“Cavab oyununda hər kəsə qalib gələcəyik” – kapitan
“Turan Tovuz” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Zirə”yə uduzub – 0:2.
Tovuz təmsilçisinin kapitanı Faiq Hacıyev “Futbolpress.az“a açıqlamasında məğlubiyyəti şərh etdi:
“Oyunun çətin keçəcəyini bilirdik. Yaxşı hazırlaşmışdıq. Bəzi məqamlarda istədiklərimizi edə bilmədik. Düzdür, hesab bizi qane etmir, ancaq bu, hələ son deyil”.
Cinah oyunçusu final şanslarının qaldığını əlavə etdi:
“Başa düşürük, hesab əleyhimizədir və geridönüş asan olmayacaq. Amma ikinci oyuna daha yaxşı hazırlaşacağıq. Nəticəni xeyrimizə dəyişə biləcək gücdəyik. Bizim üçün hələ heç nə bitməyib”.
Kapitan oyunun hakim idarəçiliyinə də toxundu:
“Hakimlər haqda danışmağı sevmirəm. Ona görə şərh verməyəcəyəm. İnşallah, cavab oyununda hər kəsə qalib gələcəyik”.
Komandalar arasında yarımfinalın cavab matçı aprelin 21-də, Zirə İdman Kompleksinin stadionunda olacaq.
Şahin Cəfərov