Qonsalo Ramos “Milan”a rekord məbləğə transfer olundu
Futbol üzrə Portuqaliya millisinin və Fransa çempionu PSJ-nin mərkəz hücumçusu Qonsalo Ramos bundan sonra “Milan”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.
Klubun rəsmi açıqlamasına əsasən, 25 yaşlı futbolçu 5 illik (2031-ci ilin 30 iyununadək) müqavilə imzalanıb.
“Milan” bu keçid üçün PSJ-yə 74 milyon avro ödəyib. Müqavilədə nəzərdə tutulan bonuslarla birlikdə transferin dəyəri daha da arta bilər. Bu, eyni zamanda “Milan” tarixinin ən bahalı transferi olub.
Bununla klubun əvvəlki transfer rekordu da yenilənib. İndiyədək ən yüksək məbləğə alınan futbolçu 2019-cu ildə Fransanın “Lill” klubundan 49,5 milyon avroya transfer edilən Rafael Leao idi.
Qonsalo Ramos son üç mövsümü PSJ-də keçirib. O, 2023-cü ilin yayında yetirməsi olduğu “Benfika”dan Paris klubuna transfer olunmuşdu.
Portuqaliyalı forvard PSJ-nin heyətində bütün turnirlərdə 131 oyuna çıxaraq 45 qol vurub və 10 məhsuldar ötürmə verib.
Ramos Paris təmsilçisi ilə üç dəfə Fransa çempionu və Fransa Super Kubokunun qalibi olub. O, həmçinin iki dəfə UEFA Çempionlar Liqasını və Fransa Kubokunu qazanıb, bir dəfə isə UEFA Super Kuboku və Klublararası Dünya Çempionatında zəfər sevinci yaşayıb. Hücumçu “Benfika”nın heyətində də Portuqaliya çempionu adını qazanıb.
