Avropa klubu “Qarabağ”ın bir neçə futbolçusu ilə maraqlanır
“Qarabağ” akademiyasının daha bir neçə futbolçusu Avropa klubunun diqqət mərkəzinə düşüb.
Bu barədə akademiyanın meneceri Nail Kərimov “Futbolpress.az“a açıqlamasında bildirdi. O, artıq Əli Bəşirov və daha bir neçə oyunçu üçün rəsmi müraciət aldıqlarını qeyd etdi:
“Hazırda təcrübə proqramları ilə bağlı konkretləşmiş plan yoxdur, amma bu istiqamətdə işlər gedir. Biz tərəfdən açığı, xüsusi təşəbbüs yoxdur. Bu yaxınlarda Əli Bəşirov və daha bir neçə futbolçu üçün müraciət oldu. Onları görüb, bəyəniblər. Danışıqlar nəticə versə, klubun da adı açıqlanacaq. İndi bu haqda danışmaq tezdir”.
Kərimoz Fransanın “Strasburq” klubunda baxışda olan Bəşirovla bağlı fikirlərini bölüşdü:
“Əli Bəşirovun “Strasburq”a transferi aktual deyil. Gedişi təcrübə proqramına görə idi. Məqsəd təcrübə keçməsi, ordakı durumla tanış olması idi. “Strasburq” klubunun da təəssüratları müsbətdir. Əlinin 18 yaşının tamam olmasına hələ var. Bu kimi səfərlər tanışlıq məqsədi daşıyır. Keçid gündəmdə deyil. Ola bilsin, bu məsələyə yaxın gələcəkdə qayıdılsın”.
Şahin Cəfərov