Normal view

Today — 27 December 2025Main stream

Mircavadov ordan deyir, biz burdan…

27 December 2025 at 09:04

Ağasəlim Mircavadov 2006-cı ildə “Neftçi”dən “Xəzər Lənkəran”a gedəndə özü öz “torbasını tikmişdi”. O vaxtlar “Neftçi” Rövnəq Abdullayevin kurasiyasında idi və deyilənə görə o, Mircavadovun bu “xəyanətinə” belə reaksiya vermişdi: pul istəyirdin, bizdə də varıydı da…

İndi Mircavadov yenə “pul istəmək” janrında bir açıqlama verib. Deyib ki, yerli məşqçilərə üstünlük verilməlidir.

Ta o vaxtdan Mircavadov bu sözləri deyir, mən də bu sözlərə qarşı məqalə yazıram. Nə Mircavadov bezir, nə mən yoruluram.

Məlum “xəyanət” olayından sonra “qara siyahıya” düşən qocaman mütəxəssis işsizlikdən korşaldı getdi. Arada AFFA bu qəbildən məşqçiləri Məşqçilər Komitəsinə yığıb, “makulatura” məşğuliyyətinə düçar qoydu…

Yenə insafən, aralarında danışanı, yön göstərməyə çalışanı elə Mircavadov oldu. Ancaq ağsaqqalın fərqinə varmadığı bir şey var – sözünü ucuzlaşdırıb.

Artıq Mircavadov və o qəbildən olanlar nəsə deyəndə diqqət çəkə bilmir. Faciəvi tərəfi odur ki, onlar bunu hiss etmir, duymur.

Məncə, bəzən Nazim Süleymanov kimi, susub kənara çəkilmək, “antrakt götürmək” bəlkə də daha yaxşıdır. Bir neçə ay bundan əvvəl özünə hörmət edən veteranlarımızdan biri Novruz Əzimov müxbirimizə demişdi: “Mən nə deyim?!”. Necə zamanı müdrikliklə dəyərləndirən cümlə idi…

Filosoflardan birinin fikridir – “…yaxşı fikirdir, ancaq sənin ağzından əyri çıxır”.

Bizim futbolda real fikir sahibləri yox həddindədir, olanların da əksəri belə…

***

Mircavadovla mənim yarışım haradək gedəcək bilmirəm. Son on ildə yeddi yüz yetmiş yeddi dəfə deyib ki, yerli məşqçilərə şan vərilməlidü. Elə bir o qədər məqalə həsr etmişəm onun bu cümləsinə. Ki, məşqçiyə şans verməzlər, şansı qazanar.

Hə, bir də o ayrı dərd ki, yerli məşqçi dediyimiz – beş-altı öz üzərində çalışanlar istisna – elə bilir Azərbayasn futbolunun bunları işlə/dolanışıqla və s. ilə təmin etmək kimi borcu var. Futbolçu kimi heç bir uğuru olmayan ölkənin “trip atan” yerli məşqçi əhvalatına bax…

Ümumiyyətlə, idmanda “şans vermək” anlayışı deffektdir. Peşəkar yanaşanların, dişi-dırnağı ilə yüksələnlərin haqqına girməkdir bu ən sadə məntiqlə…

Mircavadov, inşallah bu israrından əl çəkər. Daha belə deməz. Özü də qollarını çilmələyib, bir akademiya açar, sözünü meydanda deyər. İndi mən Mircavadov misalında dedim, olsun digər, “mənə də iş” deyib ətalətində xumarlananlar.

Elçin Cəlilov

❌
❌