləcək qarşılaşmadan etibarən qüvvəyə minəcək.

Daha əvvəl qərb təmsilçisi ev oyunlarını Bakıdakı “Azərsun Arena”da və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirirdi.

Xatırladaq ki, “Turan Tovuz” cari mövsümdə Premyer Liqa çərçivəsində keçirdiyi 26 oyunda 14 qələbə qazanıb, 7 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb. 49 xal toplamış qərb təmsilçisi 12 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb. Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv Azərbaycan Kubokunda da mübarizəni davam etdirir.

“Ayın qolu”: Mart ayının qalibləri bəlli oldu – Video

Peşəkar Futbol Liqası (PFL) tərəfindən təşkil edilmiş “Ayın qolu” layihəsi çərçivəsində 2026-cı ilin mart ayının qalibləri müəyyənləşib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, Azərbaycan Premyer Liqasında mart ayının ən yaxşı qolunun müəllifi “Zirə”nin türkiyəli legioneri Eren Aydın olub. O, Premyer Liqanın 23-cü turu çərçivəsində qarşılaşdıqları “Kəpəz”lə ev oyununda komandasının ilk qoluna imza atmışdı. Bu oyun 2:2 hesablı bərabərliklə yekunlaşmışdı.

Birinci Liqada Tərlan Quliyev (“Şəfa”), İkinci Liqada Emil Quluzadə (“Qaradağ Lökbatan”) birinci olub.

Qeyd edək ki, PFL Premyer Liqada, Birinci Liqada və İkinci Liqada “Ayın qolu” layihəsinin qaliblərini 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdirir. Səsvermə nəticəsində bərabərlik olarsa, yekun qərarın verilməsi PFL-in səlahiyyətləri daxilindədir.

❌