Lepinitsa: “Çempionluqdan danışmaq hələ tezdir”
“Sabah” Premyer Liqada I turdan təxirə salınmış oyunda “Qarabağ”ı məğlub edib – 2:1.
“Bayquşlar”ın futbolçusu İvan Lepinitsa “Futbolpress.az“a açıqlamasında qələbəni şərh etdi:
“Bu mövsüm ilk oyunumuzdan etibarən böyük işlər görə biləcəyimizi bilirdik. Komanda daxilində yaxşı atmosfer var. “Qarabağ”la oyundan öncə də hamı bir-birinə inanırdı. Meydanda döyüşdük, əzmkarlıq göstərdik. 0:1 geri olanda da dönüş edə biləcəyimi anlayırdıq. İnandıq və bacardıq. İndi bu cür davam etməliyik”.
Yarımmüdafəçi çempionluq mübarizəsində olmalarına toxundu:
“Mövsüm uzundur, hələ yolun yarısını keçməmişik. Çempionluqdan danışmaq hələ tezdir. Ona görə üzərimizdə hansısa təzyiq yoxdur. Oyunumuza köklənəcəyik və işimizi görəcəyik. Sonda harda olduğumuza baxacağıq”.
Lepinitsa növbəti turun “Sumqayıt”la matçından gözləntilərini bölüşdü:
“Bu mövsüm hər oyun çətindir. “Sumqayıt” yaxşı komandadır və çoxlu qollar vurub. Oyunumuzu oynayıb, qələbə qazanmağa çalışacağıq”.
Şahin Cəfərov