Reading view

Vernidub: “Konfrans Liqasına tam hazırıq”

“Neftçi”nin ukraynalı baş məşqçisi Yuri Vernidub yeni mövsüm öncəsi Sloveniyada həyata keçirdikləri təlim-məşq toplanışını dəyərləndirib.

Arena.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında iyulun 13-də başa vurduqları toplanışla bağlı bunları söyləyib:

“Təlim-məşq toplanışı yaxşı keçdi. Uşaqlar kifayət qədər yaxşı fiziki yüklənmə aldılar. “Osiyek”lə keçirdiyimiz oyun mənə hər şeydən çox xoş təsir bağışladı. Çünki bu matçda həm intensivlik, həm də sürət var idi. Görünürdü ki, futbolçular tədricən lazımi səviyyəyə çatırlar. Məğlub olmağımız psixoloji baxımdan müəyyən çətinlik yarada bilər. Bununla belə, hesab edirəm ki, ən vacib məsələ bu deyil. Əsas odur ki, təlim-məşq toplanışını, demək olar, zədəsiz başa vurduq. Hamı sağ-salamatdır. Artıq Bakıya qayıdırıq. Futbolçulara istirahət verəcəyik. Daha sonra isə ayın 23-də keçiriləcək oyuna hazırlaşacağıq. Rəqibimizin kim olacağını ayın 16-da öyrənəcəyik. Düşünürəm ki, hər şey plan üzrə gedir”.

Vernidub yeni transferlər haqda təəssüratlarını bölüşüb:

“Yeni transferlərin komandaya necə uyğunlaşması mənim xoşuma gəlir. Onlar yaxşı anlaşırlar. Fikrimcə, yenilərin sayəsində güclənmişik. Bu mənada, heyətdə qalan futbolçuları da qeyd etməliyəm. Komandanın özəyi var. Bununla belə, düşünürəm ki, heyətimizi komplektləşdirməyə ehtiyac var. Çünki elə mövqelər var ki, Allah eləməsin, kimsə zədələnsə, dərhal problemlər yarana bilər. Buna görə də bu istiqamətdə işləyirik. Əlimizdən gələni edəcəyik ki, komandamıza daha gənc və onu gücləndirə biləcək oyunçular cəlb edək”.

Yuri Vernidub komandasının Avropa Konfrans Liqasına hazır olduğunu deyib:

“Hesab edirəm ki, tam hazırıq. Çünki yaxşı təlim-məşq toplanışı oldu. Bakıda keçirdiyimiz 8 gün ərzində hazırlığımızın təməlini qoyduq. 4 yoxlama oyunu keçirdik – 1-də qalib gəlib, 3-də məğlub olduq. Deyə bilərəm ki, rəqiblərimiz kifayət qədər güclü komandalar idi. “Partizan” və ÇFR (Kluj) də Konfrans Liqasında çıxış edəcəklər. “Osiyek” isə Xorvatiya çempionatında, adətən üst sıralarda yer alan klubdur. Hazırda onların müəyyən maliyyə problemləri var və buna görə ötən mövsümü istədikləri kimi keçirə bilməyiblər. Buna baxmayaraq, çox möhkəm komanda olduğu görünür. Xorvatiyada futbol məktəbi həmişə yüksək səviyyədə olub. Buna görə də düşünürəm ki, hər şey qaydasındadır. Ən əsası odur ki, hamımız evə sağ-salamat qayıdırıq. Mənim üçün ən vacib olan da budur”.

“Neftçi” Sloveniyada “Osiyek”ə məğlub oldu

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Neftçi” Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama görüşünü keçirib.

Arena.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün Xorvatiyanın “Osiyek” komandası ilə qarşılaşıb.

“Ağ-qaralar” Lendava stadionunda baş tutmuş bu görüşdə 0:1 hesabı ilə məğlub olublar. Yeganə qolu matçın 74-cü dəqiqəsində Admir Lyatifi vurub.

