Kristiano Ronaldo – 6 müxtəlif DÇ-də qol vuran ilk futbolçu!
DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Özbəkistana qarşı keçirdikləri oyun Portuqaliya millisinin kapitanı Kristiano Ronaldo üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, o, futbol üzrə dünya çempionatları tarixində yeni rekordlara imza atıb.
Altı müxtəlif dünya çempionatında qol vuran ilk futbolçu
40 yaşlı hücumçu 5:0 hesablı qələbəyə sevindikləri bu oyunda dubla imza atıb. Ronaldo matçın 6-cı dəqiqəsində Joao Kanselonun ötürməsini dəqiq tamamlayaraq hesabı açıb. Bu qol sayəsində portuqaliyalı ulduz dünya çempionatları tarixində altı müxtəlif mundialda qol vurmuş ilk futbolçu olub.
Buna qədər Ronaldo bu rekordu Argentina millisinin kapitanı Lionel Messi ilə bölüşürdü. Hər iki futbolçu beş müxtəlif dünya çempionatında fərqlənməyi bacarmışdı.
Ronaldo mundiallarda ilk qolunu 2006-cı ildə Almaniyada keçirilmiş dünya çempionatında vurub. O, daha sonra 2010, 2014, 2018, 2022 və nəhayət 2026-cı il dünya çempionatlarında da rəqib qapılarına yol tapıb.
Dünya çempionatlarında ən çox oyun keçirən futbolçular arasında ilk üçlükdə
Özbəkistanla qarşılaşma Ronaldo üçün dünya çempionatlarındakı 24-cü oyun olub. Bununla da o, italiyalı əfsanə Paolo Maldinini geridə qoyub və almaniyalı Miroslav Kloze ilə birlikdə üçüncü pilləyə yüksəlib.
Hazırda mundial tarixində Ronaldodan daha çox oyun keçirən yalnız iki futbolçu var:
Lionel Messi – 28 oyun;
Lotar Matteus – 25 oyun.
Dünya çempionatında qol vuran ikinci ən yaşlı futbolçu
Ronaldo həmçinin dünya çempionatlarında 40 yaşdan yuxarı qol vuran ikinci futbolçu kimi tarixə düşüb.
41 yaşlı hücumçu bu göstəricidə yalnız Kamerun millisinin sabiq hücumçusu Rojer Milladan geri qalır. Milla 1994-cü il dünya çempionatında Rusiya millisinə qarşı oyunda 42 yaşında fərqlənmişdi.
Bundan əlavə, Ronaldo dünya çempionatları tarixində 40 yaşdan sonra dubla imza atan ilk futbolçu olub.
Portuqaliya millisinin mundiallar tarixində ən məhsuldar futbolçusu
Ronaldo matçın 39-cu dəqiqəsində Bruno Fernandesin ötürməsindən sonra ikinci qolunu vuraraq dünya çempionatlarında qollarının sayını 10-a çatdırıb.
Bununla da o, Portuqaliya millisinin əfsanəsi Eysebionu geridə qoyaraq ölkəsinin dünya çempionatları tarixində ən məhsuldar futbolçusu olub.
Ronaldo həmçinin mundial tarixində 10 qol həddinə çatmış 16-cı futbolçu kimi də tarixə düşüb. Hazırda dünya çempionatlarının bombardirləri siyahısına 18 qolla Lionel Messi başçılıq edir.
Kristiano Ronaldo Maradona və Neymarı geridə qoydu
Ronaldonun ilk qolu onun dünya çempionatlarındakı qol sayını 9-a çatdırmışdı. Bu göstərici ilə o, Argentina futbolunun əfsanəsi Dieqo Maradona və Braziliya millisinin ulduzu Neymar da daxil olmaqla yeddi futbolçunu geridə qoymuşdu. İkinci qoldan sonra isə Ronaldonun hesabında artıq 10 qol var.
Karyerasında 975-ci qol
Özbəkistanla matçda qeydə alınmış dubl sayəsində Ronaldo peşəkar karyerasındakı qollarının sayını 975-ə çatdırıb.
Bu qollardan:
145-i Portuqaliya millisinin heyətində;
830-u isə klub səviyyəsində vurulub.
Beləliklə, təcrübəli hücumçu karyerasında 1000 qol həddinə daha da yaxınlaşıb.
İlk oyundakı uğursuzluqdan sonra möhtəşəm dönüş
Portuqaliya millisi DÇ-2026-ya Konqo Demokratik Respublikası ilə 1:1 hesablı heç-heçə ilə başlamışdı. Həmin oyunda Ronaldo demək olar ki, görünməz olmuş və yığmanın heyətində böyük turnirlərdə ardıcıl 10 oyunda qol vurmamaqla şəxsi antirekordunu müəyyənləşdirmişdi.
Lakin Özbəkistanla görüşdə 41 yaşlı futbolçu yenidən özünü ən yüksək səviyyədə göstərərək tənqidlərə cavab verib.
Kristiano Ronaldo karyerası ərzində beş dəfə UEFA Çempionlar Liqasının, bir dəfə Avropa çempionatının və iki dəfə UEFA Millətlər Liqasının qalibi olub. O, həmçinin milli komandalar, Avropa çempionatları, UEFA Çempionlar Liqası və klublararası dünya çempionatları tarixinin ən məhsuldar futbolçusudur. Portuqaliyalı superulduz beş dəfə “Qızıl top” mükafatına layiq görülüb.
Qeyd edək ki, Portuqaliya millisi iki turdan sonra 4 xalla K qrupuna başçılıq edir. Qrupun son turunda portuqaliyalılar Kolumbiya ilə qarşılaşacaqlar.
ABŞ, Kanada və Meksikada keçirilən DÇ-2026 tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə təşkil olunur. Mundial iyulun 19-da başa çatacaq.
