Minifutbol millimiz Slovakiyada Avropa çempionu oldu!
Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyada təşkil edilmiş Avropa çempionatında bu gün final qarşılaşmasına çıxıb.
Arena.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv həlledici matçda Ukrayna yığması ilə üz-üzə gəlib.
“Tipos Arena”da baş tutmuş görüşün taleyini 2 qol həll edib. Mirmehdi Rzayevin 7-ci dəqiqədə, İsa Atayevin 50+5-ci dəqiqədə vurduğu qollar komandamıza çempionluğu gətirib. Bununla da Azərbaycan millisi Avropa çempionatının qızıl medallarına layiq görülüb!
Xatırladaq ki, Azərbaycan millisi ötən gün əsas vaxtı 1:1 hesabı ilə bitmiş yarımfinal görüşünün penaltilər seriyasında Serbiya seçməsini üstələmiş (3:1) və finala yüksəlmişdi. F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub etmiş komandamız 1/8 finalda Qazaxıstan yığmasından (3:2), 1/4 finalda isə Çexiya yığmasından (5:2) üstün olmuşdu.
Bununla da Azərbaycan millisi ikiqat Avropa çempionu olub. Komandamız daha əvvəl 2022-ci ildə bu titula sahib çıxmışdı. Minifutbol yığmamız həm də sonuncu dünya çempionatının qalibidir.
Azərbaycan millisi Slovakiyadakı Avropa çempionatında bu heyətlə mübarizə aparırdı:
- Ağaseyid Qasımov
- Vəli Qafarov
- Rəvan Kərimov
- Taleh Babayev
- Xətai Bağırov
- Kənan Mirzəliyev
- Samir Həmzəyev
- İsa Atayev
- Elvin Əlizadə
- Ruslan Ağalarov
- Təmkin Xəlilzadə
- Məhəmməd Xəlilov
- Cəfər Cəfərov
- Vüsal İsayev
- Ruzigar İbrahimzadə
- Mirmehdi Rzayev
- Ramiz Çovdarov
- Eşqin Tağıyev.