Baş məşqçi Yuri Vernidub bu oyunda aşağıdakı heyətə güvənib: 13. Kenan Piriç (1. Emil Balayev, 46), 5. İqor Ribeyro (17. Murad Xaçayev, 75), 6. Sessi D’Almeyda (18. İfeanyi Metyu, 63), 8. Emin Mahmudov (k) (7. Emil Səfərov, 46), 11. İmad Faraj, 20. Qustavo Klisman (4. Elvin Camalov, 75), 24. Mustafa Sek (3. Rüfət Abbasov, 46), 29. Lyubomir Tupta (97. Bassala Sambu, 63), 33. Breno Almeyda (70. Andrey Ştoqrin, 75), 55. Endryu Qravilyon (14. Elvin Bədəlov, 75), 77. Falaye Sako.

“Ağ-qaralar” bu yoxlama oyunu ilə toplanışı başa vurub. Komanda sabah Bakıya qayıdacaq.

“Neftçi” daha öncə iyulun 2-də ÇFR (Kluj, Rumıniya, 1:2), 6-da “Partizan” (Serbiya, 0:1), 10-da isə “Radniçki” (Niş, Serbiya, 3:0) ilə yoxlama oyunları keçirmişdi.

Vernidub: “Niyə Azərbaycan çempionu da olmayım?”

“Neftçi”nin ukraynalı baş məşqçisi Yuri Vernidub ölkəsinin “ua.tribuna.com” saytına müsahibə verib, Azərbaycandakı fəaliyyətindən danışıb.

Arena.az təcrübəli mütəxəssisin müsahibəsini təqdim edir:

– Yeni müqavilənizdən başlayaq. “Neftçi” ilə sözləşmənin müddətini uzatdınız. Başqa variantları da nəzərdən keçirirdiniz, yoxsa komandada hər şey sizi qane edir?
– Məni “Neftçi”də hər şey qane edir. Bu, yaxşı komandadır, iş şəraiti də yüksək səviyyədədir. Rəhbərlik mənə yeni müqavilə təklif etdi və mən də dərhal razılıq verdim. Hər şey əladır.

– Artıq yeni mövsümün hədəfləri müəyyənləşdirilib?
– “Neftçi”də hədəflər həmişə ən yüksək olur. Üstəlik, bu il klub 90 illik yubileyini qeyd edir. Buna görə də mümkün olan ən yüksək nəticəni əldə etmək istəyirik. Amma yubiley olmasa belə, “Neftçi” Azərbaycanın tarixi klublarından biridir və burada məqsədlər həmişə böyük olur.

– Ötən mövsümü dördüncü pillədə başa vurdunuz. Bu dəfə hansı əyarlı medalları hədəfləyirsiniz?
– Ən yüksək əyarlı medalları qazanmaq istəyirik. Necə alınacağını zaman göstərəcək. Mən Belarus və Moldovada iki dəfə çempion olmuşam. Niyə Azərbaycan çempionu da olmayım? Bunu özüm də çox istəyirəm və qarşıma belə məqsəd qoyulmasına sevinirəm.

– Komandanız Konfrans Liqasının seçmə mərhələsində çıxış edəcək. Orada məqsədiniz nədir?
– Bəli, çempionatda dördüncü yeri tutaraq Konfrans Liqasının ikinci təsnifat mərhələsinə vəsiqə qazandıq. Mən əvvəllər Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələlərində iştirak etmişəm. Amma Konfrans Liqasının əsas mərhələsində olmamışam. Çox istəyirəm ki, bu dəfə ora yüksələk.

“Azərbaycan çempionat kifayət qədər gözlənilməzdir” – Yuri Vernidub

– Azərbaycan futbolu haqqında nə deyə bilərsiniz?
– Azərbaycan çempionatı kifayət qədər maraqlıdır. Premyer Liqada 12 komanda çıxış edir və yarış üç dövrədən ibarətdir. Püşk elə olur ki, hansısa rəqiblə üç oyunun ikisini evdə, yaxud əksinə, ikisini səfərdə keçirə bilərsiniz. Bu da çempionata maraq qatır. Çempionat kifayət qədər gözlənilməzdir. Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandaların belə sürpriz etməsi mümkündür. Məsələn, “Qarabağ” “Kəpəz” kimi komandalara qarşı vacib xallar itirmişdi. Azərbaycanda kifayət qədər güclü komandalar var – “Neftçi”, “Qarabağ”, “Sabah”, “Zirə”, “Sumqayıt”, “Araz”. Sadaladığım bu altı komanda daim yüksək yerlər uğrunda mübarizə aparır. Hazırda təlim-məşq toplanışları gedir və Ukrayna klubları yoxlama oyunlarında “Qarabağ”la “Sabah”a qalib gəliblər. Amma belə matçlara əsasən nəticə çıxarmaq olmaz. Kimisi böyük fiziki yüklənmələr altında oynayır, kimisi isə konkret oyuna xüsusi hazırlaşır. Azərbaycanda azarkeşlər futbola maraq göstərirlər. Xüsusilə “Neftçi” – “Qarabağ” və ya “Neftçi” – “Sabah” oyunlarında stadionlar demək olar ki, tam dolur. “Neftçi”, “Qarabağ” və “Sabah”ın çoxsaylı azarkeşləri var.

