Normal view

Today — 11 February 2026Main stream

“Sabah”ın futbolçusu: “Həmin matçların asan keçdiyini görməmişəm” (MÜSAHİBƏ)

11 February 2026 at 15:33

“Sabah”ın futbolçusu Rəhman Daşdəmirovun “Futbolpress.az”a müsahibəsi:

– Uzun məğlubiyyətsizlik seriyası yaxalamısınız. Uğurunuzun sirri nədədir?
– Komanda olaraq hər oyuna çox ciddi yanaşırıq. Ən əsası da məşqçilərin tapşırıqlarını meydanda tam yerinə yetirməyə çalışırıq. Əlbəttə, nəticələr bizi sevindirməyə bilməz. Amma bununla kifayətlənməməliyik və daha da artırmalıyıq. Komanda olan hər kəs bunu yaxşı başa düşür.

– İkinci “Qarabağ”la xal fərqi 4-dür. Çempionluq şanslarınızı necə dəyərləndirirsiniz?
– Hazırda biz ancaq növbəti oyunumuza köklənmişik. Başqa məsələlər barədə düşünmürük. Bayaq uğurun sirri barədə sual verdiz. Məncə, uğurun sirri elə məhz budur. Diqqətimizi yalnız növbəti oyunumuza yönləndiririk. Bizim üçün hazırlıq prosesində ən vacib oyun da məhz növbəti oyun olur.

– “Qarabağ”la “Neftçi”nin oyununun təxirə salınması gündəmdədir. Bunu özünüzə qarşı haqsızlıq hesab etmirsiniz?
– Bu məsələlər barədə düşünmürəm. Mən futbolçuyam, mənim işim məşqlərdə özümü maksimum göstərmək və şans qazandıqda meydanda komandama maksimum xeyir verməkdir.

– “Qarabağ” “Nyukasl”la cavab oyunundan sonra sizinlə qarşılaşacaq. Bu, sizə hansısa üstünlük qazandırır?
– Düşünmürəm. “Qarabağ”ın əvvəllər də avrokubok oyunu ərəfəsində bizimlə oyunları olub. Həmin matçların asan keçdiyini görməmişəm. “Qarabağ”ın heyətində kifayət qədər yaxşı futbolçular var. Həmin oyunun bizə hər hansı üstünlük verəcəyini düşünmürəm.

– İlk dövrədə daha çox şans qazansanız da, son matçlarda ya ehtiyatda olursunuz, ya 15-20 dəqiqə oynayırsız. Rəqabətdə uduzursunuz, ya necə?
– Bizim çox geniş heyətimiz var. Komandanın hər bir üzvü öz mövqeyinin ən yaxşılarındandır. Ona görə, hər hansı oyunçunun müəyyən oyunlarda ehtiyatda qalması tam normaldır. Bizim üçün kimin oynamasından daha çox komandanın uğur qazanması vacibdir. Hər kəs oyun həftəsində məşqlərdə əlindən gələni edir. Yekun qərarı məşqçilər verir. Onların qərarına hörmətlə yanaşıram.

– Növbəti turda çətin “Qəbələ” səfəri var. Rəqib də yaxşı formadadır, kubokda da onlarla heç-heçə etmisiniz. Bu oyundan gözləntiləriniz nədir?
– Çətin matç olacaq. Sizin də qeyd etdiyiniz kimi bu komanda son kubok oyunumuz da çətin keçdi. İstənilən halda meydana qələbə üçün çıxacağıq. İnanıram ki, bu oyundan yaxşı nəticə ilə ayrılacağıq.

Şahin Cəfərov

❌
❌