Faydası olmayan etiraflar
Misli Premyer Liqası oyunlarında mübahisəli hakim qərarları davam etməkdədir. AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov son iki videoşərhində səhvləri etiraf etməkdədir.
Həsənov kubokda “Turan Tovuz” – “Zirə” oyununda FIFA referisi Əliyar Ağayevin iki səhvə yol verdiyini bildirmişdi. Funksioner bu dəfə isə Misli Premyer Liqasının XXVI turunda “Sumqayıt” – “Neftçi” matçında penalti təyin edən Kamal Umudlunun yanlışa yol verdiyini qeyd edib.
Həsənovun qərarını yanlış hesab etdiyi digər hakim isə Elçin Məsiyevdir. O, qeyd edib ki, “Zirə” – “Şamaxı” matçının ilk hissəsində referi meydan sahiblərinin oyunçusuna qayda pozuntusuna görə sarı vərəqə verməli idi. Lakin Məsiyev həmin epizodda rəsmi xəbərdarlıq etməyib.
Son turlarda yaşanan səhvlər və onların etirafı isə heç nəyi dəyişmir. Nəticə olduğu kimi qalır.
Maraqlıdır ki, səhvlər hazırda Azərbaycanın aparıcı referiləri tərəfindən edilir. Kubokda “Zirə” – “Turan Tovuz” oyununda (2:0) nəticəyə, bəlkə də, cütün taleyinə ciddi təsir göstərə biləcək iki kobud səhv edən Əliyar Ağayev hazırda ölkənin aparıcı referilərindən biridir. Çempionlar Liqası matçlarına da təyinat alan Ağayevin çempionatda “istirahət edəcəyi” gözlənilir. Hakimlər Komitəsinin onu cəzalandırdığı və qarşıdakı bir neçə turda təyinat verməyəcəyi ehtimal edilir.
Çempionatda son dövrədir. Çempionluq və avrokuboklara vəsiqə uğrunda mübarizədə gərginlik pik həddə çatıb. Referilər qarşıdakı oyunlarda maksimum diqqətli olmalıdırlar. Əks halda, növbəti kritik matçda baş verəcək hakim səhvi daha böyük səs-küyə səbəb ola bilər.
Şahin Cəfərov