– Azərbaycanda hakimlik barədə nə deyə bilərsiniz?
– Azərbaycanda hakimlik də digər ölkələrdə olduğu kimidir. Hakimlər səhv edirlər, narazılıqlar olur. Açığı, məşqçi kimi bu mövzunu çox müzakirə etmək istəmirəm. Bu problem həmişə olub və olacaq. Hətta dünya çempionatı da göstərir ki, səhvlər və mübahisəli qərarlar qaçılmazdır. Hər məşqçi hakimin səhv etdiyini düşünəcək, hakim isə öz qərarını müdafiə edəcək. Ötən mövsüm mənim də belə vəziyyətim olmuşdu. Xüsusilə “Zirə” ilə oyunda. Həmin görüşdə heç-heçə etdik və itirdiyimiz xallar sonradan üçüncü yeri tutmağımıza mane oldu. Biz “Turan”la eyni sayda xal toplamışdıq, amma reqlamentə əsasən əvvəlcə qələbələrin sayı nəzərə alınır. Belə hallar olur. Sonradan hamı hakimin səhv etdiyini qəbul etdi, amma artıq nəticəni dəyişmək mümkün deyildi. Buna görə də səbirli olmaq və bir-birinə hörmətlə yanaşmaq lazımdır.

“Neftçi”yə Ukraynadan da futbolçular dəvət etmək istərdim” – Yuri Vernidub

– “Neftçi”də oyunun və nəticələrin yaxşılaşmasını futbolçular da qeyd ediblər. Buna necə nail oldunuz?
– Buraya gələndə demişdim ki, komandada kifayət qədər keyfiyyətli futbolçular var. Hamısı texnikalı və sürətlidir. Sadəcə oyun üzərində işləmək lazım idi. Futbolçular dediklərimizi tez başa düşdülər və xarakter göstərdilər. Mən onlara təşəkkür edirəm ki, həm mənim, həm də məşqçilər korpusumun futbol fəlsəfəsini qəbul etdilər. Məhz buna görə irəli addım ata bildik. İndi heyət yenilənib və yenidən hər şeyə sıfırdan başlayırıq. Amma problem görmürəm. Futbolçular işləməyə hazırdırlar, məşqlərə ciddi yanaşırlar. Qarşıya qoyulan məqsədlərə çatmaq gücümüz daxilindədir. Xarakter və intizam əsas amillərdir. Bundan başqa, futbolçular meydanda nə istədiyimizi, hücumda və müdafiədə necə davranmalı olduqlarını düzgün başa düşməlidirlər. Əgər bunu dərk edib yerinə yetirirlərsə, nəticə də gəlir.

– Heyəti gücləndirmisiniz? Ukrayna bazarını izləyirsiniz?
– Artıq dörd futbolçu transfer etmişik. Bunlardan biri Azərbaycanın milli komandasına da dəvət almış 21 yaşlı sol cinah müdafiəçisi Rüfət Abbasovdur. O, “Şamaxı”dan gəlib, amma “Neftçi”nin yetirməsidir. Bundan başqa, üç legioner cəlb etmişik. Mərkəz müdafiəçisi Endryu Qravilyon Fransa və İtaliyada çıxış edib, Qvadelupa millisinin üzvüdür və kifayət qədər yüksək səviyyəli futbolçudur. Yarımmüdafiəyə Portuqaliya çempionatından braziliyalı Qustavo Klismanı, hücum xəttinə isə Slovakiya millisinin üzvü Lyubomir Tuptanı transfer etmişik. O, çox universal futbolçudur, həm cinahlarda, həm mərkəz hücumçusu, həm də “10 nömrə” və “8 nömrə” mövqelərində oynaya bilir. Bilirik ki, heyəti daha da gücləndirmək lazımdır və bu istiqamətdə iş aparırıq. Mən Ukraynadan da futbolçular dəvət etmək istərdim. Amma bəyəndiyimiz oyunçuların hamısının yaxşı klublarla müqavilələri var. Buna görə də hazırda bunu reallaşdırmaq çətindir.

