Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü “Volendam”ın bu gün keçirdiyi oyunda iştirak etməyib.
Arena.az xəbər verir ki, sözügedən komanda Niderland çempionatının (Erediviziya) 2025/2026-cı illər mövsümünün 29-cu turunda “Feyenord”la qarşılaşıb.
“Volendam” doğma meydanda baş tutmuş bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Ozan bu görüşün sonunadək ehtiyatda qalıb.
“Volendam” 29 turdan sonra 28 xalla 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb. Ozan bu oyunların 27-də iştirak edib, 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, Özan Can Kökçü 2025-ci ilin may ayında “Volendam”la 1+1 illik müqavilə imzalayıb. O, Niderland klubuna Finlandiya təmsilçisi HJK-dan azad agent kimi keçib. Millimizin üzvü Niderland klubunun heyətində bütövlükdə 30 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.
Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.