Normal view

Today — 29 April 2026Main stream

Elitaya vəsiqə uğrunda mübarizə aparırlar: “İtirilmiş heç nə yoxdur”

29 April 2026 at 14:28

Misli Premyer Liqasına namizədlərdən hesab edilən “Baku Sportinq” I Liqada 41 xalla dördüncü sıradadır və ikinci pillədəki “Səbail”dən 2 xal geri qalır. Çempionatda gümüş medalları qazanan komanda elitaya vəsiqə yolunda pley-off oynayacaq.

“Baku Sportinq”in baş məşqçisi Röyal Nəcəfov “Futbolpress.az“a açıqlamasında ikincilik şanslarını dəyərləndirdi:

“Ötən turda “Şimal”la matçda gözlənilməz məğlubiyyət aldıq. Hesabımızda olmayan nəticə idi. Oyuna yaxşı hazırlaşmışdıq. Bizim kimi onların da xallara ehtiyacı vardı. Çempionatın bitməsinə az qalıb və hər görüş xüsusi əhəmiyyət kəsb edir. “Şimal”a məğlub olmasaydıq, indi ikinci sırada idik.

İtirilmiş heç nə yoxdur. Qarşıda 4 final oyunu var. Rəqibin kimliyindən asılı olmayaraq, matçlar çətin keçəcək. Hər komanda digərindən xal ala bilər. Çalışacağıq ki, maksimum nəticə qazanaq və mövsümü ikinci sırada bitirək. Demək olar, hər həftə turnir cədvəlində vəziyyət dəyişir. Üç komanda arasında ciddi pley-off mübarizəsi gedir. Sona qədər mübarizə aparacağıq”.

I Liqada ikinci yeri tutan komanda Premyer Liqanı 11-ci bitirənlə bir matçdan ibarət pley-off oynayacaq. Nəcəfov elita yolundakı mümkün şanslarına toxundu:

“Pley-offda kimin olmasının fərqi yoxdur. Rəqib istənilən halda, elita klubudur. Favorit də Premyer Liqa təmsilçisi olacaq. Çünki səviyyə, keyfiyyət fərqi var. Bunlar pley-offda digər tərəfi favorit edir. Amma bir oyundan ibarət matçdır və hər şey mümkündür”.

Şahin Cəfərov

❌
❌