“Azərbaycan haqqında pis heç nə deyə bilmərəm” – Yuri Vernidub

– Azərbaycan haqqında ilk təəssüratlarınız necədir?
– Azərbaycan mənim çox xoşuma gəlir. Azərbaycanlılar çox tərbiyəli, mehriban və qonaqpərvər insanlardır. Ünsiyyətdə heç bir problem yaşamamışam. Bakı çox gözəl şəhərdir və sürətlə inkişaf edir. Şəhər Xəzər dənizinin sahilində yerləşdiyi üçün burada balıq növlərinin seçimi də çoxdur. Yerli mətbəxi də çox bəyənirəm. Yayda hava isti olur, amma qış Ukrayna ilə müqayisədə daha mülayim keçir. Rütubət yüksək olduğuna görə +25-27 dərəcə istilikdə belə nəfəs almaq bir qədər çətinləşir. Şəhərin məşhur küləkləri isə havanı sərinləşdirir və istini daha rahat keçirməyə kömək edir. Azərbaycan haqqında pis heç nə deyə bilmərəm. Üstəlik, azərbaycanlılar Ukraynaya böyük dəstək göstərirlər. Bu xalqı və insanlarını çox bəyənirəm. Hər şey əladır.

– “Neftçi”də çalışdığınız dövrdən maraqlı bir hadisəni xatırlaya bilərsinizmi?
– Mən sakit və təmkinli insanam. Həyat yoldaşımla şəhərdə gəzəndə insanlar tez-tez yaxınlaşıb şəkil çəkdirirlər, “Neftçi”yə uğurlar arzulayırlar. Xüsusilə restoranlarda və kafelərdə işçilər məni tanıyır, böyük hörmət göstərirlər, söhbət edirik. Açığı, bunun xaricində xüsusi danışacağım maraqlı hadisə yoxdur. Hər şey qaydasındadır.

Nicat Qaragözlü “Şamaxı”da!

“Neftçi”nin yetirməsi olan gənc qapıçı Nicat Qaragözlü 2026/2027-ci illər mövsümündən etibarən “Şamaxı”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, “Şamaxı” yeni mövsümün heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir. Klub gənc qapıçı Nicat Qaragözlünü heyətinə qatıb. 20 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Nicat Qaragözlü “Neftçi”nin yetirməsidir. O, buna qədər yalnız paytaxt klubunun U-19 və əvəzedicilərdən ibarət komandalarında çıxış edib. Nicat Azərbaycanın U-19 yığmasında da çıxış edib.

“Şamaxı” daha öncə Uğur Cahangirov, Emin Rüstəmov, Sənan Muradlı, Ceyhun Bağırzadə, Okan Təhməzli, Hacıəli Şirəliyev və Emil Süleymanovu da heyətinə qatmışdı. Abdulla Seydəhmədov və Həbib İsmayılov isə klubla yeni müqavilə imzalayıblar. Nihat Mehralıyev, Vladislav Veremeyev, Rafael Məhərrəmli, Arsen Ağcabəyov, Andrey Tırkovyanu, Rodriqo Fernandes, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rüfət Abbasov, Karim Rossi, Bilal İsmayılov, Sezar Henrike, Ravil Qafarov və Dioqo Balau isə komandanı tərk ediblər.

