Normal view

Today — 17 June 2026Main stream

Nail Kərimov: “Mümkün qədər çox oyunçu yetişdirmək vacibdir” (MÜSAHİBƏ)

17 June 2026 at 20:00

“Qarabağ” klubunun akademiyasının meneceri Nail Kərimovun “Futbolpress.az“a müsahibəsi:

– Akademiyada mövcud durumu şərh edərdiniz. Başa çatan mövsümdə komandalar hansı nəticələrlə yadda qaldı?
– U-19 komandamız ölkə çempionu oldu, U-13 və U-14 finalda penaltilərdə uduzdu, U-16 və U-17 “üçlük”də yer aldı. U-15 komandamız isə liqanı dördüncü bitirdi. Gərgin, çətin mövsüm keçdi. Maraqlı oyunlar oldu. Liqaların formatında dəyişiklik edilmişdi və rəqabətli matçların sayının artması bunun müsbət nəticələrini göstərdi. Rəqabət artdıqca inkişafın da yolu açılır.

– Akademiyanın əsas funksiyası oyunçu yetişdirməkdir. Bu məsələdə hansı irəliləyişə nail ola bilmisiniz?
– Nəticələri danışırıq, düzdür, amma mümkün qədər çox oyunçu yetişdirmək vacibdir. Bu, bizim üçün prioritetdir. Düşünürəm ki, yaxşı yol qət edirik. Ötən mövsümlə müqayisədə bu il xeyli futbolçuda inkişafı müşahidə etdik. U-17 komandamızın bəzi futbolçuları milli komandalara dəvət aldı, bəziləri isə yuxarı yaş qruplarına cəlb  olundu. U-17-dəki oyunçular əsas komandaya qoşulmasaydılar, böyük ehtimalla bu yaş qrupunda da çempion olardıq. Lakin bizim üçün əsas prioritet onların inkişafı, əsas komandaya uyğunlaşmasıdır.

– Ötən il akademiyaya afrikalı legionerlər cəlb olundu. Bu zərurət nədən yarandı?
– Bu mövsüm U-19 komandamızın heyətində bir neçə legioner çıxış etdi. İki futbolçu Nigeriyadan transfer olunmuşdu. Heyətdə Türkiyə vətəndaşı olan oyunçular da var idi. Bunun isə bir neçə səbəbi var.

Əvvəlcə, məqsəd rəqabəti artırmaqdır. Legionerlərin məşqlərə yanaşması, çalışqanlığı özünü müsbət tərəfdən göstərir. Yerli oyunçularımız da peşəkar olmaq üçün hansı çətinliklərdən keçməyin vacibliyini görürlər. İkincisi, bu futbolçular gələcəkdə əsas komandaya namizəd hesab oluna bilərlər. Yaxşı oyunçular gənc yaşlardan əsas komandaya cəlb olunur. Hazır futbolçunun transferi daha böyük maliyyə tələb edir, ama bu yolla daha aşağı büdcə ilə əsas komandaya oyunçu qazandırmaq mümkündür. Bu məqamları nəzərə alsaq, bu mövsüm legionerlərin cəlbinə üstünlük verdik və düşünürəm ki, bunun nəticəsi də müsbət oldu. Həmin oyunçular özlərini yaxşı tərəfdən göstərdilər. İndi Əvəzedicilər Liqasının reqlamentini gözləyirik. Əgər U-19-da çıxış edən legionerlər tələblərə uyğun gəlsələr, onlara burada da şans verməyi planlaşdırırıq.

– Akademiyada əsas problem mərkəzləşmənin olmamasıdır. Baza məsələsində hansı yenilik var?
– Əvəzedici komandamız Binədə, digərləri Sərhədçi İdman Kompleksində mərkəzləşib. Təmərküzləşmiş şəkildə fəaliyyət göstərməyimizin bir ili oldu və bunun faydalarını gördük. Hamı bir-birinin işindən məlumatlı oldu, komandalar arasında əlaqə yarandı, nəzarət mexanizmi gücləndi. Onu da qeyd edim ki, yeni akademiyanın hazırlanması istiqamətində rəhbərlik tərəfindən işlər aparılır. Hazırda bu barədə ətraflı nəsə demək mümkün deyil. Ümid edirik ki, tezliklə xoş xəbərlər olacaq.

– “Qarabağ” bu il beynəlxalq turnirlərə ən çox komanda göndərən klubdur. Turnirlərdən hansı faydaları götürürsünüz və gələcəkdə yenə bu addımlar atılacaq?
– U-13 komandamız hazırda Bolqarıstanda turnirdədir. Əsas məqsədimiz uşaqların daha çox rəqabətli oyun keçirməsidir. Həm zəif cəhətlərini üzə çıxarsınlar, həm də onların potensiallarını daha yaxından görək. Belə deyim, turnir seçəndə çalışırıq ki, daha keyfiyyətli komandalarla qarşılaşaq və maksimum fayda əldə edək. Buna görə də güclü klubların iştirak etdiyi turnirlərə üstünlük veririk. Komandalarımız bu il 10 beynəlxalq turnirdə çıxış edib. U-19 da Çempionlar Liqasında üç oyun keçirib. Bu, kifayət qədər yaxşı təcrübə qazandırıb.

Klub rəhbərliyi bu məsələdə daim yanımızdadır və lazım olan büdcəni ayırır. Seçdiyimiz istiqamətlər də yaxın və asan səfər edilən məkanlar deyil. Məsələn, U-17 Fransada, U-16 Niderlandda, U-15-lər Qazaxıstanda, U-13-lər hazırda Bolqarıstandadır, U-12 Qazaxıstan və Türkiyə, U-11 isə qarşıda Polşada təşkil olunacaq turnirə hazırlaşır. Bu yarışların bir çoxu şengen zonasına daxil olan ölkələrdə keçirilir ki, bu da kifayət qədər xərc tələb edir. Regionda fəaliyyət göstərən akademiyalar belə turnirlərə çox meyl etmir, amma klub rəhbərliyi məsələyə həssas yanaşır və biz də bunu yüksək qiymətləndiririk. Turnirlərdə iştirakımız növbəti mövsümlərdə də davam edəcək. Bu istiqamətdə danışıqlar aparılır. Məqsədimiz gənc futbolçularımızın zəngin beynəlxalq təcrübə qazanmasıdır.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

❌
❌