Normal view

Today — 29 June 2026Main stream

Nəziridən Cəlala: “Dedim ki, başqa təklifləri düşünmə, Rumıniyaya get”

29 June 2026 at 16:43

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov Rumıniyanın “Petrolul” klubuna keçib. O, Ploişte təmsilçisində çıxış edəcək ikinci azərbaycanlıdır. Daha əvvəl Elhad Nəziri bu komandanın şərəfini qoruyub. 33 yaşlı mütəxəssis futbolçu kimi 2013-cü ildə “Petrolul”un formasını geyinib.

Nəziri ilə Cəlalın keçidi və Rumıniya çempionatının perspektivləri haqda danışdıq:

– “Şamaxı”da birlikdə işlədiyiniz Cəlal Hüseynov sizin də çıxış etdiyiniz “Petrolul”la müqavilə imzaladı. Keçidini necə qarşıladınız?
– Cəlalın transferi bütün Azərbaycan xalqını sevindirməlidir. Çünki nə qədər yerli futbolçu Avropada çox oynasa, digərlərinin də yolu açılar. Cəlala ən xoş anları, nəticələri arzulayıram. Özüm Rumıniya Kubokunu və çempionatın bürünc medalını qazanmışam. Cəlalın daha yaxşısına nail olmağını istərdim.

– Siz oynadığınız vaxtdan 10 il çox keçib. Sizcə, Rumıniya çempionatı indiki zamanda Cəlala nələr qazandıra bilər?
– Rumıniya çempionatına diqqət böyükdür və artmaqdadır. Avropanın TOP-5 klublarının skautları daim bu liqanı izləyir. Düzdür, maliyyə baxımından çox yüksək deyil, amma şərait, struktur yaxşıdır. Buradan Avropaya getmək daha asandır. Ümid edirəm ki, futbolçumuz da böyük liqalara gedənlər sırasında olar.

– “Şamaxı”da işləyən zaman Cəlal da rəhbərliyiniz altında olub. Transferi zamanı sizinlə danışdı?
– “Petrolul”dan təklif gələndə əlaqə saxladı, danışdıq. Tövsiyə etdim ki, orada oynasın. Dedim ki, başqa təklifləri düşünmə, “Petrolul”a get. Rumıniyada futbolçulara böyük sevgi və hörmət var. Cəlala sağ ol deyirəm ki, məni böyük bilib, məsləhət aldı. Buna çox sevindim. Ümid edirəm ki, yaxşı nəticələr qazanar.

– Özünüz nə edirsiniz? Son iş yeriniz “Səbail” olub və bir neçə aydır ki, heç bir klubla çalışmırsınız. Məşqçi karyeranızla bağlı hər hansı yenilik varmı?
– Hazırda danışıq apardığımız klub var. İnşallah, yaxın zamanda tam bəlli olacaq. Məşqçilik karyerası belədir, bəzən bir neçə ay işsiz qala bilirsən. Mənim üçün prioritet odur ki, qarşıdan A kateqoriyasının kursları gəlir, bunun üçün də məşqçi fəaliyyətimə davam etməliyəm.

– Azərbaycan Premyer Liqasında çempion dəyişdi. “Sabah”ın “Qarabağ”ın dominantlığına son verdiyi mövsümlə bağlı fikirləriniz nələrdir?
– Azərbaycan çempionatı çox maraqlı keçdi. Uzun illər idi ki, “Qarabağ” rahat şəkildə çempion olurdu və onu üstələyən tapılmırdı. İndi “Sabah” bu seriyanı pozdu. Növbəti mövsüm üçün “Neftçi”nin, “Turan Tovuz”un da iddialı olacağı gözlənilir. İnanıram ki, qarşıdakı ildə daha maraqlı mövsüm keçəcək.

Şahin Cəfərov

 

❌
❌