Vernidub “Radniçki” üzərində qələbəni şərh etdi

“Neftçi”nin ukraynalı baş məşqçisi Yuri Vernidub bu gün Serbiyanın “Radniçki” (Niş) komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində baş tutmuş bu görüş “ağ-qaralar”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yuri Vernidub matçdan sonra klubun rəsmi saytına açıqlamasında bunları vurğulayıb:

“Sınaq matçlarında əsas məsələ futbolçuları yoxlamaq, taktiki gedişlərin üzərində işləməkdir. Nəticə bir nömrəli vəzifə deyil, amma istənilən halda, qələbə qazanmaq xoşdur. Futbolçularımı təbrik edirəm. Yaxşı oyun keçirdik. Həm ilk, həm də ikinci hissədə meydana çıxan oyunçular əllərindən gələni etdilər. Bəzi futbolçuları fərqli mövqelərdə də yoxladıq. Yolumuza davam edirik. Artıq hazırlığın son mərhələsindəyik. Qarşıda daha bir oyunumuz var. Ondan sonra Bakıya qayıdacağıq. Bir-iki günlük istirahətdən sonra isə artıq Konfrans Liqası matçına hazırlaşacağıq. Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdır”.

“Neftçi” “Radniçki”yə 3 cavabsız qolla qalib gəldi

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Neftçi” Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində 3-cü yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, Yuri Vernidubun çalışdırdığı komanda Serbiyanın “Radniçki” (Niş) kollektivi ilə üz-üzə gəlib.

“Ağ-qaralar” bu oyunda 3:0 hesabı ilə qalib gəliblər. Beltinçi stadionunda baş tutmuş görüşdə Breno Almeyda 2-ci və 26-cı dəqiqlərdə fərqlənməklə dubla imza atıb. Oyunda son nötqəni isə 82-ci dəqiqədə rəqib qapısına yol tapmış Ağadadaş Salyanski qoyub.

Yuri Vernidub bu oyunda aşağıdakı heyətə üstünlük verib: 1. Emil Balayev (93. Rza Cəfərov, 46), 5. İqor Ribeyro (17. Murad Xaçayev, 60), 6. Sessi D’Almeyda (18. İfeanyi Metyu, 60), 8. Emin Mahmudov (k) (7. Emil Səfərov, 46), 11. İmad Faraj (97. Bassala Sambu, 60), 20. Qustavo Klisman (4. Elvin Camalov, 60), 24. Mustafa Sek (3. Rüfət Abbasov, 60), 29. Lyubomir Tupta (82. Məhəmməd Məmmədli, 80), 33. Breno Almeyda (19. Ağadadaş Salyanski, 71), 55. Endryu Qravilyon (80. Aslan Şirinov, 71), 77. Falaye Sako (14. Elvin Bədəlov, 46).

Qeyd edək ki, “Neftçi” daha öncə iyulun 2-də “ÇFR Kluj” (1:2), 6-da isə “Partizan”la (0:1) da qarşılaşmışdı. “Ağ-qaralar” ayın 13-də “Osiyek”lə (Xorvatiya) də üz-üzə gələcəklər.

Moravske Toplitse şəhərindəki “Hotel Livada Prestige”də məskunlaşan komanda iyulun 14-də toplanışı başa vuraraq Bakıya qayıdacaq.

Azərbaycan Premyer Liqasında yay bazarlığı – Yenilənir

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan klublar yay transfer pəncərəsində heyətlərini gücləndirməyə çalışırlar.

Arena.az sizi Premyer Liqa klublarının rəsmən açıqladıqları yeni transferləri, eləcə də komandalardan göndərilən futbolçuların siyahısı ilə tanış edir:

SABAH

Gələn: Eyden Makkarti (“Kayzer Çifs”, CAR), Yunes Laşaab (“Lill”, Fransa, icarə), Junior Almeyda (“Maritimo”, Portuqaliya), Ksander Severina (“Makkabi”, Hayfa, İsrail), Amin Ramazanov (“Qarabağ”)
Gedən: Jesse Sekidika, Pavol Şafranko, Amin Seydiyev (“Zirə”), Nicat Mehbalıyev (“Şəfa”), İqor Noqeyra, Andrey Santos (“İberiya, Gürcüstan, icarə), Seymur Məmmədov (“Şahdağ Qusar”, icarə)
Müqavilə müddətini artıran: Coy-Lens Mikels, Stas Pokatilov, Velko Simiç, Tellur Mütəllimov, Patrik Mbina

