Reading view

Zelim Tçkayev AÇ-də bürünc medalla kifayətləndi

Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Arena.az xəbər verir ki, bu gün Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayıb.

Yarışın üçüncü günündə Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi 81 kq), Murad Fətiyev (90 kq) və Südabə Ağayeva (70 kq) tatamiyə çıxıblar.

Südabə Ağayeva 1/8 finalda Szofi Ozbasa (Macarıstan), eyni mərhələdə Ömər Rəcəbli (81 kq) Vasiliye Qrujiçiçə (Serbiya), Murad Fətiyev (90 kq) isə 1/16 finalda Aleks Çretə (Rumıniya) uduzaraq yarışı mükafatsız başa vurublar.

Yalnız Tçkayevin çıxışı nisbətən uğurlu alınıb. İdmançımız üçüncü yer uğrunda görüşdə belçikalı Mattias Kasseyə qalib gəlib və qitə birinciliyini bürünc medalla tamamlayıb.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.

Daha əvvəl Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar.

Hidayət Heydərov AÇ-nin finalında uduzdu

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Avropa çempionatında mübarizəyə qoşulub.

Arena.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan son Olimpiya çempionu 1/16 finalda Konstantinos Tsaparasla (Yunanıstan) qarşılaşıb və rəqibinə ipponla qalib gəlib.

Heydərov 1/8 finalda kosovolu Dardan Çenadan üstün olub. O, 1/4 finalda Fransanı təmsil edən Dayyan Boulemtafesə qalib gəlib. Hidayət yarımfinalda türkiyəli Bilal Çiloğlunu da məğlub edib. O, finalda 2012-ci il Olimpiya çempionu Laşa Şavdatuaşvili ilə üz-üzə gəlib. Cüdoçumuz gərgin mübarizə şəraitində keçən görüşdə hakimlərin ədalətsiz qərarı səbəbindən bu rəqibinə uduzub.

Xatırladaq ki, Hidayət Heydərov bundan əvvəl 5 dəfə Avropa çempionatında finala vəsiqə qazanmışdı. O, bunların 4-də çempion olmuş, birində isə gümüş medal əldə etmişdi. Heydərov 1 dəfə dünya çempionu da olub.

Tiflisdə keçirilən Avropa çempionatının ilk günündə mübarizəyə qoşulmuş Azərbaycanın 7 cüdoçusundan ikisi – Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanmışdılar.

Avropa çempionatı aprelin 19-da başa çatacaq. Azərbaycan qitə birinciliyində 11 çəki dərəcəsində 15 cüdoçu (9 kişi və 6 qadın) ilə təmsil olunur.

Hidayətdən uğurlu start

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında mübarizəyə başlayıb.

Futbolpress.az xəbər verir ki, 73 kq-da yarışan idmançı 1/16 finalda yunanıstanlı Konstantinos Tsaparasa ilə qarşılaşıb. Görüş Hidayətin qələbəsiylə başa çatıb. O, rəqibini ipponla məğlub edib.

Hidayət 1/8 finalda Dardan Çena (Kosovo) ilə qarşılaşacaq.

Ötən gün mübarizəyə qoşulan 7 cüdoçumuzdan ikisi – Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.

Avropa çempionatı aprelin 19-da başa çatacaq.

Turan Bayramov və Əhməd Yusifovdan AÇ-də “bürünc”

Azərbaycan cüdoçuları Turan Bayramov və Əhməd Yusifov bu gün Avropa çempionatının bürünc medalını qazanıblar.

Arena.az xəbər verir ki, Gürcüstanın paytaxtı Tiflis şəhərində təşkil edilmiş qitə birinciliyinə strart verilib.

İlk yarış günündə Azərbaycan milli komandasının 7 üzvü tatamiyə çıxıb. Onlardan yalnız ikisinin çıxışı daha uğurlu alınıb.

Gültac Məmmədəliyeva (52 kq) yarışa uğurlu başlayıb. Təmsilçimiz 1/16 final mərhələsində Lüksemburq idmançısı Karla Tavares Fernandeslə qarşılaşıb. Görüşdən qalib ayrılan Məmmədəliyeva növbəti mərhələyə yüksəlib. Lakin o, növbəti raundda macarıstanlı idmançı Reka Ruppaya məğlub olaraq çıxışını başa vurub.

52 kq çəki dərəcəsindəki digər təmsilçimiz Leyla Əliyeva da 1/8 finala yüksəlib. Azərbaycanlı idmançının 1/16 finaldakı rəqibi serbiyalı Nikolina Nişaviç görüşə çıxmayıb. Nəticədə Leyla döyüşmədən mərhələ adlayıb. Əliyeva növbəti raundda dünya çempionu italiyalı Odette Cuffridaya qızıl xal bölümündə məğlub olaraq çıxışını 1/8 final mərhələsində başa vurub.

