Reading view

Valdas bəy, nə olub?

“Sabah” – “Araz-Naxçıvan” (4:1) oyunundan sonra keçirilən mətbuat konfransında Valdas Dambrauskas “Neftçi” – “Qarabağ” matçının təxirə salınması ehtimalı ilə bağlı suala belə cavab verib:

“Sabah”ın oyununa gəlmisiz və “Qarabağ”la bağlı sual verirsiz. Hörmətsizlikdir. Bu ölkə təkcə “Qarabağ”dan ibarət deyil. Mən onlara böyük hörmət edirəm. Təqvimi mən hazırlamıram. Nəyə görə məndən soruşursuz? Üzr istəyirəm, bu, düzgün deyil. “Sabah”ın oyununa gəlmisiz, “Qarabağ”la “Neftçi” barədə soruşursunuz. Bu, tamamilə yanlışdır və hörmətsizlikdir”.

Bilmirəm, bəlkə əvvəlki oyunlarda da “Qarabağ” haqda suallar olub, amma istənilən halda Valdas bəyin emosional, mədəni-aqressiv reaksiyası anlaşılmaz oldu.

Əvvəla, təxirəsalma mövzusu haqda sualın ona kim veribsə, məntiqdən kənara çıxmayıb, hörmətsizlik isə heç etməyib. Məsələ mövzuya aiddir.

Bu, “Sabah”a da təsir edəcək işdir. Jurnalist güman ki, bu aspektdə verib sualı. Nə var ki burda əsəbləşəcək?

O başqa məsələ ki, təxirəsalma ilə bağlı nə AFFA, nə PFL-dən münasibət var. Sanki bu proses tərəfləri bə medianı düşündürür, vəssalam.

“Sabah” çempionluq yolunu daha da hamarlatdı. Güman ki, “Qarabağ”a əsas rəqib kimi hörmət edilməkdən çox artıq rəqabət aurasına keçid edirlər…

Bu, maraqlı faktordu. Görək…

Kamil Əhməd

Seriya davam edir – “Sabah”dan “ildırımsürətli zərbə”

“Sabah” Premyer Liqada növbəti qələbəsini qazanıb. “Bayquşlar” azarkeşləri önündə “Araz-Naxçıvan”ı 4:1 hesabıyla məğlub edib.

Ötən tur Zirədə, bu dəfə isə Masazırda erkən qolla rəqibin müqavimətini qırmağı bacaran “Sabah” çempionluq yolunda inamla irəliləməkdədir. Baş məşqçi Valdas Dambrauskasın “ildırımsürətli zərbə” planı işə yaramaqdadır. “Araz-Naxçıvan”la oyunda 16 dəqiqəyə 3 qol vuran və oyunun taleyini həll edən “Sabah” “Zirə” ilə matçda da 27 dəqiqəyə bunu bacarmışdı.

Dambrauskasın drujinası qələbə seriyası yaxalayıb. İkinci pillədəki “Qarabağ”ı bir oyun daha çox keçirməklə 7 xal üstələyən “futuristlər” rəqibin diqqətinin Çempionlar Liqasında olmasından maksimum yararlanmaq niyyətindədir.

Hücumçu Pavol Şafranko, Coy-Lens Mikels kimi qol duyumları yüksək futbolçuların heyətdə olmamasına baxmayaraq, “Sabah” son 3 oyunda 11 qol vurub və 2-ni buraxıb. Dambrauskasın yetirmələri ümumilikdə çempionatda ardıcıl 8 oyundur, qələbə qazanır.

Premyer Liqada iki tur sonra “Qarabağ”la mövsümün vacib oyunu var. “Atlılar” bu matçdan bir neçə gün öncə Çempionlar Liqasında “Nyukasl”la cavab görüşünə çıxacaq. “Bayquşlar” rəqibin uzun səfərdən yorğun gəlməsini lehinə çevirməyə çalışacaq. “Qarabağ”la səfər görüşündə qazanılacaq qələbə “Sabah” üçün çempionluğun taleyini demək olar, həll edəcək.

Şahin Cəfərov

Dambrauskas: “Araz”a daha çox qol vura bilərdik”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 19-cu turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş görüşü meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Qələbə münasibətilə futbolçularımı təbrik edirəm. Möhtəşəm qalibiyyət idi. Futbolçularım necə istəkli, necə ac olduqlarını bu gün göstərdilər. Məğlub etdiyimiz “Zirə” və “Araz-Naxçıvan” top komandalardır. Heyətində çox təcrübəli oyunçular var. Azarkeşlərimizi qələbə münasibəti ilə təbrik edirəm. Matçlarımıza daha çox azarkeşlərin gəlməsini istəyərdim. Sayları bu gün az idi. Qollar vurulanda bunun canlı şahidi olmalarını istəyərdim. Artıq 1-ci hissənin 16-cı dəqiqəsinə qədər 3 qol vurmuşduq. Daha çox qol vura bilərdik. İkinci hissəni yaxşı səviyyədə keçirdik. Dördüncü qolumuz möhtəşəm idi. Düzdür, istəyərdik ki, qapımızı da toxunulmaz saxlayaq. Artıq biz bu oyunu unudub, öz işimizə qayıdırıq. Qarşıdakı matç bizim üçün ən önəmlisidir.

