Reading view

Siyasət Əsgərov: “Sabah mütləq qələbə qazanmalıyıq”

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Andorraya qarşı keçirəcəkləri oyundan danışıb.

Arena.az xəbər verir ki, sözügedən komandalar dünya çempionatının (DÇ-2027) seçmə mərhələsi çərçivəsində sabah Masazırda üz-üzə gələcəklər.

Siyasət Əsgərov bu gün oyundan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Üç gün əvvəl bu rəqib üzərində səfərdə gözəl oyunla qələbə qazandıq. Hesabı Andorra açsa da, əzmkar mübarizə apararaq istəyimizə çatdıq. Sabah isə bu komandanı öz meydanımızda qəbul edəcəyik. Qrupu yüksək pillələrdə bitirmək istəyiriksə, sabahkı matçda da mütləq qələbə qazanmalıyıq. Rəqiblə bağlı bütün detalları komanda ilə müzakirə etmişik, lazımi məlumatları vermişik. Düşünürəm ki, qarşılaşmaya tam hazırıq. İstədiyimiz nəticəni əldə edəcəyimizə inanıram”.

Xatırladaq ki, C Liqasının 3-cü qrupu çərçivəsində aprelin 18-də “Masazır Arena”da keçiriləcək Azərbaycan – Andorra oyununa saat 17:00-da start veriləcək.

Millinin baş məşqçisi jurnalistlərlə görüşəcək

Qadınlar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində aprelin 18-də “Bank Respublika Arena”da Andorra yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının oyunöncəsi mətbuat konfransının və açıq məşqinin vaxtı məlum olub.

Futbolpress.az xəbər verir ki, tədbir oyundan bir gün öncə – 17 apreldə olacaq. Millinin çalışdırıcısı Siyasət Əsgərovun mətbuat konfransı saat 17:15-də təşkil olunacaq. Açıq məşq isə 18:00-da olacaq.

Aprelin 18-də keçiriləcək Azərbaycan – Andorra oyunu saat 17:00-da start götürəcək. Milli qrupda 6 xalla ikincidir. Lider Macarıstanın 7 xalı var. Andorra isə 1 xalla qrup sonuncusudur.

Siyasət Əsgərov: “Hədəf yenə maksimum nəticə qazanmaqdır”

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Andorraya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, dünya çempionatının seçmə mərhələsi çərçivəsində üz-üzə gəlmiş bu komandaların ötən gün baş tutmuş görüşü Azərbaycan millisinin 3:1 hesablı səfər qələbəsi ilə yekunlaşıb.

Siyasət Əsgərov oyundan sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib:

“İlk olaraq qələbə münasibətilə komandamı təbrik edirəm. Bizim üçün çox ağır oyun oldu. Rəqib öz meydanında çıxış edirdi, xal qazanmaq istəyirdi, erkən qolla da hesabı açdı. Ancaq cavab qolunu dərhal vurmağımız işimizi bir az yüngülləşdirdi. Birinci hissədə hesabda önə keçməyə çalışdıq, çox qol vəziyyətləri yaratdıq. Əlimizə düşən fürsətlərdən yararlana bilmədik. Fasilədən sonra öz oyunumuzu tapdıq. Məşqlərdə üzərində işlədiyimiz hücum bizə penalti qazandırdı. Qalan dəqiqələrdə nəzarət tam olaraq tərəfimizdə oldu, qızlar rəqibi topsuz saxladılar. Qələbə qazandığımız üçün sevincliyik”.

Baş məşqçi Andorra yığmasına qarşı keçiriləcək növbəti qarşılaşmada da eyni uğuru təkrarlamaq istədiklərini söyləyib:

“Artıq səfər matçını unudub, bu komanda ilə Bakıda keçirəcəyimiz görüşə köklənməliyik. Evdəki oyunda da hədəfimiz maksimum nəticə qazanmaqdır”.

Qeyd edək ki, millimiz Andorra yığması ilə aprelin 18-də “Masazır Arena”da qarşılaşacaq.

Siyasət Əsgərov: “Məqsədimiz Andorraya qalib gəlməkdir”

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov AFFA-nın mətbuat xidmətinə açıqlama verib.

Arena.az xəbər verir ki, o, dünya çempionatının seçmə mərhələsi çərçivəsində Andorra yığması ilə səfərdə keçiriləcək oyundan öncə fikirlərini bildirib.

Siyasət Əsgərov bu matçda əsas məqsədlərinin qələbə qazanmaq olduğunu vurğulayıb:

“Sabah çox vacib oyuna çıxacağıq. Andorra yığması ilə ardıcıl iki dəfə qarşılaşacağıq. İndiki məqamda yalnız səfər matçını düşünürük. Qrupda daha yaxşı mövqedə qərarlaşmaq üçün Andorra ilə görüşlər böyük önəm kəsb edir. İspaniyada beş günlük təlim-məşq toplanışı keçdik, oyuna yaxşı hazırlaşdıq. Futbolçular da çox həvəslidirlər, matçın vacibliyini dərk edirlər. Rəqib barədə bütün məlumatları onlarla bölüşmüşük. Komanda oyuna tam hazırdır. Məqsədimiz Andorra ilə hər iki oyunda qələbə qazanmaqdır”.

Xatırladaq ki, C Liqasının 3-cü qrupu çərçivəsində aprelin 14-də Andorra la Vella şəhərindəki Milli Stadionda keçiriləcək Andorra – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

❌