Reading view

“Neftçi”nin iddiası, autsayderin şansları tükənir

“Neftçi” Misli Premyer Liqasında növbəti qələbəsini qazandı. “Ağ-qaralar” səfərdə autsayder “Karvan-Yevlax”a inamlı hesabla – 3:0-la qalib gəldi. Xallarını 50-yə çatdıran bakılılar 4-cü pillədəki mövqeyini qorudu.

Ötən turda “Qarabağ” üzərində qazanılan qələbədən sonra eyforiyaya qapılmayan, yevlaxlılarla duelə də ciddi yanaşan “Neftçi” yaxşı çıxışla arzuladığı üç xalı qazandı.

Paytaxt klubunun qarşıda finala bərabər üç oyunu var. Komanda 4-cü yeri tutsa belə, avrokuboklara vəsiqə qazanması özündən asılı deyil. “Sabah”ın kubokda “Zirə”ni məğlub etməsi, “ağ-qaralar” üçün Konfrans Liqası “bileti” verəcək. Əksi olacağı halda, komanda avrokuboklardan kənarda qalacaq.

Autsayder “Karvan-Yevlax” isə I Liqaya bir addım da yaxınlaşdı. Yevlax təmsilçisi rəqibinə yalnız yarımsaat müqavimət göstərə bildi. Qarşıda üç oyun var və yevlaxlıların 11-ci “Qəbələ” ilə arasındakı xal fərqi 6-dır. Komandaların bir-biri ilə də dueli var. Ancaq autsayder liqada qalmaq şansını davam etdirə bilməkçün oyuna qədər xal fərqini üçə endirməlidir. İndiki məqamda gedişat “Qəbələ”nin lehinədir.

Ümumilikdə, Füzuli Məmmədovun yetirmələrinin riyazi olaraq pley-off şansları davam edir. Lakin sərgilənən oyun, heyətin keyfiyyəti onları “Qəbələ”dən bir addım geridə saxlayır.

Şahin Cəfərov

Sarvanı “Karvan”a bab olmalı…

“Karvan Yevlax” Misli Premyer Liqasının debütantıdır. Ancaq burada 30 oyuna cəmi 3 qələbə qazana bilib. Son illər belə autsayder olmamışdı.

I Liqanın səviyyəsi o qədər aşağıdır ki, bölgə təmsilçisi Premyer Liqada çox pis nəticəyə uğradı.

Yevlax təmsilçisi yalnız Füzuli Məmmədovun baş məşqçi təyinatından sonra yerli futbolçu potensialından istifadə faizini 5-6-dan 20-25-ə qaldırıb.

Müxtəlif ölkələrdən, səviyyəsi qənaətbəxş olmayan əcnəbiləri gətirməklə nəyə nail olundu?

Klub rəhbərliyi bundan ciddi dərs almalıdır.

Ok, Premyer Liqaya yüksəlməklə illik 2.5 milyon manat dotasiyadan faydalanıb stadionu yararlı vəziyyətə saldılar. Bunu ciddi iş saymaq olar. Lakin komanda quruculuğunda naşı davrandıqları aşkardır.

I Liqada yenidən elitaya vəsiqə üçün mübarizə aparmağa potensial toplaya biliblər. Son məlumatlara görə Məmmədovla yola davam ediləcək.

Hər halda, Pro kateqoriyalı, təcrübəli mütəxəssislə yenidən sıralara qayıdıb, daha faydalı komandaya çevrilə bilərlər.

Bunun üçün həm işartılar görünür, həm də imkan/zəmin var.

30 oyunun 22-də məğlub olmaq üçün heyətin 80 faizini əcnəbidən ibarət formalaşdırmağa gərək yox idi. Oxşar qeyd bir neçə ortabab PL klubuna da şamil edilə bilər…

Kamil Əhməd

❌