“Eyeball” platformasının tətbiqi davam edir
Futbolun inkişafı və müasir texnologiyaların tətbiqi istiqamətində AFFA tərəfindən həyata keçirilən layihələr çərçivəsində “Eyeball” analitik platforması üzrə işlər davam etdirilir.
Futbolpress.az xəbər verir ki, həm kişi, həm də qadın futbolunu əhatə edən sistemə artıq U-15, U-16, U-17, Gənclər və Əvəzedicilər liqası, eləcə də qadınlar arasında U-16 və Yüksək Liqa komandaları daxil edilib.
Əsas məqsəd Azərbaycan futbolunda analitik yanaşmanın inkişaf etdirilməsi, məşqçilər və klublar üçün daha geniş məlumat bazasının formalaşdırılması, həmçinin gənc futbolçuların inkişaf prosesinin daha yaxından izlənilməsidir.
Layihənin ikinci mərhələsi artıq uğurla başa çatdırılıb. İndiyə qədər 75-dən çox oyun “Eyeball” platformasında analiz olunub. İkinci mərhələ çərçivəsində region klubları olan “Şamaxı”, “Qəbələ”, “Turan Tovuz” və “Kəpəz” VEO kameraları və “Eyeball” platformasına giriş imkanları ilə təmin olunub. Klub nümayəndələri və məşqçi heyətləri ilə görüşlər keçirilərək platformanın istifadəsi, texniki imkanları və iş prinsipi ilə bağlı ətraflı məlumat verilib.
Layihə çərçivəsində bütün klublar üçün əlavə imkan da yaradılıb. Belə ki, klublar artıq yalnız oyunlarının deyil, həm də məşq proseslərinin VEO kameraları vasitəsilə video qeydiyyatını həyata keçirə biləcəklər. Bu imkan məşqçilərə məşq prosesini daha detallı izləməyə, taktiki hazırlıq üzərində işləməyə və futbolçuların inkişaf dinamikasını daha yaxından müşahidə etməyə şərait yaradacaq.
Növbəti mövsümdən etibarən aşağı yaş qruplarında çıxış edən bütün klubların oyunları tam şəkildə çəkilərək “Eyeball” platformasına yüklənəcək və analiz olunacaq. Bu addım ölkə futbolunda vahid video və analitik bazanın formalaşdırılması, həmçinin bütün klublar üçün daha geniş texnoloji imkanların yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.