Fransa millisinin hücumçusu Kilian Mbappe dünya çempionatının qrup mərhələsinin ikinci turunda İraq yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, ulduz hücumçu bu oyunda vurduğu iki qolla mundiallar tarixinin ən məhsuldar futbolçuları siyahısında ikinci pilləyə yüksəlib.
27 yaşlı forvard bununla dünya çempionatlarındakı qollarının sayını 16-ya çatdırıb. Mbappe əvvəlcə braziliyalı əfsanə Ronaldo ilə eyni göstəriciyə (15 qol) sahib olmuş, daha sonra isə onu geridə qoyaraq Almaniya millisinin sabiq hücumçusu Miroslav Kloze ilə ikinci pilləni bölüşməyə başlayıb.
Hazırda mundiallar tarixinin bombardirlər siyahısına 18 qolla Argentina millisinin kapitanı Lionel Messi başçılıq edir.
İraqla qarşılaşma Mbappe üçün daha bir əlamətdar hadisə ilə yadda qalıb. Bu görüş Fransa millisinin heyətində onun 100-cü oyunu olub. Bununla da o, yığmanın heyətində 100 oyun həddinə çatmış 10-cu futbolçu kimi tarixə düşüb.
Mbappe oyundan sonra Messinin rekordlarını yaxalamaq barədə düşünmədiyini bildirib:
“Leo həmişə qol vurub. O, bunu həmişə edib və etməyə davam edəcək. Əgər diqqətimi Leonun nə etdiyinə yönəltsəm, daha da çox çalışmalı olacağam. Mən ümumiyyətlə onun nə etdiyinə fikir vermirəm. Mən yalnız komandama kömək etməyi düşünürəm”.
Qeyd edək ki, Kilian 2024-cü ildən Madrid “Real”ının formasını geyinir. O, Fransa millisinin tarixində 60 qolla ən məhsuldar futbolçu hesab olunur. Ulduz hücumçu 2018-ci ildə Fransa yığmasının heyətində dünya çempionu olub, 2022-ci il mundialında isə gümüş medal qazanıb.