Komandamın 10 qol vurmasını istəyərdim. Amma bu qədər qol vurmaq mümkün deyil. Hər halda, 4:1 qalib gəldik, bu da yaxşıdır. Artıq futbolda 2-3 qol vurmaq yaxşı nəticədir. Çünki rəqiblər də 10 qol buraxdıqdan sonra sənin qarşını almağa çalışırlar. Birinci hissədə necə təzyiq edirdik, nələr edirdik… Hər oyunda 4 qol vurmaq da mümkün deyil. Əvvəllər oyunları 0:0, 1:1 edəndə sual verirdiz ki, niyə məhsuldar deyil?”

“Qarabağ”a, gördükləri işə böyük hörmətlə yanaşıram, amma…”

Dambrauskas “Qarabağ”ın “Neftçi” ilə qarşılaşmasının mümkün təxirə salınması qərarına dair danışmaqdan imtina edib:

“Mən istəməzdim ki, bu suala cavab verim. Çünki mən “Qarabağ”ın baş məşqçisi deyiləm, orada işləmirəm. “Sabah”ın baş məşqçisiyəm. Mən bura gəlmişəm ki, “Sabah” haqda suallara cavab verim. Nəyə görə daim “Qarabağ” haqda suallar verirsiniz? Bu məsələyə münasibət bildirmək istəmirəm. “Qarabağ” haqda soruşmaq istəyirsinizsə, onların oyuna gedib, baş məşqçisinə sual verə bilərsiniz. “Sabah”ın oyununa gəlirsiniz və mənə “Qarabağ” haqda sual verirsiniz. Bu, hardasa hörmətsizlikdir. Siz bizə də hörmətlə yanaşın, bu ölkədə təkcə “Qarabağ” mövcud deyil, başqa komandalar da var. Mən “Qarabağ”a, gördükləri işə böyük hörmətlə yanaşıram. Amma təqvimi hazırlayan mən deyiləm. Bunu məndən yox, federasiyadan, liqanın təşkilatçılarından soruşun. Biz oyun oynayırıq, siz isə “Qarabağ” və “Neftçi” haqda suallar verirsiniz”.

“Nə üçün “Qarabağ” haqda danışım?” – Dambrauskas

Azərbaycan Premyer Liqasının XIX turunun “Sabah” – “Araz-Naxçıvan” oyunundan (4:1) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Oyunçularımı təbrik edirəm. Həqiqətən, çox möhtəşəm qələbə idi. Futbolçuların bu gün necə arzulu, istəkli olduğunu gördüm. Məğlub etdiyimiz komandalar – “Zirə”, “Araz-Naxçıvan” top kollektivlərdir, yaxşı heyətləri var. İstərdim ki, azarkeşlərimizi də təbrik edim. Amma daha çox fanatın olmasını istərdim. İlk hissənin 16-cı dəqiqəsinə qədər üç gözəl qol vurduq. İlk hissənin bəzi anlarında təşəbbüsü itirsək də, sonra balans yaratdıq. Fasiləyə qədər daha bir neçə qol vura bilərdik. İkinci hissəni də yaxşı keçirdik. Dördüncü qolumuz həqiqətən, çox möhtəşəm idi. Bir az məyusuq, çünki qol buraxmaq istəmirdik. Yenə də 4:1 bizim üçün yaxşı nəticədir. İndi bu matçı unudub, qarşıdakı oyuna köklənməliyik.

– “Sabah”ın çempionluq yolundakı əsas rəqibi “Qarabağ”ın liqadakı oyunu təxirə salına bilər. Bununla bağlı fikirləriniz nədir?
– Mənim komandam “Araz-Naxçıvan”la oynayıb. Nə üçün “Qarabağ” haqda danışım? Mən “Sabah”ın baş məşqçisiyəm, “Qarabağ”ın yox. Demək olar, hər konfransda “Qarabağ”la suallar verilir. Bu tip suallara cavab vermək istəmirəm. Bunu dediyim üçün üzr istəyirəm, amma “Qarabağ” haqda suallar mənə, bizə bir az hörmətsizlikdir. Onlara böyük hörmətim var. Sadəcə mən ancaq komandam haqda danışmaq istəyirəm.