QARABAĞ

Gələn: Zəkəriyyə Savo (“Yurqorden”, İsveç), Jali Muaddib (“Omoniya”, Kipr), Samuel Lobato (“Portimonense”, Portuqaliya), Bruno Lanqa (“Almeriya”, İspaniya), Martin Zlomisliç (“Riyeka”, Xorvatiya), Renaldo Sefas (“Pari Nijni Novqorod”, Rusiya), Bense Varkonyi (“Zalaegerseq”, Macarıstan), Cebrail Makreçkis (“Ferentsvaroş”, Macarıstan)
Gedən: Toral Bayramov (“Bursaspor”, Türkiyə), Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmae, Kevin Medina, Fabian Buntiç, Amin Ramazanov (“Sabah”), Leandro Andrade (“Polesye”, Ukrayna), Sadiq Məmmədzadə (“İmişli”), Kamilo Duran (“Seltik”)
Müqavilə müddətini artıran: Pedro Bikalyo, Bədavi Hüseynov

TURAN TOVUZ

Gələn: Dioqo Balau (“Şamaxı”), Aleksey Kenyaykin (“Rubin”, Rusiya)
Gedən: Şəhriyar Əliyev, Filip Ozobiç, Tural Bayramlı, Sergey Samok, Ayxan Hüseynov (“Zirə”), Fərid Yusifli (“Şəfa”)
Müqavilə müddətini artıran: İbrahima Vadji

NEFTÇİ

Gələn: Rüfət Abbasov (“Şamaxı”), Rza Cəfərov (“Qəbələ”, icarədən qayıdıb), Qustavo Klisman (“Santa Klara”, Portuqaliya), Endryu Qravilyon (“Peskara”, İtaliya), Lyubomir Tupta (AEL, Yunanıstan)
Gedən: Vensan Abubakar, Edvin Kuç (“Balkani”, Kosovo), Kristian Kostin, Murad Məmmədov (“Pafos”, Kipr), Cordan Rezabala
Müqavilə müddətini artıran: Elvin Camalov, Emin Mahmudov, Emil Balayev

ZİRƏ

Gələn: Amin Seydiyev (“Sabah”), Maykon Kleyton (“Portimonense”, Portuqaliya), Ayxan Hüseynov (“Turan Tovuz”), Vieyrinya (“Olimpiakos”, Nikosiya, Kipr), Hüseynəli Quliyev (“İmişli”), Kris Diqbeu
Gedən: Ceyhun Nuriyev, Stefan Akka, Eldar Quliyev, Leroy Mikels, Rüfət Abdullazadə (“Varajdin”, Xorvatiya, icarə müddəti bitib), Tyaqo Silva, Anatoli Nuriyev, Ayron Qomis, Rövlan Muradov (“Araz-Naxçıvan”), Fuad Bayramov (“Səbail”)
Müqavilə müddətini artıran: Eren Aydın, Davit Volkov, Aydın Bayramov Elçin Əlicanov, Enrike Kustodio, Qismət Alıyev

ARAZ-NAXÇIVAN

Gələn: Luka Dumançiç (“Persis”, İndoneziya), Rəşad Həsənov (“Cəbrayıl”), Alberto Fernandes (“Akritas Xlorakas”, Kipr), Alexandro Herrera (“San Kristobal”, Dominikan), Rövlan Muradov (“Zirə”), Artur Auqusto Da Silva (“Semen Padanq”, İndoneziya), Məhəmməd Mara (“Kançanaburi Pover”, Tailand)
Gedən: Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə (“İmişli”), Coşqun Diniyev, Kristian Avram (“Petrokub”, Moldova), Felipe Santos, Ba-Muaka Simakala, Ürfan Abbasov
Müqavilə müddətini artıran: Tərlan Əhmədli, Slavik Alxasov, Ömər Buludov, Ülvi İsgəndərov, İbrahim Piriyev, İssuf Paro, Mustafa Əhmədzadə

SUMQAYIT

Gələn: Xeymes Almeyda (“Pasuş de Ferreyra”, Portuqaliya)
Gedən: Aleksandr Ramalinqom, Rayan Senhadji, Sənan Muradlı (“Şamaxı”, icarə), Mehdi Cənnətov (“Səbail”)
Müqavilə müddətini artıran: Emil Mustafayev

