“Sabah” – “Qarabağ”: “Şanslar bərabərdir”
“Sabah” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda bu gün “Qarabağ”la qarşılaşacaq. Matça saat 20:00-da start veriləcək. Komandalar arasındakı ilk matçda bərabərlik qeydə alınıb.
Oyunla bağlı veteran futbolçular Arif Əsədov və Şahin Diniyevə müraciət etdik. Hər iki mütəxəssis komandaların final şanslarının bərabər olduğunu bildirdi:
Arif Əsədov: “Həlledici oyundur. Matça final kimi baxmaq olar. Şanslar bərabərdir. “Qarabağ” üçün kubok daha vacibdir. Onlar da liqadakı durumdan sonra mövsümü titulla bitirmək istəyir. “Sabah” isə çempionatda demək olar, çempionluğun taleyini həll edib. Buna baxmayaraq, mövsümü iki kubokla bitirmək şansları var və bundan nə üçün istifadə etməsinlər? Proqnoz vermək çətindir. Şanslar bərabərdir”.
Şahin Diniyev: “Maraqlı oyun olacaq. Oyunun nəticəsi hər kəs üçün maraq doğurur. Prinsipial matç olacaq. Son zamanlarda komandalar arasında gərgin oyunların sayı çoxdur. Kubok matçıdır və hər şey bu gün həll olunacaq. “Sabah” demək olar, “Qarabağ”dan çempionluq titulunu alıb. “Qarabağ” isə revanş düşünür. Avropa Liqasına vəsiqə baxımından bu görüş onlar üçün vacibdir. “Sabah” da kuboku asanlıqla vermək niyyətində deyil. Maraqlı oyun olacaq, şansları bərabər hesab edirəm”.
Şahin Cəfərov