“Şamaxı” komandası futbol üzrə Azərbaycan çempionatlarının yüksək dəstəsində 10-cu dəfə öz meydanında böyük hesabla uduzub.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.
Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış komanda Azərbaycan Premyer Liqasının 30-cu turunda “Sabah”a 0:3 hesabı ilə məğlub olub. Komanda 363-cü ev oyununda buna üzülüb.
“Şamaxı” tarixində bir mövsümdə 3-cü dəfə öz meydanında üç və ya daha çox top fərqi ilə uduzub. “Sabah”a qədər onların qonağı olan “Kəpəz” 4:1, “Qəbələ” 4:0 hesablı səfər qələbəsinə nail olub. Buna qədər antirekord iki belə nəticənin yaşandığı 2022/2023-cü illər mövsümündə qeydə alınmışdı.
Komandanın öz meydanında ilk ağır yenilgisi isə 2000/2001-ci illər mövsümünə təsadüf edib. 2000-ci il oktyabrın 20-də “Neftçi” “Xəzər Universiteti” adlanan rəqibinin meydanında 4:1 hesabı ilə qalib gəlib.
“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 30-cu turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşü meydan sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Ayxan Abbasov qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Sabah”ı çempionluq münasibətilə təbrik edirəm. Onlara, eyni zamanda ölkəmizi avrokuboklarda təmsil edəcək bütün komandalara uğurlar arzulayıram. Azarkeşlərimizə dəstəklərinə görə minnətdaram.
Çətin oyun oldu. Epizodlarımız olsa da, onlardan düzgün istifadə edə, yararlana bilmədik. David Santosun zədələnməsi oyunun qırılma anı idi. Gənclərə şans verdik, epizodlar yaratdıq. “Sabah” kimi komandaya qarşı oynamaq çətindir. Qarşıda üç oyunumuz var. Mövsümü maksimum şəkildə yaxşı bitirməyə çalışacağıq”.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Şamaxıda baş tutub.
Burada “Şamaxı” lider “Sabah”la üz-üzə gəlib. Artıq tarixində ilk çempionluğu təmin etmiş paytaxt təmsilçisinin səfər oyununu Kamal Umudlu idarə edib. “Bayquşlar” 3 cavabsız qol sayəsində növbəti 3 xala seviniblər.
Günün digər oyunu “Zirə” ilə “Qəbələ” arasında keçiriləcək. “Qarabağ” – “Turan Tovuz” görüşü mayın 4-də, “Karvan” – “Neftçi” matçı ayın 5-də baş tutacaq. Turun əvvəlki oyunlarında “Kəpəz” “Sumqayıt”a qalib gəlib (2:1), “Araz-Naxçıvan” “İmişli”yə (0:1) məğlub olub.
Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 30-cu turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq.
“Şamaxı” lider “Sabah”ı qəbul edəcək. Artıq tarixində ilk çempionluğu təmin etmiş paytaxt təmsilçisinin səfər oyununa saat 16:00-da start veriləcək. Qarşılaşmanı Kamal Umudlu idarə edəcək.
Günün digər oyunu “Zirə” ilə “Qəbələ” arasında keçiriləcək. Oyunun baş hakimi Elçin Məsiyev olacaq. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüşün start fiti saat 18:30-da səslənəcək.