48 kq-da yarışan Könül Əliyeva ilə Şəfəq Həmidovanın da siftəsi uğurlu alınıb. Könül 1/16 finalda Amber Qersyesi (Niderland), Şəfəq isə Erza Muminoviçi (Kosovo) məğlub edərək 1/8 finala yüksəlib. Əliyeva 1/8 finalda İspaniya idmançısı Laura Martines Abelendaya uduzduğu üçün mübarizəni dayandırıb. Həmidova isə 1/8 finalda İtaliya təmsilçisi, son dünya çempionu Assunta Skuttonu məğlub edib. Azərbaycanlı idmançı 1/4 finalda Tara Babulfathdan (İsveç) da güclü olub. Şəfəq yarımfinalda Şirin Bukliyə (Fransa) uduzub. Bununla da o, bürünc medal uğrunda iştirak etmək hüququ əldə edib. Üçüncü yer uğrunda görüşdə Laura Martinesə (İspaniya) də uduzmuş cüdoçumuz Avropa çempionatını mükafatsız başa vurub.

İlk gündə 2 medal

Kişilərdən isə bu gün Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kq) və Turan Bayramov (66 kq) medal qazanmağa çalışıblar.

Turan 1/16 finalda Nikolas Kuntsedən (Almaniya) güclü olub. Bayramov 1/8 finalda İtaliya təmsilçisi Elios Manzini də məğlub edib. 1/4 finalda rusiyalı Murad Çopanova yenilən Turan təsəlliverici görüşə qatılıb. Təsəlliverici görüşdə Radu İzvoreanunu (Moldova) üstələmiş cüdoçumuz bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Üçüncü yer uğrunda görüşdə Rusiya təmsilçisi Abdullah Parçiyevə qalib gəlmiş Bayramov bürünc medal qazanıb.

Balabəy 1/8 finalda Andrea Karlinonu (İtaliya) mübarizədən kənarlaşdırıb. Əhməd eyni raundda Çarli Eyri (Böyük Britaniya) məğlub edib. Ağayev 1/4 finalda Dilşot Xalmatova (Ukrayna) da qalib gəlib. Yusifov isə bu mərhələdə uduzub. O, Fransa təmsilçisi Luka Mixeidze ilə bacarmayıb. Bu üzdən də Yusifov təsəlliverici görüşə çıxıb. Azərbaycanlı idmançı təsəlliverici görüşdə Romen Valadier-Pikardı (Fransa) üstələyib və bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Balabəy də yarımfinalda Giorgi Sardalaşviliyə (Gürcüstan) uduzub. Beləcə, Ağayev də üçüncü yer uğrunda görüşə çıxmaq hüququ qazanıb. Bürünc medal uğrunda görüşdə iki azərbaycanlı cüdoçu üz-üzə gəlib. Əhməd Balabəylə görüşdə qalib gələrək Avropa çempionatının bürünc medalına sahib çıxıb.

Avropa çempionatı aprelin 19-da başa çatacaq. Azərbaycan Tiflisdəki qitə birinciliyində 11 çəki dərəcəsində 15 cüdoçu (9 kişi və 6 qadın) ilə təmsil olunur.

Milli komanda günü iki medalla bitirdi

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatının ilk günü yekunlaşıb.

Futbolpress.az xəbər verir ki, millimiz günü 2 medalla bitirib.

Əhməd Yusifovdan sonra 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Turan Bayramov da bürünc medal qazanıb. O, Rusiya təmsilçisi Abdullah Parçiyevi məğlub edib.

Avropa çempionatı aprelin 19-da yekunlaşacaq.

Avropa çempionatında ilk medalımız

Cüdo millimiz Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında çıxış edir.

Futbolpress.az xəbər verir ki, komandamız aktivinə ilk medalını yazdırıb.

60 kq çəki dərəcəsində mübarizə aparan Əhməd Yusifov üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Balabəy Ağayevə qalib gələrək nüfuzlu qitə turnirinin bürünc medalını qazanıb.

Çempionata aprelin 19-da yekun vurulacaq.

Cüdo millimizin AÇ üçün yekun heyəti açıqlandı

Aprelin 16-dan 19-dək Gürcüstanın paytaxtı Tiflis şəhərində böyüklər arasında cüdo üzrə Avropa çempionatı keçiriləcək.

Arena.az xəbər verir ki, qitə yarışında Azərbaycanı təmsil edəcək yekun heyət bəlli olub.

Mötəbər turnirdə 11 çəki dərəcəsində 15 cüdoçumuz (9 kişi və 6 qadın) mübarizə aparacaq. İlkin heyətdə yer alan Ruslan Paşayev (-66 kq) zədələndiyi üçün yekun siyahıda onu Turan Bayramov əvəzləyib.

Avropa çempionatında idmançılarımıza kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Slavko Tekiç və Robert Kravçik, həmçinin qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev də turnirdə ədalət təmsilçiləri sırasında yer alacaq.

Yarışda 46 ölkədən 404 cüdoçu (229 kişi və 175 qadın) 14 dəst medal uğrunda qüvvəsini sınayacaq.

Kişilər

-60 kq
Balabəy Ağayev
Əhməd Yusifov

-66 kq
Turan Bayramov

-73 kq
Hidayət Heydərov

-81 kq
Zelim Tçkayev
Ömər Rəcəbli

-90 kq
Murad Fətiyev

-100 kq
Zelim Kotsoyev

+100 kq
Kənan Nəsibov

Qadınlar

-48 kq
Könül Əliyeva
Şəfəq Həmidova

-52 kq
Leyla Əliyeva
Gültac Məmmədəliyeva

-70 kq
Südabə Ağayeva

+78 kq
Madina Kaisinova

❌