ŞAMAXI

Gələn: Uğur Cahangirov (“Karvan”), Emin Rüstəmov (“Karvan”), Sənan Muradlı (“Sumqayıt”, icarə), Ceyhun Bağırzadə (“Qəbələ”), Okan Təhməzli (“Qəbələ”), Hacıəli Şirəliyev (“Difai”), Emil Süleymanov (“Qəbələ”), Nicat Qaragözlü (“Neftçi”), Jota (“San Juan de Ver”, Portuqaliya), Rui Paçeko (“Paredes”, Portuqaliya), David Deqo (“İroni”, Modiin, İsrail)
Gedən: Alfons Msanqa, Nihat Mehralıyev, Vladislav Veremeyev, Rafael Məhərrəmli, Arsen Ağcabəyov (“Şəfa”), Andrey Tırkovyanu, Rodriqo Fernandes, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rüfət Abbasov (“Neftçi”), Karim Rossi (“Qəbələ”), Bilal İsmayılov, Sezar Henrike (“Alaşkert”, Ermənistan), Ravil Qafarov, Dioqo Balau (“Turan Tovuz”)
Müqavilə müddətini artıran: Abdulla Seydəhmədov, Həbib İsmayılov

İMİŞLİ

Gələn: Seyxan Fərəcov (MOİK), Fərid Nəbiyev (“Kəpəz”), Bəxtiyar Həsənalızadə (“Araz-Naxçıvan”), Sadiq Məmmədzadə (“Qarabağ”), Yusif İmanov (“Kəpəz”)
Gedən: Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə, Orxan Fərəcov, Lətif Rzayev, Abbas Ağazadə (“Səbail”), Hüseynəli Quliyev (“Zirə”), Rafael Vyeqas, Andrey Sinenka
Müqavilə müddətini artıran: Tuncay Yusifli, İdris İnqilablı, İmam Əli

KƏPƏZ

Gələn: Rojerio Santos (“İroni Tiberias”, İsrail)
Gedən: Rauf Hüseynli (“Şəfa”), Məmməd Hüseynov (“Şəfa”), Fərid Nəbiyev (“İmişli”), Luis Paçu, Yusif İmanov (“İmişli”), Camal Cəfərov, Ehtiram Şahverdiyev (“Səbail”), Olavale Onanuqa
Müqavilə müddətini artıran: Əli Səmədov, Rəhman Hacıyev, Dioqo Verdaska

QƏBƏLƏ

Gələn: Kouya Mabena (“Floriana”, Malta), Natan Monzanqo (“Bravo”, Sloveniya), Karim Rossi (“Şamaxı”)
Gedən: İbrahim Sanqare, Rüfət Əhmədov, Turan Manafov (“Stellenboş”, CAR, icarə müddəti bitib), Rza Cəfərov (“Neftçi”, icarə müddəti bitib), Sambu Sissoko (“Valensyen”, Fransa, icarə müddəti bitib), Murad Musayev (“Şəfa”), Adriel Ba Lua, Ceyhun Bağırzadə (“Şamaxı”), Domi Massumu (“Alaşkert”, Ermənistan), Okan Təhməzli (“Şamaxı”), Seydina Keyta, Eduardo Kunde, Emil Süleymanov (“Şamaxı”)
Müqavilə müddətini artıran: Səlahət Ağayev

ŞƏFA

Gələn: Rauf Hüseynli (“Kəpəz”), Nicat Mehbalıyev (“Sabah”), Arsen Ağcabəyov (“Şamaxı”), Murad Musayev (“Qəbələ”), Məmməd Hüseynov (“Kəpəz”), Vlad Pop (“Unirea Sloboziya”, Rumıniya), Andrey Draqu (“Unirea Sloboziya”, Rumıniya), Dilan Mertens (“Telstar”, Niderland), Mussa Quel (“Tikves”, Şimali Makedoniya), Fərid Yusifli (“Turan Tovuz”)
Gedən: Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov, Amir Ebrahimzade, Seymur Rəhimov, Elvin İsmayılov, İbrahim Əliyev, Novruz Məmmədov, Aqşin Paşayev, Ürfan İsmayılov, Rəvan Kazımov, Vüqar Həsənov, Ruslan Hacıyev
Müqavilə müddətini artıran: Tərlan Quliyev, Elnur Cəfərov, Ramin Nəsirli, Nahid Əliyev

❌