– Sualın verilməsinin səbəbi odur ki, “Qarabağ”ın oyununun ləğv edilməsi sizə haqsızlıq deyil?
– Təqvimi hazırlayan mən deyiləm. Bunu məndən yox, federasiyadan, liqanın təşkilatçılarından soruşun.

– Ardıcıl üç oyundur ki, ilk hissənin əvvəlində üç qol vurursunuz, amma sonra məhsuldarlıq aşağı düşür. Siz tapşırırsınız ki, çox güc sərf etməsinlər?
– Təbii ki, yox. Komandamın 10 qol vurmasını istərəm. Heç bir liqada bu, mümkün deyil. 5 qol vurulubsa, az deyil. Futbolda ortalama 2-3 qol yaxşı hesab edilir. Çünki rəqiblər də 2-3 qol buraxdıqdan sonra rəqiblər də bunların qarşısını almağa çalışır. İkinci hissədə pressinq edirdik və görürük ki, daha çox qol vurmağa çalışmışıq. Əvvəl 0:0, 1:0 olanda deyirdiniz ki, niyə məhsuldar deyilsiniz. İndi 4 qol vururuq, niyə daha çoxunu vurmadığımızı deyirsiniz…

Şahin Cəfərov

Dambrauskas: “Komandam səviyyəsindən aşağı çıxış etdi”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Qəbələ”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş ilk oyunu qolsuz bitib – 0:0.

Valdas Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox çətin bir oyun oldu. Rəqibi təbrik etmək istəyirəm. Çox gözəl oyun planları var idi. Biz bu gün ortalamadan aşağı çıxış etdik. Sadəcə bir şansımız oldu, ondan da istifadə edə bilmədik. Ancaq cavab matçı var. Həmin oyunda istədiyimiz nəticəni əldə etmək üçün əlimizdən gələni edəcəyik.

Biz hər oyunda qalib gəlmək istəyirik. Bu matçda komanda öz səvviyəsindən çox aşağı çıxış etdi. İstədiyimiz pressinq, hücum planları yox idi. Onu da nəzərə almaq lazımdır ki, hər oyunda qalib gəlmək asan deyil. “Qəbələ” bizi çox yaxşı təhlil etmişdi. Biz sabahdan etibarən səhvlərimiz üzərində çalışıb daha yaxşı nəticə üçün əlimizdən gələni etməliyik.

Bu gün meydana çıxmış start heyətimizi zəif adlandıra bilmərik. Stefen Ende ilk matçına çıxırdı. Ondan başqa bütün futbolçular daha öncə start heyətində yer alan oyunçular idi. Mənim bu komandada hər bir futbolçuya ehtiyacım var. Hər futbolçudan yararlanmaq istəyirəm. Bu gün bütün futbolçularım döyüşdülər.

Bizim üçün gələcəkdə nələr baş verəcək, bunu bilmirik. Mənim üçün növbəti matç prioritetdir. Biz heç nəyi fəda etmək niyyətində deyilik. Hər bir qarşılaşmaya qələbə üçün çıxıb əlimizdən gələni edəcəyik. Bunun üçün də lazımi heyətin olduğunu düşünürəm”.

Dambrauskas: “Matçın taleyi ilk hissədə həll olunmuşdu”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, paytaxt təmsilçilərinin bu gün Zirədə baş tutmuş görüşü “Sabah”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Onların oyuna yanaşması, davranışları möhtəşəm idi. Nə planlaşdırmışdıqsa, hamısını meydanda icra edə bildik. Çox gözəl performans sərgilədik. Oyunun taleyi artıq birinci hissədə həll olunmuşdu. İlk yarıda daha çox qol vura bilərdik. Onu da qeyd edim ki, “Zirə” həqiqətən də möhtəşəm komandadır. Biz hesabda 2:0 öndə olan zaman rəqibin yaxşı qol fürsətləri oldu. İkinci hissədə balanslaşdırılmış oyun oldu. Rəqib üzərimizə gəlməyə başladı. Son ötürmələrimizdə çatışmazlıqlar var idi. Artıq bütün bunları unuduruq. Çünki qarşıdan çox çətin həftə gəlir. Üç çətin oyunumuz var. Onlara hazırlaşmalıyıq.

“Qarabağ”ın Avropadakı performansı çox yaxşıdır. Onları təbrik edirəm, uğurlar arzulayıram. Avropada Azərbaycan adı çəkiləndə ilk növbədə “Qarabağ” yada düşür. Onlar Azərbaycanı çox yaxşı təmsil edirlər”.

❌