Ruslan Abışov: “Kubokda da yaxşı nəticə qazanmaq istəyirik”
“Turan Tovuz”un məşqçisi Ruslan Abışov Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Kəpəz”ə qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşü Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.
Ruslan Abışov matçdan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:
“Dörd gün əvvəl “Qarabağ”a qarşı ağır oyun keçirmişdik. Heyətdə böyük rotasiya yox idi. Demək olar ki, meydana eyni heyətlə çıxmışdıq. Meydançanın vəziyyəti və hava şəraitinin də təsiri var idi. Əsas odur qələbə qazandıq. Bir aydan sonra cavab görüşü olacaq. Hələ qarşıda “Karvan”la oyun var. Bu matçı unudub həmin qarşılaşmaya hazırlaşacağıq.
Hər bir komanda istəyər ki, həm kubokda, həm də çempionatda iddialı olsun. Mövsümün sonunda ölkə kubokunda da yaxşı nəticə əldə etmək istəyirik”.